BURADA REKLAMINIZ OLA
BİLƏR

“Elmi şuralara belə dəvət olunmuruq, istiqamətlər barədə fikrimiz soruşulmur” - Akademik Adil Qəribovla MÜSAHİBƏ

Akademik Adil Qəribov  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı həyata keçirilən islahatlar, ölkədə elmin və alimlərin hazırkı vəziyyətini doğuran səbəblərlə bağlı  Pravda.az-a müsahibə verib.

 

Dosye:

 

Adil Abdulxalıq oğlu Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, radiasiya kimyası sahəsində görkəmli mütəxəssis olmaqla, kimya elmləri doktoru və professor elmi adlarına sahibdir.

 

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü (akademik) seçilib.

 

Alim 2002–2014-cü illərdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri kimi fəaliyyət göstərib. Əsas elmi fəaliyyəti radiasiya kimyası, nanomaterialların radiasiya mühitində tədqiqi və hidrogen energetikası sahələrini əhatə edir. Çernobıl qəzasından sonra nüvə reaktorlarının təhlükəsizliyi üzrə mühüm tədqiqatlar aparıb və effektiv enerji çevrilmə proseslərinin nəzəri modelini verib. Akademik 400-dən çox elmi əsərin, çoxsaylı patentlərin və 30-dan artıq müəlliflik şəhadətnaməsinin müəllifidir. Elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına və "Şöhrət" ordeninə layiq görülüb.

 

Hazırda AMEA Rəyasət Heyətində müşavir vəzifəsində elmi-təşkilati fəaliyyətini davam etdirir.

 

- Adil müəllim, AMEA-nın ləğvi və ya funksional olaraq dəyişdirilməsi məsələsi gündəmə gətirilir. Bu məsələlərlə bağlı sizin yanaşmanız necədir?

 

- Məlumdur ki, AMEA sovetlər birliyi dönəmində formalaşıb və sovetlər birliyinin elmi-texniki proqramlarının strukturlarına uyğun olaraq həmin şəraitə müvafiq bir struktur formalaşdırılmışdı. Bütün institutların elmi istiqamətləri SSRİ-nin elmi-texniki proqramları çərçivəsində müəyyən olunmuş istiqamətlərə yönəlmişdi. O zamankı nəsil çalışmışdı ki, institutların strukturları SSRİ-nin müvafiq qurumlarının strukturlarına bənzər şəkildə formalaşdırılsın. Bu gün Azərbaycan müstəqil dövlətdir və öz iqtisadi, texnoloji və strateji maraqları, tələbləri var. Ona görə də elmin strukturu buna uyğun yenilənməlidir. Amma bu, “ləğv et” yanaşması ilə yox, düşünülmüş transformasiya ilə olmalıdır. Azərbaycanın bu gün özünün müvafiq maddi imkanları var. Bundan daha yuxarı nə isə etmək mümkün deyil. Həmin maddi imkanlar çərçivəsində elmi-tədqiqatlar aparılmalıdır.

 

- İstərdim ki, söhbətin əvvəlində  sovet dövründə Azərbaycanda elmin inkişaf səviyyəsi ilə bağlı bir az məlumat verəsiniz.

 

- O dövrdə “elm xatirinə” hansısa istiqamətdə tədqiqat aparmaq mümkün deyildi. Azərbaycanda çox qabaqcıl neft-kimya elmi vardı. Hətta bu istiqamət müəyyən mənada bəzi ölkələrdə elmi istiqamətlərin formalaşmasına böyük təsir göstərirdi. SSRİ-də mövcud olan, 1954-cü ildən başlayan “dinc atom proqramı”nın demək olar ki, ən mühüm şaxələrindən biri Azərbaycana gətirilmişdi. O zaman AEA-da Radiasiya Tədqiqatları sektoru yaradıldı və onun tərkibində SSRİ-nin ən qabaqcıl şüa mənbələri gətirildi. Əsas istiqamət ilk növbədə enerji tutumlu neft-kimya proseslərində tətbiq idi. Dünyada energetik böhranla əlaqədar olaraq atom-hidrogen energetikası, Çernobıl qəzasından sonra isə həm atom-hidrogen energetikası, həm də nüvə stansiyalarında istifadə olunan nüvə reaktorlarının fizikası və onun təhlükəsizliyi istiqamətində tədqiqatlar aparmışıq. Yəni bütün istiqamətlərimiz o dövrün tələblərinə cavab verirdi.

 

- Sonradan problemlərin yaranmasına hansı amillər təsir etdi?

 

- SSRİ dağıldıqdan sonra Azərbaycanın imkanı yox idi ki, bu istiqamətlərin hamısını eyni səviyyədə icra etsin. Bütün ölkələrdə, o cümlədən elmi-texniki cəhətdən inkişaf etmiş ən qabaqcıl ölkələrdə belə köklü elmi tədqiqatları aparmaq dəstək tələb edir. Rusiya Elmlər Akademiyasının rəhbəri vaxtilə demişdi ki, Rusiya kimi bir ölkə belə böyük fundamental elmi tədqiqatları təkbaşına aparmaq imkanına malik deyil. 1990-cı illərdə kimə desəydin ki, “sənin elmi tədqiqatlarının birbaşa gəliri yoxdur”, cavab verəcəkdi ki, “mən fundamental elmi tədqiqat aparıram”. Amma harada, kimlə aparır — bu suallara heç kim cavab vermirdi. O dövrdə ölkənin o qədər problemləri var idi ki, AMEA-nın elmi istiqaməti ilə dərindən məşğul olunmurdu. Buna baxmayaraq, ulu öndər Heydər Əliyev ilk növbədə akademikləri topladı, onların fikrini soruşdu və uyğun istiqamətlərdə iş aparmağı tövsiyə etdi.

 

 “Akademikləri ümumiləşdirib tənqid etmək keçmişi və gələcəyi gözdən salmaqdır”...

 

- Son zamanlar cəmiyyətdə alimləri boş, işsiz insanlar kimi göstərməyə cəhd edənlər olur. Bununla bağlı nə deyə bilərsiniz? 

 

 - Bəzi insanlar mövcud tənqidlərin hədəfini akademiklərə yönəldir. Akademiya boş yerə heç vaxt yaranmır. Yüz illiklərlə tarixi olan akademiyalara baxsaq, görərik ki, onlar hansısa istiqamət üzrə böyük alimlərin hədəfləri üzərində formalaşıb. Bəli, əsas hərəkətverici qüvvə akademiklər və alimlərdir. Onların tədqiqatlarının da sahibi olmalıdır. Dövlət xüsusi sifariş verməlidir. Müasir dövrdə bütün ölkələrdə elmi müəssisələr elə qurulub ki, ilk növbədə ölkənin iqtisadi və hərbi potensialına təsir göstərsin, yardım etsin. Təəssüf ki, 1990-cı illərdə AMEA-da bu imkanlar demək olar ki, dağıdılmışdı. Amma bu, heç kimə əsas vermir ki, akademikləri və alimləri “işsiz, boş insanlar” adlandırsın. Bu, doğru deyil. Bugünkü akademiklərin hamısı sovet dövrünün və Heydər Əliyev dövrünün kadrlarıdır. İlham Əliyev dövründə də onlar elmin ağsaqqalları və elmi istiqaməti daşıyan əsas qüvvədir. Bu alimlərin çoxunun böyük elmi məktəbi var. Bunu danmaq olmaz.

 

“İndekslər və məqalə sayı iqtisadiyyata xidmət etmir”

 

- Alimlərin tətbiq olunacaq işlərinin olmaması da əsas fikirlərdən biri kimi önə çəkilir...

 

 - Bu gün elmi məktəb deyəndə bəziləri yalnız indeksləri, məqalə sayını önə çıxarır. Amma bu indekslərin heç biri birbaşa dövlət iqtisadiyyatına xidmət etmir, sadəcə, imic göstəricisidir. Gəlin baxaq: Azərbaycanda hansı elmi tədqiqat nəticəsi tətbiq olunub? Hansı real gəlir gətirib? Uzun illərdir akademikəm və Rəyasət Heyətinin iclaslarında iştirak etmişəm. Bir müddət rəhbərlikdə də təmsil olunmuşam. AMEA prezidentinin müşaviri kimi də fəaliyyət göstərmişəm. Hesabatlarda əsasən yalnız məqalələrin sayı qeyd olunur. Sovet dövründə Neft-Kimya Prosesləri İnstitutunun illik gəliri dövlət ayırdığı büdcədən dəfələrlə çox olurdu. 2002-ci ildən Radiasiya Problemləri İnstitutunun direktoru olmuşam, 2008–2009-cu illərdə məsələ qaldırmışdım ki, institut təsərrüfat hesabına keçsin. Biz büdcədən asılı deyildik, elmi-tətbiqi işlərdən gəlir əldə olunurdu. Amma indi institutların hesabatına baxıram: ən yaxşı halda 50–60 min, 100 min manatlıq təsərrüfat gəliri göstərilir. Onların da çoxu qeyri-elmi fəaliyyətlərdən əldə olunur. Deməli, bu vəziyyətdə akademiya əvvəlki kimi qala bilməzdi. Bunun iki səbəbi var: həm alimlərin özündə dövlətçilik məsuliyyətinin zəifləməsi, həm də yuxarıdan sifarişlərin olmaması. Məsələn, Radiasiya Problemləri İnstitutu həm radiasiya təhlükəsizliyi, həm də atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlət sifarişləri ilə işləyirdi. Amma bu gün  sifariş yoxdursa, AMEA-da hazır məhsul yoxdursa, problem ikitərəflidir. Ölkə başçısı hər zaman elmin inkişafına diqqət yetirib, AMEA-ya da qayğı göstərib. Amma hər səbrin bir sonu var. Prezident çıxışlarında da qeyd edib ki, vəziyyət bu cür davam edə bilməz. AMEA Azərbaycanın iqtisadi, hərbi və digər tələblərinə cavab verən işlər görməlidir. Mən bir neçə dəfə iclaslarda demişəm ki, bir-birimizi tərifləməkdən əl çəkməliyik, faktiki işi qiymətləndirməliyik.  Təəssüf ki, “bizi bağlayarlar” qorxusu ilə tənqidlər açıq deyilmirdi. Amma bütün akademiya eyni deyil. Böyük elmi məktəbi olan, dünya miqyasında tanınan alimlərimiz var və indi də fəaliyyət göstərirlər.

 

“İslahatlar lazım idi, amma bu cür aparılmamalı idi”

 

- Səsləndirdiyiniz problemlərin aradan qaldırılması üçün islahatların hansı formada aparılmasının zəruriliyi haqqında daha geniş məlumat verərdiniz...

 

- İslahatlar gedir, amma sağlamlaşdırıcı olmalıdır. Sağlam insanı xəstəxanada xəstələrin yanına qoysan, o da xəstələnə bilər. Ona görə balanslı yanaşma vacibdir. Birinci növbədə elmi istiqamətlər seçilməlidir. Dövlət tanınmış alimlərdən ibarət, həm yaşlı, həm gənc tərkibli şura yaratmalı idi. Şuranın başında dövlət başçısı olmalı, müvafiq nazirliklər də orada iştirak etməli idi. Ümumi istiqamətlər müəyyən edilməli idi. Sonra həmin istiqamətlərə uyğun elmi-tədqiqat qurumlarının strukturları formalaşdırılmalı idi. AMEA-nı dağıtmaq yox, sistemli şəkildə yenidən təşkil etmək lazım idi. Əgər AMEA ictimai qurum kimi qalmalı deyildisə, onu Elm və Təhsil Nazirliyinə vermək olardı. Nazir müavini səviyyəsində təmsilçilik də mümkün idi. Yaxud Elm və Texnika üzrə Dövlət Komitəsi kimi struktur yaratmaq olardı. İnstitutların birləşdirilməsi zamanı da səhvlər olub. Məsələn, Aşqarlar İnstitutu Neft-Kimya Prosesləri İnstitutundan ayrılıb, sonra Qeyri-üzvi Kataliz İnstitutu ilə birləşdirilib. Halbuki bunları vahid kimya institutu kimi saxlamaq daha doğru olardı. Mən inanmıram ki, bu qərarları verənlər elmin aparıcı alimləri ilə məsləhətləşiblər. Bəzi hallarda tanışlıq və inzibati yanaşma üstün olub. Akademiklərin təxminən 70–80 faizi həqiqi elmi məktəbi olan insanlardır. Onları tənqid edib gülüş hədəfinə çevirmək keçmişi və gələcəyi gülüş obyektinə çevirmək deməkdir. Elmimizə atılan hər daş əslində gələcəyimizə atılan daşdır.

 

- Yeri gəlmişkən, hazırda elmi məktəb anlayışı sanki çox da əhəmiyyət daşımır...

 

- Bir misal çəkim: ata xəstələnir, oğlu onu dağa aparıb atmaq istəyir. Ata gülür. Oğul səbəbini soruşur. Ata deyir: “Mən də öz atamı buradan atmışdım.” Bunu eşidən oğul fikrindən daşınır. Yəni nəsillər arasında hörmət vacibdir. Gənc nəsil önə çəkilməlidir, amma yaşlı nəsil də tam kənara atılmamalıdır. Hər bir akademikin öz elmi məktəbi var. Biz həmin məktəbləri yaratmışıq və yetişdirmişik. İndi isə bəzən elmi şuralara belə dəvət olunmuruq, istiqamətlər barədə fikrimiz soruşulmur. Halbuki institutların elmi istiqamətləri belə müəyyən olunur. Bəzən məqalə sayı ilə “elm ölçülür”, amma bu, düzgün yanaşma deyil. Bəzi məqalələr süni şəkildə hazırlanır, təkrar olunur, hətta plagiat xarakter daşıyır. Bu isə sadəcə statistikadır.

 

Əsas sual budur: hansı alimin tətbiqi nəticəsi var? Hansının patenti var? Hansı beynəlxalq səviyyədə qəbul olunub?

 

Yenə də vurğulayıram. İslahatlar lazım idi, amma düzgün aparılmalı idi. Elmlə məşğul olan insanların fikri də nəzərə alınmalı idi. Mən 2001-ci ildə dövlətin qayğısı ilə Radiasiya Problemləri İnstitutunu, daha sonra Milli Nüvə Tədqiqatları Mərkəzini yaratmışam, gəncləri xaricdə oxumaq üçün şərait yaratmışıq. Həmişə onlara demişəm ki, əgər mənim yerimdə olmaq üçün çalışmırsınızsa, bu, doğru deyil. Sevindirici haldır ki, yetişdirdiyimiz tələbələr bu gün müxtəlif institutlara rəhbərlik edirlər.

 

- Müsahibədə elmin inkişafını və real həyatımızda iştirakını təmin etmək üçün vacib hədəflərdən danışdınız. Əlavəniz varmı?

 

- Hazırda ölkəmizdə böyük tikinti-quraşdırma işləri aparılır. Bu prosesdə elm və texnikanın nailiyyətlərinin də nəzərə alınması, inkişaf edən və etməkdə olan ölkələrin təcrübələrindən istifadə etməklə iqtisadiyyatın yenidən qurulması vacibdir. Bu istiqamətdə aparılan işlərin uğurlu nəticələrini biz qonşu ölkələrdən İran, Türkiyə, eləcə də digər dünya ölkələrinin timsalında görürük. İstənilən sahədə  aparılan işlərin uğurla həyata keçirilməsi üçün bilik, elmi təcrübə və bu istiqamətə qayğıya böyük tələb var. Elm dövlətin gələcəyidir. Bu sahəyə zərbə vurmaq gələcəyə zərbə vurmaq deməkdir. Təəssüf ki, bəzi islahatlar ağrılı oldu. Proses həm gənclərin enerjisi, həm də yaşlı nəslin təcrübəsi ilə birlikdə, yəni təkbaşına yox, qarşılıqlı şəkildə aparılmalıdır. Elə olmalıdır ki, həm gənc, həm yaşlı nəsil bundan faydalana bilsin və elm inkişaf etsin. Yalnız bu halda real və dayanıqlı nəticə əldə etmək mümkündür.

 

Aygün İbrahimli

Fotoları təqdim edirik
Tarix: 8 May 2026, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin