BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şin anbarının fəaliyyəti dayandırıldı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən avtomobil şinlərinin satış anbarının fəaliyyəti dayandırılıb.

 

FHN-dən verilən məlumata görə, anbarda  keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

 

Məlum olub ki, obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt odsöndürən balonlar ilə tam təmin edilməyib. Bundan başqa, təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

 

Həmçinin obyektin fəaliyyətinin yaşayış binalarının layihələndirmə normalarının yanğın əleyhinə tələblərinə zidd olaraq binanın birinci mərtəbəsində təşkil edildiyi üzə çıxıb. Eyni zamanda, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortalanması barədə sənədlər təqdim olunmayıb.

 

Beləliklə, mövcud vəziyyət onu göstərib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

 

Qeyd olunanları nəzərə alınaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş avtomobil şinlərinin satışı anbarının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Fotoları təqdim edirik
Tarix: 29 May 2026, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin