BURADA REKLAMINIZ OLA
BİLƏR

“Uşaqlar üçün idman, yaradıcılıq mərkəzləri ya pulsuz, ya da çox cüzi ödənişlə olsun” - AÇIQLAMA

“Təəssüf ki, son dövrlər uşaqlarla bağlı çox ciddi problemlər var. Qruplaşdırsaq, iki istiqamətdə problem olduğunu görərik. Birincisi, uşaqların mənəvi-psixoloji vəziyyəti. Son dövrlər uşaqlara tərbiyə verməyi tamam kənara atmışıq. Sərbəst, müasir, azad böyüsünlər deyə tamamilə tərbiyədənkənar bir formaya keçmişik. Bu isə uşaqların milli-mənəvi dəyərlər əsasında yox, yad dəyərlər, yad psixologiya əsasında televiziyadan, internetdən, kompüter oyunlarından təsirlənərək zərərli psixoloji vərdişlərə yiyələnmələrinə, eyni zamanda  virtual dünyada neqativ təsirlərə düşmələrinə səbəb olur.  Bu, çox ciddi problemdir. Valideynlər bununla bağlı diqqətli olmalıdırlar. Təəssüf ki, heç bir nəzarət etmirlər. Uşaq hansı filmlərə baxır, hansı kompüter oyunları oynayır, sosial şəbəkələrdə nə işlə məşğuldur? Beləliklə, açıq şəkildə psixotrom terrora məruz qalırlar. Bu da özünü uşaqların psixologiyasının pozulmasına, aqressivliyinə, hətta cinayət törətmələrinə gətirib çıxarır. Min illərdir, Azərbaycan xalqı olaraq uşaqları öz dəyərlərimiz əsasında tərbiyə etmişik, amma son on illiklərdə artıq tərbiyə mənfi istiqamətdə gedir”.

 

Bu sözləri Pravda.az-a sosioloq Elçin Bayramlı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü barədə danışarkən deyib.

 

E.Bayramlı bildirib ki, ikinci problem uşaqların fiziki-bioloji sağlamlıqlarının təmin edilməsidir: “Bu istiqamətdə də çox ciddi problemlər var. Artıq valideynlər uşaqlarını təbii qidalarla yox, süni, marketlərdən alınan kimyəvi şirniyyatlarla, "fast food" qidalarla böyüdürlər. Sağlamlıqlarına zərər verən hər şey etmələrinə göz yumurlar. Ən əsası isə, özləri bunu təşkil edirlər. Məsələn, uşaqları məktəbə göndərirlər, yüz nəfərdən doxsanı çantasında mağazadan alınmış kimyəvi tərkibli qida aparır. Bu da ciddi problemdir. Uşaqların sağlamlığı tamamilə məhv olub gedir. Uşaq xəstəlikləri gəncləşir, uşaqlarda çox ağır xəstəliklərə rast gəlinir. İndiki uşaqların immuniteti çox zəifdir”.

 

Sosioloq deyib ki, uşaqların asudə vaxtlarının düzgün təşkilində də ciddi problemlər mövcuddur: “Əvvəllər uşaqlar daha çox yaradıcılıq, idman mərkəzlərinə, müxtəlif dərnəklərə gedir, özlərini inkişaf etdirir, müxtəlif vərdişlərə yiyələnirdilər. İndi isə uşaqlar daha çox küçələrə, həyətlərə, internetin caynağına buraxılıblar. Azyaşlıların uşaqların hərəsinin əlinə iri smartfon alıb veriblər. Uşaq ancaq virtual dünyada yaşayır. Beləliklə, uşaqların sağlam böyüdülmələri, valideynlərin vəzifə və məsuliyyətlərini yerinə yetirmələri üçün proqram qəbul edilməlidir. Bu istiqamətdə dövlət tərəfindən müəyyən dəstək verilməlidir. Yaxşı olar ki, ölkədə uşaqların cəlb olunduqları idman, yaradıcılıq mərkəzləri ya pulsuz, ya da çox cüzi ödənişlə olsun, bütün aztəminatlı ailələr uşaqlarını bura yönəldə bilsinlər, öz istedadlarına, qabiliyyətlərinə uyğun inkişaf etsinlər. Beləliklə, zərərli meyillərə də məruz qalmayacaqlar. Uşaqların vaxtını faydalı işlərə düzgün yönəltmək lazımdır”.

 

Aytəkin Qardaşova

Tarix: 1 İyun 2026, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin