BURADA REKLAMINIZ OLA
BİLƏR

Qayınatasını xüsusi amansızlıqla öldürmək istəyən şəxsin işi: “O, ailəsini görmək məqsədilə hadisə yerinə getmişdi – TƏFƏRRÜAT

Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əvəz Babayevin barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkumun müdafiəçisi kassasiya şikayətində bildirib ki, aşağı instansiya məhkəmələrinin hökm və qərarından narazıdırlar.

 

Müdafiə tərəfinin mövqeyinə görə, hadisə zərərçəkmiş Fərhad Yusibovun qanunsuz davranışları nəticəsində baş verib. Şikayətdə qeyd olunub ki, Əvəz ailəsini görmək məqsədilə hadisə yerinə gedib və bu zaman zərərçəkmiş şəxs ona hücum edərək mübahisəni başlayıb. Müdafiəçi hesab edir ki, iş materiallarında, eləcə də şahid ifadələrində bu halı təsdiqləyən kifayət qədər sübutlar mövcuddur.

 

Kassasiya şikayətində vurğulanıb ki, baş vermiş hadisə özünü müdafiə zamanı törədilib və ən yaxşı halda zəruri müdafiə həddinin aşılması kimi qiymətləndirilməlidir. Müdafiə tərəfi bu səbəbdən məhkumun əməlinin qəsdən adam öldürməyə cəhd deyil, sağlamlığa ağır zərər vurma kimi tövsif edilməli olduğunu bildirib.

 

Bundan əlavə, müdafiəçi məhkəmələrin hadisədən sonrakı davranışları təqsirləndirilən şəxsin öldürmək niyyətinin göstəricisi kimi qiymətləndirməsinə də etiraz edib. Onun sözlərinə görə, Əvəz hadisə yerini tərk etməklə zərərçəkmişi köməksiz vəziyyətdə qoymayıb. Müdafiəçi vurğulayıb ki, hadisə baş verən zaman ərazidə kifayət qədər insan olub və Fərhad Yusibova yardım göstərilməsi üçün real imkanlar mövcud olub.

 

Kassasiya şikayətində göstərilənlər nəzərə alınaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının ləğv edilməsi, məhkumun əməlinin Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsindən 126.1-ci maddəyə tövsif olunması və onun barəsində şərti məhkumetməni nəzərdə tutan Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi xahiş olunub.

 

Ali Məhkəmədə keçirilən iclas zamanı məhkumun müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini istəyib. Dövlət ittihamçısı isə çıxışında kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edib.

 

Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyərək kassasiya şikayətinin dəlillərini müzakirə edib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 22 dekabr 2023-cü ildə, saat 18 radələrində Tovuz rayonun Əbulbəyli kəndində baş verib.

 

Belə ki, Tovuz rayon sakini, 1999-cu il təvəllüdlü Əvəz Babayev qayınatası, 1981-ci il təvəllüdlü Fərhad Yusibovu mübahisə etdiyi zaman bıçaqlayıb. Zərərçəkmiş ağır halda Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olun. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə zərərçəkənin kürəkəni Əvəz Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İttihama görə, hadisədən əvvəl Əvəz Babayev evdə sosial şəbəkədə tanış olduğu qızla videogörüntülü danışarkən arvadı otağa daxil olub. Sonra həyat yoldaşı uşaqlarını da götürərək atası evinə yollanıb. Sərxoş vəziyyətdə olan Əvəz qayınatasının evinə gedərək onları geri qaytarmağa çalışıb. Bu zaman onunla qayınatası Fərhad Yusibov arasına mübahisə yaranıb. Nəticədə Əvəz ona 8 bıçaq zərbəsi yetirib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsində qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və onun cəzasının həddi azaldılaraq 11 il 3 ay müddətə endirilib.

 

Kamal Məmmədov

Tarix: 3 İyun 2026, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin