BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi sevgilisini ondan irəlidə piyada getdiyinə görə döydü – MƏHKƏMƏ

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cabir Cəbrayılovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.
 

İttihama görə, hadisə 2026-cı ilin yanvar ayında gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində baş verib.


Belə ki, Cabir Cəbrayılov qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Vəsilə Məmmədova (adı, soyadı şərtidir) ilə birlikdə yaşayış məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən tərəflər arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qadının irəlidə getməsi və bununla bağlı təqsirləndirilən şəxsin ona irad bildirməsi olub. Sözlü mübahisə zamanı tərəflər arasında gərginlik artıb və qarşılıqlı narazılıq yaranıb.


Bu zaman Vəsilə Məmmədova Cabir Cəbrayılovun ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən təqsirləndirilən şəxs qadına qarşı fiziki zor tətbiq edib və onun sifət nahiyəsinə əli ilə şillə vurub.


Hadisə nəticəsində zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onda sol almacıq nahiyəsinin hematoması ilə müşayiət olunan xəsarət müəyyən edilib. Həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.


Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti kimi tövsif olunub.


Məhkəmə hazırlıq iclasında Cabir Cəbrayılov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı onu vurduğunu etiraf edib.


Təqsirləndirilən şəxs həmçinin deyib ki, hadisədən sonra tərəflər arasında barışıq əldə olunub. Onun sözlərinə görə, Vəsiləyə dəymiş ziyan tam şəkildə ödənilib və o, törətdiyi əməldən peşmandır. Bu səbəbdən məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edib.


Məhkəmənin hazırlıq iclasında ifadə verən Vəsilə Məmmədova da təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. Qadın bildirib ki, ona vurulmuş zərər tam ödənilib, Cabirə qarşı heç bir şikayəti, tələbi və ya iddiası yoxdur.


Zərərçəkmiş şəxs də məhkəmədən tərəflər arasında barışıq əldə olunmasını nəzərə alaraq sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edib.

Kamal Məmmədov 

Tarix: 10 İyun 2026, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin