BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Müasir təhsilin əsas vəzifəsi süni intellektə “doğru sual vermək” mədəniyyətini aşılamaq olmalıdır”

“Əvvəllər şagird bir sualın cavabını tapmaq üçün kitabxanaya gedir, ensiklopediyaları vərəqləyir, fərqli mənbələri müqayisə edirdi. Bu proses zamanı uşaq fərqinə varmadan axtarış mədəniyyətini öyrənir, oxuduğu digər materiallardan əlavə məlumatlar mənimsəyir və ən əsası – beyin analiz etmək üçün əziyyət çəkirdi. İndi isə süni intellekt uşağa tam hazır, çeynənilmiş və sistemləşdirilmiş bir cavab təqdim edir. Şagird heç bir intellektual zəhmət çəkmədən nəticəni əldə edəndə, beyində tənqidi təfəkkür, səbəb-nəticə əlaqələrini qurma qabiliyyəti və problem həll etmə bacarığı zəifləyir. Bu mənada, bəli, prosesi hazır köçürmə vərdişinə çevirən uşaq üçün bu, intellektual geriləmədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qocayev süni intellektin müasir təhsilə təsiri barədə danışarkən deyib.

 

O deyib ki, süni intellekt təkcə hazır cavab verən bir “şparqalka” deyil, həm də fərdi repetitordur: “Digər tərəfdən, texnologiya insana inanılmaz bir zaman qənaəti və resurs bolluğu bəxş edir. Əgər şagird ondan düzgün istifadə etməyi bacarırsa, yəni cavabı sadəcə köçürmür, əksinə, “Bu düsturun mahiyyətini mənə daha sadə, 10 yaşlı uşağın anlayacağı dildə izah et” və ya “Mən bu tarixi hadisənin səbəbini başa düşmədim, mənə fərqli nümunələrlə göstər” deyə soruşursa, bu, böyük bir inkişafdır. Belə olan halda uşaq məlumatı daha dərindən və daha sürətlə qavrayır. Nəticə etibarilə, problem texnologiyanın özündə deyil, uşaqların (və onlara istiqamət verən böyüklərin) ona yanaşma tərzindədir. Süni intellekt təfəkkürü əvəz edən bir vasitəyə çevriləndə geriləmə, təfəkkürü itiləyən və axtarışı sürətləndirən bir köməkçi kimi istifadə olunduqda isə inkişafdır. Müasir təhsilin əsas vəzifəsi də uşaqlara hazır cavab tapmağı deyil, süni intellektə “doğru sual vermək” mədəniyyətini aşılamaq olmalıdır”.

 

Şəhanə Qədirli

Tarix: 11 İyun 2026, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin