BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadçıdan Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı çağırış - Naxçıvan üzərindən keçidə icazə verin

“Yay tətili başlayır. Türkiyə artıq ucuz ölkə deyil, yaşayış xərcləri kifayət qədər bahadır. Tələbələrin iki aylıq tətil müddətində Türkiyədə qalmaları əlavə xərc yaradır. Yay tətilində iş tapa bilməyənlər vətənə qayıtmaq, ailələrini görmək, heç olmasa, iki ay ərzində xərclərini azaltmaq istəyirlər”.

 

Parvda.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

 

O bildirib ki, son altı ildə bu problem dəfələrlə gündəmə gətirilib: “Məsələ yenidən aktuallaşıb. Quru sərhədlərin bağlı qalması tələbələr üçün əlavə yük yaradır. Təyyarə biletləri bahadır, yay mövsümündə tələbat artdığından qiymətlər də yüksəlir.

 

Naxçıvanda qeydiyyatda olanlar üçün Türkiyə ilə quru sərhədlər açıqdır və bu, naxçıvanlılar üçün vacib hesab olunur. Lakin bu amil vətəndaşlar arasında müəyyən qeyri-bərabərlik yaradır.

 

Bu məsələdə heç olmasa tələbələr üçün şərait yaradılmalıdır. Təsəvvür edin ki, eyni universitetdə iki azərbaycanlı oxuyur. Onlardan biri, məsələn, Şəkidə, digəri isə Naxçıvanda qeydiyyatdadır. Naxçıvan qeydiyyatı olan tələbə cəmi 50-60 manat xərc çəkərək Türkiyənin müxtəlif şəhərlərindən evinə gələ bilir. Amma şəkili, gəncəli, qubalı və ya bakılı tələbə bundan yararlana bilmir. Bu, ədalətli deyil”.

 

İqtisadçı bildirib ki, quru sərhədlər tam açılmalıdır: “Ən azı, Türkiyədə təhsil alan tələbələr üçün Naxçıvan üzərindən ölkəyə girişə icazə verilməlidir. Naxçıvandan İran ərazisindən keçməklə Bakıya avtobus marşrutu da mövcuddur və tələbələr bu yolla təxminən 100-120 manata paytaxta çata bilərlər.

Bəli, yol uzun və yorucudur. Amma tələbələr gəncdirlər və onlar üçün vəsaitə qənaət etmək daha vacibdir”.

İqtisadçı Nazirlər Kabinetinə çağırış da edib: “Xahiş edirəm ki, bu məsələyə baxılsın. Bir qərarla on minlərlə insanın problemini həll etmək mümkündür”.

 

Qeyd edək ki, Natiq Cəfərli hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayının 45 minə yaxın olduğunu deyib: “Bu rəqəm həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyələrində təhsil alan tələbələri əhatə edir.

Ümumilikdə, Türkiyə Statistika Qurumunun (TÜİK) rəsmi məlumatlarına əsasən, Türkiyədə rəsmi yaşayış icazəsi (ikamet izni) ilə yaşayan Azərbaycan vətəndaşlarının sayı 71 min nəfərə yaxındır”.

Tarix: 12 İyun 2026, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin