BURADA REKLAMINIZ OLA
BİLƏR

15 İyun – Dövlətçilik tarixində xilas, dirçəliş və böyük gələcəyə aparan yolun başlanğıcı - RƏY

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi, Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyinin qorunub möhkəmləndirilməsini əbədiləşdirən mühüm tarixdir. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, idarəolunmaz vəziyyət, iqtisadi tənəzzül, separatizm meylləri və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanı dövlət müstəqilliyini itirmək həddinə çatdırmışdı. Xüsusilə AXC-Müsavat hakimiyyəti dövründə yol verilən ciddi siyasi səhvlər, səriştəsiz idarəçilik, daxili çəkişmələr və təxribat xarakterli addımlar ölkədə vəziyyəti daha da ağırlaşdırmış, dövlətçiliyin əsaslarını sarsıtmışdı. Belə bir mürəkkəb və təhlükəli şəraitdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər ictimai-siyasi sabitliyi təmin etdi, dövlət quruculuğunun möhkəm təməllərini formalaşdırdı və ölkəmizi davamlı inkişaf yoluna çıxardı. Məhz dahi liderin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, güclü dövlətçilik ənənələri yaradıldı. Beləliklə, Azərbaycanın gələcək uğurlarının əsası qoyuldu. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlər, xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Azərbaycan xalqı əsrlər boyu həsrətində olduğu Zəfərə nail oldu, ölkəmiz regionun ən güclü dövlətlərindən birinə çevrildi. Müasir, müstəqil, suveren və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsi, onun dövlətçilik ideyalarının parlaq zəfəridir. Milli Qurtuluş Günü xalqımızın dövlətçilik tarixində xilas, dirçəliş və böyük gələcəyə aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir və bu tarix xalqımızın dövlətçiliyinin qorunması, ölkədə sabitliyin bərpa olunması ilə bağlıdır.

Aydın Hüseynov: “Ramiz Mehdiyev layiqli cəzasını alacaq” Pravda.az

A.Hüseynov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısında xidmətləri çox böyükdür: “O, 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra ölkəmizin inkişafı üçün mühüm addımlar atdı. 1970–1980-ci illərdə Azərbaycanda sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük nailiyyətlər əldə edildi. Yeni zavod və fabriklər tikildi, minlərlə gəncin ali məktəblərdə təhsil alması üçün imkanlar yaradıldı. Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialı formalaşdırıldı.1990-cı illərin əvvəllərində isə ölkəmiz çox ağır vəziyyətlə üzləşmişdi. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkədə siyasi böhran və xaos hökm sürürdü. Hakimiyyət uğrunda mübarizə dövlətin zəifləməsinə səbəb olmuşdu. AXC-Müsavat hakimiyyəti dövründə idarəetmədə ciddi problemlər yarandı, daxili çəkişmələr və səriştəsiz qərarlar ölkəni daha da ağır vəziyyətə salmışdı. Silahlı qrupların fəaliyyəti, iqtisadi tənəzzül və siyasi qarşıdurmalar dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuşdu. 1993-cü ilin iyun hadisələri zamanı Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır məqamda xalqın tələbi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərpa edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və dövlət institutları gücləndirildi. Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan inkişaf yoluna çıxdı. Xarici siyasətdə ölkəmizin mövqeyi möhkəmləndi, iqtisadi islahatlar aparıldı, xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradıldı. Xüsusilə, “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsasını qoyan mühüm addımlardan biri oldu. Bu gün Azərbaycanın müstəqil, güclü və sabit dövlət kimi inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi yer tutur. Milli Qurtuluş Günü də məhz dövlətçiliyimizin qorunmasının, xalqın birliyinin və ölkənin gələcək inkişafının təməlini qoyan tarixi gün kimi qeyd olunur”.

 

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə deyib ki, Milli Qurtuluş Günü və azərbaycançılıq ideyası mövzusu Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutur:

Müşfiq Cəfərov: “Azərbaycan uzun illərdir, FETÖ-çülərlə mübarizə aparır”  Pravda.az

“15 İyun – Milli Qurtuluş Günü sadəcə təqvimdə qeyd olunan bayram deyil, xalqımızın taleyində dönüş yaratmış, müstəqil dövlətçiliyimizin qorunması üçün yeni mərhələ açmış tarixi hadisədir. 15 İyun Azərbaycanın dövlətçilik tarixində müstəqilliyin qorunub saxlanması ilə nəticələnən əsaslı dönüş nöqtəsidir. Bu mühüm tarixdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, siyasi-iqtisadi böhranın qarşısı alındı və müstəqil dövlət quruculuğu prosesinə başlanıldı. 1991-1993-cü illərin çətinlikləri göstərdi ki, müstəqilliyi elan etmək kifayət deyil, onu qorumaq, möhkəmləndirmək və xalqın rifahına xidmət edən real dövlət mexanizminə çevirmək daha böyük siyasi iradə tələb edir. O illərdə idarəçilikdə zəiflik, siyasi pərakəndəlik, sosial gərginlik və hərbi-siyasi böhran ölkənin gələcəyini sual altına almışdı. Cəmiyyətin ziyalı  təbəqələri anlayırdı ki, Azərbaycanı bu vəziyyətdən yalnız böyük dövlətçilik təcrübəsinə, xalq arasında yüksək nüfuza və uzaqgörən siyasi düşüncəyə malik lider çıxara bilər. Heydər Əliyevin Bakıya qayıdışı məhz bu tarixi zərurətin nəticəsi idi. 15 İyun həm də sübut edir ki, xalqın taleyüklü anlarında düzgün seçim etməsi gələcək nəsillərin təhlükəsiz və firavan yaşaması üçün həlledici rol oynayır. Heydər Əliyevin qayıdışı yalnız siyasi böhranın aradan qaldırılması deyil, həm də milli ruhun dirçəldilməsi idi. Xalq öz dövlətinə inamını yenidən bərpa etdi, ölkədə qanunçuluğun, idarəçilik məsuliyyətinin və milli maraqlara əsaslanan siyasətin vacibliyi daha aydın göründü”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycançılıq ideyasının təbliği" mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 13 İyun 2026, 13:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin