BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanış və qohumlarına qarşı dələduzluq edən şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Rahil Əmrahovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı Rahil Əmrahova aid hissədə dəyişdirilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından və bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən məhkumun cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinin cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar xaric edilib. Rahil Əmrahovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 7 ildən 6 il 6 aya endirilib.

 

Qeyd: Məhkəmə araşdırmaları zamanı məlum olub ki, təqsirləndirilən şəxs müxtəlif şəxsləri avtomobil alqı-satqısı biznesinə sərmayə yatırmağa inandıraraq onlardan külli miqdarda pul vəsaitləri alıb, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

 

İttihama görə, Rahil Əmrahov avtomobillərin Azərbaycanda və xarici ölkələrdə alqı-satqısı ilə məşğul olduğunu bildirərək müxtəlif şəxslərə yüksək gəlir vəd edib. O, sərmayə qoyulacağı təqdirdə əldə ediləcək mənfəətdən pay veriləcəyini desə də, əvvəldən götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmayıb.

 

Cinayət işi materiallarında göstərilir ki, ilk epizod üzrə təqsirləndirilən şəxs 2017-ci ilin avqust ayında Bakı şəhərinin Sabunçu rayonu, Albalı qəsəbəsində yerləşən fərdi yaşayış evində zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə görüşüb. Görüş zamanı avtomobil ticarətinə investisiya yatırılması müqabilində yüksək qazanc əldə ediləcəyini bildirib. Zərərçəkmiş şəxs bu vədlərə inanaraq ona 55 000 ABŞ dolları məbləğində pul verib. Həmin dövrün məzənnəsi ilə bu məbləğ 93 500 manat təşkil edib. İstintaqın qənaətinə görə, Rahil Əmrahov pulu aldıqdan sonra vəd etdiyi fəaliyyəti həyata keçirməyib və pul vəsaitini mənimsəyib.

 

Bundan başqa, istintaq materiallarına əsasən, təqsirləndirilən şəxs həmin dövrdə həyat yoldaşı olmuş digər təqsirləndirilən şəxslə birlikdə qohumunu da eyni üsulla aldadıb. Onlar avtomobil biznesinə investisiya qoyulacağı və əldə ediləcək gəlirdən pay veriləcəyi barədə yalan vədlər verərək zərərçəkmiş şəxsdən pul almağa nail olublar.

 

Cinayətkar niyyəti gizlətmək məqsədilə zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) müxtəlif sənədlər təqdim edilib. Həmin sənədlər arasında “Range Rover” markalı avtomobillə bağlı etibarnamə də olub. Təqsirləndirilən şəxslər pul qaytarılmadığı halda həmin avtomobilin satılaraq vəsaitin geri ödənilə biləcəyini bildiriblər.

 

Lakin araşdırmalar zamanı müəyyən olunub ki, zərərçəkmiş şəxsə nə avtomobil, nə də onun üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunub.

 

İş materiallarına görə, 2017-ci ilin dekabr ayında digər təqsirləndirilən şəxs vasitəsilə zərərçəkmiş şəxsdən 45 000 ABŞ dolları məbləğində pul alınıb. Həmin vəsait dövrün məzənnəsi ilə 76 500 manat təşkil edib.

 

İstintaqın müəyyən etdiyi hallara görə, əldə edilən pul sonradan təqsirləndirilən şəxslər arasında bölüşdürülüb. Daha sonra isə təminat kimi göstərilən “Range Rover” markalı avtomobil başqa şəxsə satılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, növbəti epizod üzrə təqsirləndirilən şəxslər digər qohumlarını da analoji üsulla aldadıblar. Onlar avtomobil biznesinə investisiya qoyulacağı barədə vədlər verərək zərərçəkmiş şəxsdən ümumilikdə 40 000 ABŞ dolları məbləğində pul alıblar. Bunun 30 000 ABŞ dolları bank vasitəsilə, 10 000 ABŞ dolları isə sonradan nağd şəkildə təqdim olunub.

 

Həmin dövrün məzənnəsi ilə vəsaitin ümumi məbləği 68 000 manat təşkil edib.

 

İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxslər bu vəsaiti də əvvəlcədən razılaşdırılmış şəkildə bölüşdürərək mənimsəyiblər və zərərçəkmiş şəxsə vəd etdikləri öhdəlikləri yerinə yetirməyiblər.

 

Bundan başqa, Rahil Əmrahov digər bir zərərçəkmiş şəxsdən də pul almaqda ittiham olunub.

 

İttihama əsasən, o, xarici ölkələrdən gətirilmiş avtomobillərin gömrük rəsmiləşdirilməsi və satışının təşkili üçün vəsaitə ehtiyac olduğunu bildirib. Pulun qısa müddətdə qaytarılacağı barədə vəd verərək zərərçəkmiş şəxsdən əvvəlcə 3 000 ABŞ dolları, daha sonra isə 2 000 ABŞ dolları alıb.

 

Beləliklə, həmin epizod üzrə zərərçəkmiş şəxsə ümumilikdə 8 500 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən ittiham epizodlarından biri üzrə fərqli nəticəyə gəlinib. Məhkəmə müəyyən edib ki, Rahil Əmrahovun zərərçəkmiş şəxslərdən birindən 35 000 ABŞ dolları alaraq dələduzluq etməsi ilə bağlı epizod üzrə cinayət tərkibi sübuta yetirilməyib. Bu səbəbdən həmin hissədə ona bəraət verilib.

 

Lakin ittihamın digər epizodları üzrə məhkəmə təqsirləndirilən şəxsin günahını sübuta yetirilmiş hesab edib.

 

Hökmə əsasən, Rahil Əmrahov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

 

Məhkəmə digər təqsirləndirilən şəxsi də eyni maddə ilə təqsirli bilərək ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

 

Eyni zamanda, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, onun azyaşlı övladının yaşı nəzərə alınaraq təyin edilmiş cəzanın icrası övladı 14 yaşına çatana qədər təxirə salınıb.

 

Hökmlə zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialara da baxılıb. Məhkəmə bir sıra iddiaları təmin edərək təqsirləndirilən şəxslərdən zərərçəkmişlərin xeyrinə ABŞ dolları ilə müəyyən edilmiş məbləğlərin tutulmasına qərar verib.

 

Birinci instansiya məhkəməsinin hökmündən məhkumlar, onların müdafiəçiləri, zərərçəkmiş şəxslər və dövlət ittihamçısı tərəfindən apellyasiya şikayətləri və protest verilib.

 

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası işə baxaraq verilmiş apellyasiya şikayətləri və protesti təmin etməyib. Kollegiya hökmü əsasən qüvvədə saxlayıb.

 

Bununla belə, apellyasiya instansiyası mülki iddiaların təmin olunması hissəsində dəyişiklik edib. Məhkəmə zərərçəkmiş şəxslərdən birinin mülki iddiasını qismən təmin edərək vəsaitin təqsirləndirilən şəxslər arasında fərqli qaydada bölüşdürülməklə tutulmasına qərar verib.

 

Qərara əsasən, mülki cavabdehlərdən biri 20 000 ABŞ dolları, digəri isə 14 118 ABŞ dolları məbləğində vəsaiti hökmün icra olunduğu günün məzənnəsi ilə ödəməli olub.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra məhkum tərəfindən kassasiya şikayəti verilib.

 

Kamal Məmmədov

 

Tarix: 16 İyun 2026, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin