BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxsin cəzasını azaltdı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Fərəc Qəhrəmanovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı Fərəc Qəhrəmanova cəza təyin edilməsi hissəsində dəyişdirilib. Onun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 5 il 3 aya endirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkuma təyin edilmiş 5 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı qərarla ona təyin edilmiş 5 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılıb, Fərəc Qəhrəmanova qəti olaraq 5 il 6 ay cəza təyin olunub.

 

Qeyd: Məhkəmə araşdırmaları zamanı məlum olub ki, təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olaraq vətəndaşa torpaq sahələrinin sənədləşdirilməsi və çıxarışların alınması ilə bağlı yalan vədlər verərək ondan külli miqdarda pul alıb.

 

İttihama görə, Fərəc Qəhrəmanov tamah niyyəti ilə hərəkət edərək özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı ilə cinayət əlaqəsinə girib. Onlar əvvəlcədən öz aralarında rolları bölüşdürərək bir qrup şəxs halında fəaliyyət göstəriblər.

 

Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən şəxslərdən biri özünü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı, digəri isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu üzrə ərazi idarəsində çalışan mütəxəssis kimi təqdim edib.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar zərərçəkmiş şəxsi inandırmağa çalışıblar. Belə ki, guya Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı bağlar sahəsində yerləşən və onun faktiki istifadəsində olan torpaq sahələri üçün çıxarış ala bilərlər. Təqsirləndirilən şəxslər zərərçəkmişə ümumilikdə 0,60 hektar sahəni əhatə edən beş bağ sahəsinə, eləcə də həmin sahələrin qarşısında yerləşən 4,5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinə dair müvafiq sənədlərin və çıxarışların alınacağını bildiriblər.

 

Onlar bu işlərin görülməsi müqabilində ümumilikdə 450 000 manat tələb ediblər və sənədləşdirmə prosesinin guya onların vasitəsilə həyata keçiriləcəyinə dair yalan vədlər veriblər.

 

Cinayət işi materiallarında göstərilir ki, zərərçəkmiş şəxs onların dediklərinə inanaraq müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda təqsirləndirilən şəxslərə pul vəsaitləri təqdim edib.

 

Belə ki, 2021-ci ilin may ayının ortalarında Bakı şəhərində yerləşən ünvanların birində zərərçəkmiş şəxs tərəfindən 24 000 manat pul verilib. Bir neçə gün sonra Pirşağı qəsəbəsində daha 10 000 manat təqdim olunub.

 

İstintaqın müəyyən etdiyi hallara görə, həmin ayın sonlarında eyni ünvanda əlavə olaraq daha 10 000 manat alınıb.

 

Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ilin iyun ayının əvvəllərində vasitəçi şəxs vasitəsilə Yasamal rayonu ərazisində 3 000 manat, iyunun ortalarında isə Novxanı qəsəbəsində yerləşən restoranın yaxınlığında daha 10 000 manat pul təqdim edilib.

 

Bundan başqa, 2021-ci ilin iyun ayının sonlarında Binəqədi rayonu ərazisində zərərçəkmiş şəxs tərəfindən birbaşa olaraq 60 000 manat məbləğində pul verilib.

 

İş materiallarına əsasən, 2021-ci ilin iyul ayının əvvəllərində Novxanı qəsəbəsində yerləşən restoranın yaxınlığında yenidən bir neçə hissə ilə pul vəsaiti təqdim olunub. Həmin vaxt zərərçəkmiş şəxs əvvəlcə 15 000 manat, daha sonra 20 000 manat və əlavə olaraq 10 000 manat verib.

 

Beləliklə, təqsirləndirilən şəxslər tərəfindən müxtəlif vaxtlarda alınmış vəsaitlərin ümumi məbləğinin 162 000 manat təşkil etdiyi müəyyən edilib.

 

İttihama görə, həmin pul vəsaitləri alındıqdan sonra vəd edilən sənədləşdirmə işləri həyata keçirilməyib, torpaq sahələrinə dair çıxarışlar alınmayıb və zərərçəkmiş şəxsə verilmiş vədlər yerinə yetirilməyib.

 

İstintaq orqanı hesab edib ki, təqsirləndirilən şəxslər əvvəlcədən razılaşdırılmış plan əsasında hərəkət edərək zərərçəkmiş şəxsi aldatmaqla onun pul vəsaitlərini ələ keçiriblər.

 

Toplanmış sübutlar, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, maliyyə əməliyyatları və digər materiallar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq ittihamı irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi işə baxaraq Fərəc Qəhrəmanov elan olunmuş ittiham üzrə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

Hökmdə göstərilib ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində əvvəllər Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 5 illik azadlıqdan məhrumetmə cəzası yeni cəza ilə qismən toplanılıb. Nəticədə ona qəti olaraq 8 il cəza verilib.

 

Məhkəmə həmçinin əvvəlki hökmün müstəqil icra olunmasını, məhkumun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini və cəza müddətinin müəyyən tarixdən hesablanmasını qərara alıb.

 

Birinci instansiya məhkəməsinin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası işə baxaraq müdafiə tərəfinin irəli sürdüyü dəlilləri araşdırıb. Kollegiya məhkəmə araşdırmasının tam və hərtərəfli aparıldığı qənaətinə gələrək apellyasiya şikayətini təmin etməyib. Apellyasiya instansiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlayıb.

 

Daha sonra apellyasiya məhkəməsinin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilib. İş materiallarına əsasən, kassasiya instansiyasına təqdim olunmuş şikayət üzrə nə kassasiya protesti, nə də kassasiya şikayətinə qarşı etiraz daxil olub.

 

Kamal Məmmədov

Tarix: 16 İyun 2026, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin