BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Fransanın Məhəmməd Mirzəli ətrafında yaratdığı informasiya fırtınası Azərbaycanın imicinə qarşı həyata keçirilən təxribat kampaniyasıdır”

“Fransa mediasının Məhəmməd Mirzəli ətrafında yaratdığı informasiya fırtınası əslində Azərbaycana və onun imicinə qarşı həyata keçirilən təxribat kampaniyasıdır. Fransada yüzlərlə, minlərlə məişət xarakterli və ya xırda cinayət tərkibli hərəkətlər edilir, ancaq heç bir zaman Fransa mətbuatı bunu Fransanın informasiya gündəmini zəbt edən hadisəyə çevirmir. Heç bir halda hüquqi müstəvidə olan hadisə siyasiləşdirilib bir ölkəyə qarşı, yaxud kiminsə etnik mənsubiyyətini önə çəkilməklə ictimaiyyətə və ictimai rəyə bu cür təqdim olunmur. Bu qara piarın aparılmasının metodlarından bəlli olur ki, Fransa mediası xüsusi dirijor çubuğu ilə hərəkət edir, maksimum bu hadisəni Azərbaycana qarşı qarayaxma kampaniyasına çevirməyə çağırış edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, belə xəbərlər sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilir və beləliklə, dezinformasiya manipulyasiyası baş verir: “Kiçik bir cinayətə təşəbbüs hadisəsi sanki böyük cinayət kimi təqdim olunur. Nədənsə Fransa mətbuatı digər cinayətlərə tam diqqət ayırmır. Hər şey aydın görünür ki, bu, məqsədyönlü şəkildə həyata keçirilən informasiya müharibəsidir. Hədəfdə isə Azərbaycandır. Əgər sadəlövhlük edib Fransa mediasından ədalətli, yaxud hüquqi şərh gözləsək, məncə, doğru olmaz. Çünki Fransa Azərbaycana qarşı illərdir, informasiya müharibəsi aparıb. Xüsusən, son beş ildə bu, daha çox şiddətlənib. Amma həmişə öz layiqli cavabını alıb. Buna görə də düşünürəm ki, Fransanın hədəf qrupu kimi Azərbaycan ictimai rəyi belə manipulyasiyalara inanmayacaq. Bu elə Fransanın öz əleyhinə yönəlmiş təbliğat kampaniyasına çevriləcək. Çünki ümid etdikləri effektə, Azərbaycan ictimai rəyi ilə manipulyasiya etmək cəhdlərinə nail ola bilməyəcəklər. Tam əksinə, bu cür radikal, manipulyativ informasiya fırtınasında öz imiclərinə daha böyük zərbə vurmuş olacaqlar”.

 

Aytəkin Qardaşova

Tarix: 16 İyun 2026, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin