BURADA REKLAMINIZ OLA
BİLƏR

Şadlıq sarayının əməkdaşı iş yoldaşını niyə bıçaqlayaraq öldürüb? – TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Əli Novruzlunun cinayət işinin bəzi detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

 

İttihama görə, təqsirləndirilən şəxs 2025-ci ilin noyabr ayında Bakı şəhərinin Yasamal rayonu ərazisində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 2010-cu il təvəllüdlü tanışı Həmid Həmidovun (soyadı şərtidir) bıçaqla xəsarət yetirib və nəticədə onun ölümünə səbəb olub.

 

Cinayət işi materiallarında göstərilir ki, Əli Novruzlu və zərərçəkmiş Həmid Həmidli uzun müddətdir bir-birlərini tanıyıblar. Onlar eyni zamanda Bakı şəhərində yerləşən “İdeal” şadlıq sarayında birlikdə ofisiant köməkçisi vəzifəsində işləyiblər və dost münasibətlərində olublar.

 

Hadisədən bir gün əvvəl təqsirləndirilən şəxs başqa şəxslərlə mübahisə edib. Həmin mübahisə zamanı fiziki zorakılığa məruz qalıb və qarşı tərəf ona bıçaq göstərib. Növbəti gün yenidən həmin şəxslərlə qarşılaşa biləcəyini düşünən Əli özünü müdafiə etmək məqsədilə xırdavat mağazasından səyahət bıçağı alıb. Hadisə günü axşam saatlarında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və digər tanışları Yasamal rayonu ərazisində yerləşən söhbətgahda bir araya gəliblər. Əli aldığı bıçağı əlində nümayişkaranə şəkildə oynadıb. Həmid isə ona bıçaqla ehtiyatsız davranmamağı, onu cibinə qoymağı və zarafat məqsədilə istifadə etməməyi tövsiyə edib.

 

Təqsirləndirilən şəxs həmin xəbərdarlıqlara məhəl qoymayıb və bıçağı əlində saxlamağa davam edib.

 

Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

 

Söhbət zamanı Həmid əvvəlki gün baş vermiş mübahisəni xatırladaraq Əliyə eyham vurub və onun həmin şəxslərlə yenidən qarşılaşacağı halda bıçaqdan istifadə edə bilməyəcəyini ironik şəkildə bildirib. Təqsirləndirilən şəxs buna cavab olaraq zərurət yaranacağı halda istənilən şəxsə qarşı bıçaqdan istifadə edə biləcəyini deyib. Həmid bu barədə yenidən zarafat və eyham xarakterli ifadələr işlədib və nəticədə tərəflər arasında gərginlik yaranıb.

 

Əli əsəbiləşərək əlindəki bıçaqla zərərçəkmiş şəxsin sol bud nahiyəsinə bir dəfə zərbə endirib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə sol budun aşağı üçdəbir hissəsində bud arteriyası və venasının deşilmiş-kəsilmiş yarası xəsarəti yetirilib.

 

Hadisədən dərhal sonra ətrafda olan şəxslər Həmidə yardım göstərməyə çalışıblar. Onun ayağına müxtəlif vasitələrlə sarğı qoyulub və təcili tibbi yardım çağırılıb.

 

Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Lakin aldığı xəsarət nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən həmin gün axşam saatlarında vəfat edib.

 

İstintaq orqanı hesab edib ki, Əli Novruzlu zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurub, nəticədə isə ehtiyatsızlıqdan onun ölümünə səbəb olub.

 

Məhkəmə baxışı zamanı Əli Novruzlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

 

O, ifadəsində deyib ki, hadisə günü dostları ilə birlikdə söhbət etdiyi zaman Həmid Həmidov ondan bıçağı istəyərək baxmaq istədiyini söyləyib.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəlcə bıçağı çıxarmağın düzgün olmadığını desə də, sonradan onu zərərçəkmiş şəxsə göstərib.

 

O qeyd edib ki, tərəflər arasında heç bir ciddi mübahisə və ya söyüş olmayıb. Hadisənin zarafatlaşma zamanı baş verdiyini iddia edən Əli bıçağın Həmidə dəyəcəyini təsəvvür etmədiyini söyləyib

 

Əlinin sözlərinə görə, hava qaralmış vəziyyətdə olub və aralarındakı məsafə çox az olduğundan bıçaq təsadüfən zərərçəkmişin ayağına dəyib.

 

Əli ifadəsində qeyd edib ki, hadisədən sonra Həmidin ayağından qan axdığını görüb və şok vəziyyətinə düşüb. Daha sonra dostları ilə birlikdə ona ilkin yardım göstərməyə çalışıblar. Sonradan qohumlarının məsləhəti ilə polisə təslim olmaq qərarına gəlib.

 

Məhkəmədə sualları cavablandıran təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə iki ilə yaxın dostluq münasibətlərinin olduğunu, birlikdə işlədiklərini və aralarında əvvəllər heç bir mübahisənin yaşanmadığını deyib.

 

O, həmçinin törətdiyi əməldən peşman olduğunu, Həmidin ailəsi ilə barışmaq üçün dəfələrlə cəhd göstərildiyini, lakin qarşı tərəfin bunu qəbul etmədiyini bildirib.

 

Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən anası isə təqsirləndirilən şəxsin ifadələri ilə razılaşmayıb.

 

Hüquqi varis ifadəsində göstərib ki, Əlinin dedikləri həqiqəti əks etdirmir və hadisə təsadüf nəticəsində baş verməyib.

 

Ananın sözlərinə görə, oğlu sakit və mülayim xarakterli olub, heç kimlə mübahisə etməyib və hadisə günü də həmin yerə dostlarının çağırışı ilə gedib.

 

Hüquqi varis bildirib ki, hadisə zamanı tərəflər arasında dostluq münasibətləri barədə deyilənlər həqiqətə uyğun deyil və onun fikrincə, zərərçəkmiş şəxs qəsdən vurulub.

 

Məhkəmənin hökmü ilə Əli Novruzlu 9 il müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 17 İyun 2026, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin