BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Müəllimlərin korporativ geyim üslubu dərsin keyfiyyətinə müsbət təsirini göstərəcək”

“Bir sıra ölkələrdə müəllim üçün müəyyən geyim standartları mövcuddur. Bu, təbii olaraq təhsil müəssisələrində peşəkar mühitin formalaşdırılmasına, eyni zamanda müəllim nüfuzunun gücləndirilməsinə və məktəbdə ümumi korporativ mədəniyyətin inkişafına birmənalı olaraq xidmət edir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev müəllimlər üçün tətbiq ediləcək vahid geyim formasından danışarkən deyib.

 

Deputat bildirib ki, vahid geyim müəyyən edərkən ilk olaraq müəyyən çərçivələr və ümumi standartların müəyyən edilməsi məqsədəuyğundur: “Çünki müəllimlərin yaş xüsusiyyətləri, onların fəaliyyət istiqamətləri, həmçinin fərdi zövqləri və rahatlığı da diqqətə alınmalıdır. Burada əsas məqsəd fərdiliyi aradan qaldırmaq deyil, müəllim peşəsinin nüfuzuna uyğun səliqəli, işgüzar və estetik görünüş standartlarını formalaşdırmaqdan ibarət olmalıdır. Bu sistem tətbiq olunarkən hesab edirəm ki, onun təşkili mərhələli şəkildə həyata keçirilməlidir. İlk növbədə aidiyyatı qurumlar tərəfindən müəllimlərin iştirakı ilə ictimai müzakirələr təşkil edilməli, müxtəlif modellər və yanaşmalar araşdırılmalıdır. Daha sonra tövsiyə xarakterli geyim standartları müəyyən edilə və bir müddətdən sonra onların tətbiqi ilə bağlı qərar qəbul edilə bilər. Eyni zamanda bu məsələ təbii ki, maliyyə yükü baxımından da nəzərə alınmalıdır. Müəllimlərin əlavə xərclərlə üzləşməmələri üçün müəyyən dəstək mezanizmləri və güzəştlər də nəzərdən keçirilə bilər”.

 

S.Vəliyevin sözlərinə görə, geyim rənginin klassik və sakit çalarlarda olması daha məqsədəuyğundur: “Tünd göy, boz, qara, ağ, qəhvəyi tonları həm ciddiliyi həm peşəkarlığı ifadə edən rənglərdir. Bu rənglər eyni zamanda müxtəlif geyim kombinasiyalarına imkan verdiyi üçün müəllimlərin seçmək imkanını da məhdudlaşdırmır. Üslub baxımından daha müasir və klassik işgüzar geyim nümunələri üstünlük təşkil edə bilər. Qadın müəllimlər üçün pencək, klassik şalvar, ətək və zövqlu köynək kombinasiyaları, kişi müəllimlər üçün isə kostyum, pencək və klassik şalvar variantları münasib hesab oluna bilər. Burada rahatlıq, mövsümi xüsusiyyətlər və milli mənəvi dəyərlər də nəzərə alınmalıdır. Ümumilikdə müəllimlər üçün vahid geyim formasının tətbiqi məsələsinə inzibati tələb kimi deyil, müəllim peşəsinin nüfuzunu artırmağa, məktəblərdə vahid korporativ mədəniyyət yaratmağa və peşəkar görünüş standartlarını formalaşdırmağa xidmət edən təşəbbüs kimi yanaşmaq daha doğru olar. Bununla yanaşı qəbul olunacaq qərarın müəllimlərin, müəllim peşəsinin sahibi kimi nüfuzunun artmasına öz təsirini göstərmiş olacaq. Eyni zamanda korporativ geyim üslubu dərsin keyfiyyətinə də öz müsbət təsirini göstərəcək”.

 

Şəhanə Qədirli

Tarix: 17 İyun 2026, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin