BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı kafedəki dava ilə bağlı MƏHKƏMƏ ARAŞDIRMASI

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 11 il müddətə azadlıqdan məhrum edilib. 

 

İttihama görə, Xudat Məmmədov 2024-cü il tarixdə gecə saatlarına yaxın Şəmkir rayonu ərazisində yerləşən “Baba Lounge” kafesində spirtli içki qəbul edib. O, alkoqol sərxoşluğu vəziyyətində olarkən nalayiq ifadələr işlədib. Həmin vaxt kafedə olan zərərçəkmiş Anar Süleymanov və digər şəxslər təqsirləndirilən şəxsin bu ifadələri onlara ünvanladığını düşünüblər.

 

Tərəflər arasında əvvəllər də gərgin münasibətlər mövcud olub.

 

Belə ki, Anar Süleymanovun bacısının azyaşlı qızının və digər şəxslərin Xudatın qardaşı Fuad Məmmədov tərəfindən qəsdən öldürülməsinə cəhd göstərilməsi ilə bağlı hadisədən sonra tərəflər arasında qərəzli münasibətlər yaranıb.

 

Baş vermiş hadisə zamanı təqsirləndirilən şəxs üzərində gəzdirdiyi ov bıçağını, eləcə də kafenin mətbəxindən götürdüyü mətbəx bıçağı ilə həmin obyektin otaqlarından birinə daxil olub. Otaqda baş verən qarşıdurma zamanı Xudat bir nəfərə bıçaqla zərbə endirərək onun sol bazu nahiyəsində deşilmiş-kəsilmiş yara xəsarəti yetirib. Nəticədə zərərçəkmiş şəxsin sol üçbaşlı əzələsi zədələnib, sol əlin beşinci barmağının funksiyası pozulub və bu xəsarətlər sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilib.

 

Hadisə zamanı ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan şahidlər də xəsarət alıblar.

 

Araşdırmalarla müəyyən edilib ki, qarşıdurmadan sonra Xudat otaqdan çıxaraq kafenin dəhlizinə keçib. Bu zaman əlində olan qatlanan ov bıçağı yerə düşüb. Bundan sonra o, Anar Süleymanovdan qisas almaq niyyəti ilə onun ardınca gedib və yerdə olan bıçağı yenidən götürərək əlində saxlayıb.

 

Tərəflər arasında dəhlizdə yenidən əlbəyaxa dava baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs əlindəki bıçaqla Anara bir zərbə endirib. Zərbə sağ qoltuqaltı nahiyəyə dəyib və nəticədə arteriya və vena zədələnib. Güclü qanaxma ilə müşayiət olunan həmin xəsarət məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən insan həyatı üçün təhlükəli hesab olunub.

 

Ekspertiza rəylərində qeyd olunub ki, sağ bazu-döş qəfəsi büküşü səviyyəsində yerləşən deşilmiş-kəsilmiş yara nəticəsində zərərçəkmiş kəskin qan itkisi keçirib və aldığı xəsarətdən həyatını itirib.

 

Beləliklə, istintaq orqanı təqsirləndirilən şəxsin hərəkətlərini qəsdən adam öldürmə kimi qiymətləndirib və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmə istintaqı zamanı ifadə verən Xudat Məmmədov özünü təqsirli bilməyib.

 

O deyib ki, mərhum Anar Süleymanovla əvvəllər dostluq münasibətləri olub və hadisə günü dostları ilə birlikdə “Baba Lounge” kafesində istirahət edib. Xudatın sözlərinə görə, bir müddət sonra ayaqyolundan qayıdarkən kafenin sahibi olan dostu ilə söhbət etməyə başlayıb və həmin vaxt Ramin adlı şəxslə aralarında narazılıq yaranıb.

 

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, məsələni aydınlaşdırmaq üçün onlar kafenin aşağı hissəsinə düşüblər. Sonradan qarşılıqlı söhbət nəticəsində anlaşdıqlarını və hər hansı problem qalmadığını düşündüyünü bildirib.

 

Təxminən 10 dəqiqə sonra Ramin yenidən onların oturduğu kabinetə gəlib. Az sonra isə Anar Süleymanov kabinetə daxil olaraq cibindən iki bıçaq çıxarıb və onun üzərinə hücum edib. Təqsirləndirilən şəxs iddia edib ki, həmin vaxt Anar ona bir neçə zərbə endirib və nəticədə qolundan xəsarət alıb.

 

O qeyd edib ki, hadisəni sakitləşdirməyə çalışan şəxslərdən biri də xəsarət alıb. Daha sonra Anar Süleymanovun otaqdan çıxarıldığını, lakin qısa müddət sonra yenidən qarşıdurmanın baş verdiyini deyib.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, ikinci qarşıdurma zamanı o, yerə yıxılıb və döşəmədə olan bıçağı götürüb. Həmin vaxt ətrafdakı şəxslərin də ona hücum edə biləcəyindən ehtiyatlandığını və buna görə əlindəki bıçağı ətrafdakılardan uzaqlaşmaq məqsədilə yellədiyini söyləyib.

 

Xudat ifadəsində əlavə edib ki, həmin vaxt qolundan çox qan axırdı və xəstəxanaya getmək istəyirdi. Dostları onu kafenin çıxışına apararkən Anar yenidən qarşısını kəsib və bıçaqla üzərinə gəlib.

 

Təqsirləndirilən şəxs iddia edib ki, Anar ona ardıcıl bıçaq zərbələri endirməyə çalışıb, hətta zərbələrdən biri boğaz nahiyəsinə tuşlanıb. O, özünü qorumaq üçün əlini qabağa verdiyini və bu zaman əlindən xəsarət aldığını bildirib.

 

İfadəsinə görə, bundan sonra əlində olan bıçaqla Anar Süleymanova zərbə endirib. Məqsədinin onu öldürmək deyil, hücumun qarşısını almaq olduğunu deyən təqsirləndirilən şəxs zərbəni qol nahiyəsinə vurmaq istədiyini qeyd edib.

 

O həmçinin vurğulayıb ki, sonradan əlindəki bıçağı yerə ataraq hadisə yerindən uzaqlaşmaq istəyib. Lakin qarşıdurma davam edib, tərəflər arasında yenidən insident yaşanıb və nəticədə özü huşunu itirərək xəstəxanaya aparılıb.

 

Məhkəmə araşdırmaları zamanı tərəflərin ifadələri, şahidlərin dindirilməsi, ekspertiza rəyləri və digər sübutlar tədqiq edilərək hadisənin bütün halları qiymətləndirilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 19 İyun 2026, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin