BURADA REKLAMINIZ OLA
BİLƏR

Razi Nurullayev: “Maklerlərin fəaliyyətinə dair şəffaf reyestr sistemi yaradılmalıdır”

Yeni tədris ilinə hazırlıq məqsədilə kirayə mənzil axtaranların sayında artım müşahidə edilir. Tələbatın yüksəlməsindən istifadə edən bəzi maklerlərin vətəndaşlara göstərilən mənzildən fərqli evlər təklif etməsi, beh adı ilə pul alaraq öhdəliklərini yerinə yetirməməsi ilə bağlı şikayətlər də çoxalır. Mütəxəssislər hesab edir ki, kirayə bazarında nəzarət mexanizmlərinin zəifliyi, makler fəaliyyətinin tam tənzimlənməməsi və müqavilələrin lazımi qaydada rəsmiləşdirilməməsi bu kimi hallara şərait yaradır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayevin sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə mütəmadi olaraq kirayə mənzil bazarında baş verən dələduzluq halları barədə məlumatlarla rastlaşır.

 

Deputat qeyd edib ki, xüsusilə yay aylarında, yeni tədris ili ərəfəsində tələbələrin və bölgələrdən Bakıya gələn ailələrin kirayə mənzilə tələbatının artması bəzi vasitəçilərin bundan sui-istifadə etməsinə şərait yaradır: “Əslində, kirayə münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə kifayət qədər normalar mövcuddur. Problem daha çox nəzarət mexanizmlərinin və qanunun tətbiqinin lazımi səviyyədə işləməməsindən qaynaqlanır. Vətəndaşa göstərilən mənzilin sonradan fərqli çıxması, müqaviləsiz şəkildə beh alınması və ya ödənilən vəsaitin geri qaytarılmaması kimi hallar hüquqi məsuliyyət yaradır. Lakin bir çox hallarda tərəflər münasibətləri rəsmi sənədlərlə rəsmiləşdirmədiyi üçün hüquqlarının müdafiəsində çətinliklə üzləşirlər. Buna görə də daşınmaz əmlak vasitəçiliyi fəaliyyəti üzərində nəzarət gücləndirilməli, maklerlərin fəaliyyətinə dair daha şəffaf reyestr sistemi yaradılmalı və kirayə müqavilələrinin bağlanması təşviq edilməlidir. Eyni zamanda vətəndaşlar da mənzil kirayəyə götürərkən müqaviləsiz ödəniş etməməli, xüsusilə beh verərkən hüquqi sənədləşməyə diqqət yetirməlidirlər. Qanun var, əsas məsələ onun effektiv tətbiqini və bazarda məsuliyyət mühitini təmin etməkdir”.

 

Şəhanə Qədirli

Tarix: 19 İyun 2026, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin