BURADA REKLAMINIZ OLA
BİLƏR

"Müəllimlərin geyim məsələsinə təkcə geyim qaydası kimi deyil, pedaqoji mühitin bir hissəsi kimi baxılmalıdır" - RƏY

Təhsil müəssisələri yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, eyni zamanda nizam-intizamın, məsuliyyət hissinin və ümumi davranış qaydalarının formalaşdırıldığı mühüm ictimai institutdur. Bu baxımdan, məktəblərdə vahid qaydaların tətbiqi tədris mühitinin sağlam və səmərəli təşkilində xüsusi əhəmiyyət daşıyır. Son illər Azərbaycan təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsi, məktəb mühitində bərabərlik və peşəkarlıq prinsiplərinin təşviqi istiqamətində atılan addımlar sırasında geyim qaydalarına riayət məsələsi də ön plana çıxıb. Bu məqsədlə “Ümumi təhsil haqqında” qanuna təklif olunan yeni dəyişikliklər şagirdlərin məktəbli formasına, müəllimlərin isə müəyyən edilmiş işgüzar geyim tələblərinə əməl etməsini hüquqi müstəvidə daha dəqiq tənzimləməyi nəzərdə tutur. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində müəllimlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyənləşdirilməsi, eləcə də şagirdlərin vahid məktəbli formasına əməl etməsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Layihəyə görə, şagirdlərin müəyyən olunmuş geyim qaydalarına riayət etməsinin təmin edilməsi valideynlərin və digər qanuni nümayəndələrin vəzifələri sırasında ayrıca təsbit edilir. Təklif olunan dəyişikliklər məktəblərdə nizam-intizamın möhkəmləndirilməsi, təhsil mühitində vahid yanaşmanın formalaşdırılması və milli-mənəvi dəyərlərlə dünyəvilik prinsiplərinin daha səmərəli tətbiqi məqsədi daşıyır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən psixoloq Nabat Mirzəyeva deyib ki, ümumtəhsil müəssisələrində müəllimlərin standart geyim məsələsinə təkcə geyim qaydası kimi deyil, həm psixoloji, həm də pedaqoji mühitin bir hissəsi kimi baxılmalıdır.

 

 

Psixoloqun sözlərinə görə, bu qayda təhsil mühitinə nə verir və nə öyrədəcək, əsas buna diqqət edilməlidir: “Müəllimin geyimi istər-istəməz şagirdlərə təsir göstərir. Çünki müəllim yalnız dərs keçmək üsulu ilə deyil, həm də  öz davranışı, təqdimat modeli, geyim tərzi ilə də bir nümunədir. Səliqəli, məktəb mühitinə uyğun geyinən bir müəllim öz nüfuzunu, peşəkarlıq obrazını gücləndirə bilər. Xüsusilə, kiçik yaşlı uşaqlara müəllimlər daha çox örnəkdirlər, çünki sosial davranış normalarını kiçik yaşlı uşaqlar müəllimlərdən öyrənirlər. Standart geyimin müsbət tərəfləri də var ki, bu da daha rəsmi və nizamlı bir atmosfer yaratmasıdır. Bu, müəllimlərin xarici görünüşlərinə deyil, artıq daha çox peşəkar fəaliyyətlərinə yönəlmələrinə kömək edəcək. Çünki məktəbdaxili geyim rəqabəti azalacaq, fərqliliklərin yaratdığı diqqət yayınmaları artıq azalmağa başlayacaq. Hər zaman vurğulayırıq ki, geyimlə deyil, müəllim yanaşması ilə, dərs üsulu və modeli ilə şagirdə örnəkdir, nümunədir. Çünki şagird illər sonra müəllimin hansı rəngdə geyindiyini yox, ona necə münasibət göstərdiyini, necə hiss etdirdiyini xatırlayacaq. Hesab edirəm, müəllim geyimində əsas meyar vahid forma sayılmamalıdır. Müəllimin peşəkarlığı, səliqəsi, məktəb mühitinə uyğun olması ən önəmli faktordur. Standart geyim faydalı ola bilər, amma təhsilin keyfiyyətini müəyyən edən əsas amil müəllimin geyimi deyil, dediyim kimi, onun şəxsiyyəti, davranışı, yanaşması, şagirdlə qurduğu münasibət önəmlidir”.

 

Təhsil eksperti Pərvin Əliyev isə deyib ki, müəllimlər üçün standart geyimin tətbiqi məktəbdə peşəkarlığın və vahid institusional mədəniyyətin güclənməsinə xidmət edə bilər:

Pərvin Əliyev: “Təhsil sistemi tələb etdiyi bacarığı əvvəlcə məktəbdə  formalaşdırmalı, sonra isə onu qiymətləndirməlidir” Pravda.az

“Dünyanın bir sıra ölkələrində müəllimlərin işgüzar və peşəkar görünüşünü təmin etmək üçün müəyyən geyim standartları mövcuddur. Bu yanaşma müəllimin cəmiyyətdəki nüfuzunun qorunmasına, məktəbdə daha ciddi və nizamlı mühitin formalaşmasına müsbət təsir göstərə bilər. Eyni zamanda müəllimlər arasında geyimlə bağlı fərqlərin və əlavə sosial təzyiqlərin azalmasına da şərait yaradır. Lakin vacib məqam budur ki, tətbiq edilən standartlar müəllimlərin rahatlığını, fərdi xüsusiyyətlərini və iş şəraitini nəzərə alsın. Məqsəd məhdudiyyət yaratmaq deyil, peşəkar təhsil mühitini daha da gücləndirmək olmalıdır. Ümumiyyətlə, aidiyyəti qurumların müəllim peşəsinin nüfuzunun artırılması və təhsil müəssisələrində daha sistemli idarəetmə modelinin formalaşdırılması istiqamətində atdıqları bu addım təqdirəlayiqdir. Qərarın qəbulunda əsas məqsədin müəllimlərin fəaliyyətini məhdudlaşdırmaq deyil, onların cəmiyyətdəki peşəkar statusunu daha da gücləndirmək olduğu görünür. Yeni qərarın müsbət qiymətləndirilməsinin digər səbəbi bundan ibarətdir ki, təhsil sistemi yalnız bilik ötürən deyil, həm də nümunə formalaşdıran bir institutdur. Müəllimin geyimi onun peşəkar kimliyinin bir hissəsidir və şagirdlərdə məsuliyyət, intizam və məktəbə hörmət hissinin formalaşmasına təsir göstərir. Bu baxımdan, standart geyimlə bağlı təşəbbüs təhsil mühitinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş strateji addım kimi dəyərləndirilə bilər”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 19 İyun 2026, 18:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin