BURADA REKLAMINIZ OLA
BİLƏR

Taksidə başlayan mübahisə bıçaqlanma ilə nəticələndi: 6 il həbs cəzası aldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nağı Kəlbiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2025-ci ilin mart ayında gecə saatlarında baş verib.

 

Belə ki, Nağı Kəlbiyev Bakı şəhərində yerləşən "20 Yanvar" dairəsi adlanan ərazidən Xırdalan istiqamətinə hərəkət edən taksiyə sərnişin qismində əyləşib. Həmin vaxt avtomobilin arxa oturacağında zərərçəkmiş Nizam Dadaşbəyli (adı, soyadı şərtidir) də olub.

 

Avtomobil hərəkətdə olarkən sərnişinlər arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ayağının onun ayağına toxunmasını bəhanə edib mübahisəyə başlayıb. Qarşılıqlı iradlardan sonra tərəflər arasında gərginlik daha da artıb.

 

Mübahisənin böyüdüyünü görən taksi sürücüsü avtomobili Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinin yaxınlığında saxlayıb. Bundan sonra Nağı avtomobildən enərək Nizamın da maşından düşməsini tələb edib. Hadisə ətrafda olan piyadaların gözü qarşısında davam edib.

 

Təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş şəxsin sifət nahiyəsinə şillə vurub. Daha sonra isə üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxararaq ona hücum edib. Nağı bıçaqla Nizamın qarın nahiyəsinə bir dəfə zərbə endirib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxs qarının sağ yan səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasını alıb. Xəsarət böyük piyliyin zədələnməsi ilə müşayiət olunub.

 

Ekspertiza həmin xəsarəti insan həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vuran xəsarət kimi qiymətləndirib.

 

İstintaq orqanı təqsirləndirilən şəxsin hərəkətlərini xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirərək ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürüb.

 

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə araşdırmaları zamanı zərərçəkmiş şəxsin ifadələri, şahidlərin dindirilməsi, ekspertiza rəyləri və digər sübutlar tədqiq olunub.

 

Məhkəmənin hökmü ilə Nağı Kəlbiyev Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə əsasən, ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.

 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiə tərəfi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və onun məhkəmə zalından dərhal azad olunmasını xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 22 İyun 2026, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin