BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdaşda qız qaçırmaq istəyən şəxsə nə qədər cəza verilib?

Ali Məhkəmədə adam oğurluğuna cəhddə təqsirləndirilən Azad Ədilovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Azad Ədilov 2023-cü ildə zərərçəkmiş Səmayə Nəbiyevanı (adı, soyadı şərtidir) qaçırmaq məqsədilə Ağdaş rayonunun Qülbəndə kəndində yerləşən yaşayış evinin həyətinə gəlib. O, qadına fiziki güc tətbiq edərək əvvəlcə onun boynundan yapışıb, daha sonra silah qismində istifadə etdiyi bıçağı zərərçəkmiş şəxsin boğazına dirəyib. Təqsirləndirilən şəxs Səmayədən səsini çıxarmamağı tələb edərək həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq edib.

 

Bundan sonra Azad zərərçəkmiş şəxsi evin həyətindən çıxarıb əvvəlcədən kənddən keçən asfalt yolun kənarında saxladığı, özünə məxsus “VAZ-21099” markalı avtomobilə tərəf sürüyüb. Təqsirləndirilən şəxs qadını bir neçə metr məsafədə zorla aparmağa çalışıb, onu əlləri ilə dartaraq müxtəlif xəsarətlər yetirib.

 

Lakin Səmayənin yüksək səslə qışqıraraq kömək istəməsi, israrlı müqavimət göstərməsi və onun köməyinə gələn şəxslərin müdaxiləsi Azad cinayət niyyətini başa çatdıra bilməyib. Ətrafdakı şəxslər zərərçəkmiş qadını onun əlindən alaraq hadisənin daha ağır nəticələrə səbəb olmasının qarşısını alıblar.

 

Beləliklə, Azad Ədilov öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib və həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməklə, silah qismində istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğuna cəhd edib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 29, 144.2.4 və 29, 144.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 23 İyun 2026, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin