BURADA REKLAMINIZ OLA
BİLƏR

Moskvada ticarət mərkəzində həmkarını döyərək xəsarət yetirən azərbaycanlıya hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəcməddin İmamquliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 2012-ci ildə Rusiyanın Moskva şəhərinin Kronştad bulvarında yerləşən “Persey” Ticarət Mərkəzində baş verib.

 

Belə ki, Nəcməddin İmamquliyevlə zərərçəkmiş Azər Babayev (adı, soyadı şərtidir) əvvəllər bir-birlərini tanıyıblar və həmin ticarət mərkəzində fəaliyyət göstəriblər.

 

İş materiallarına əsasən, həmin gün saat 14:00 radələrində ticarət mərkəzinin birinci mərtəbəsində tərəflər arasında mübahisə yaranıb. Mübahisəyə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə onun icarəyə götürdüyü mağazada ayaqqabı satışı ilə məşğul olmaqla ticarət fəaliyyətinə mane olduğunu irad bildirməsi olub.

 

Tərəflər arasında baş vermiş sözlü mübahisədən sonra Nəcməddinin Azərə qarşı qərəzli münasibət bəslədiyi və ona bədən xəsarəti yetirmək niyyətinə düşdüyü müəyyən edilib.

 

Həmin gün axşam saat 20:05 radələrində təqsirləndirilən şəxs “Persey” Ticarət Mərkəzinin avtomobil dayanacağında saxladığı, özünə məxsus “Volkswagen Passat” markalı avtomobilin salonundan qara rəngli beysbol bitasını götürüb.

 

Bundan sonra o, dayanacaq ərazisində hərəkət edən zərərçəkmiş şəxsə arxadan yaxınlaşıb və qəsdən bir dəfə bitayla Azərin başının ənsə nahiyəsinə zərbə endirib.

 

Zərərçəkmiş şəxs aldığı zərbə nəticəsində açıq kəllə-beyin travması, ənsə nahiyəsinin əzilmiş yarası, sağ ənsə sümüyünün qapalı sınığı, sağ gicgah-ənsə nahiyəsində 50 kub santimetr həcmində kəskin epidural hematoma, şiş və baş beynin dislokasiyası ilə müşayiət olunan ağır dərəcəli beyin əzilməsi xəsarətləri alıb.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə yetirilən xəsarətlər insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.

 

Hadisədən sonra Nəcməddin Azərbaycan gəlib, bu il isə o, saxlanılıb, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

 

Məhkəmədə Nəcməddin İmamquliyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

 

İfadəsində deyib ki, zərərçəkmiş şəxsi təxminən 2000-ci ildən Moskva şəhərində tanıyır və uzun müddət ərzində aralarında heç bir münaqişə və ya düşmənçilik olmayıb. Onun sözlərinə görə, sonradan zərərçəkmiş şəxs onların fəaliyyət göstərdiyi mağazanın bir hissəsini alıb və bundan sonra münasibətlərində müəyyən narazılıqlar yaranıb.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

Tarix: 25 İyun 2026, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin