Hər il iyunun 26-sı dünyada Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək, cəmiyyəti narkomaniyanın yaratdığı təhlükələr barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə diqqəti artırmaqdır. Narkomaniya təkcə bir insanın sağlamlığına zərbə vuran xəstəlik deyil, eyni zamanda ailələrin dağılmasına, sosial rifahın zəifləməsinə və bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir göstərən ciddi sosial problemdir. Müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi transmilli cinayətkarlığın ən təhlükəli formalarından biri hesab olunur. Narkobiznes böyük maliyyə gəlirləri əldə etmək məqsədilə milyonlarla insanın həyatını təhlükə altına qoyur, xüsusilə, gəncləri və yeniyetmələri öz təsiri altına salmağa çalışır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və onlayn platformalardan istifadə narkotiklərin qanunsuz satışının yeni formalarının meydana çıxmasına səbəb olur. Bu isə dövlətlər qarşısında əlavə çağırışlar yaradır. Narkomaniyanın yaratdığı problemlər təkcə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu problem səhiyyə, təhsil, sosial müdafiə və ictimai təhlükəsizlik sahələrini də əhatə edir. Mütəxəssislər hesab edirlər ki, narkotik asılılığının qarşısının alınması üçün yalnız cəza tədbirləri kifayət etmir. 2026-cı ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 39002 nəfər istiqamətləndirilməsi də bunu deməyə əsas verir. İnsanların, xüsusilə, gənclərin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili və risk qrupuna daxil olan şəxslərə psixoloji dəstəyin göstərilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan da narkomaniya və narkobiznesə qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, narkotiklərin ölkəyə gətirilməsi və yayılması ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunması, həmçinin əhalinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və media nümayəndələri bu sahədə birgə fəaliyyət göstərərək cəmiyyətin narkomaniya təhlükəsinə qarşı mübarizədə daha fəal iştirakını təmin etməyə çalışırlar. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatına görə, hələ təkcə 2026-cı ilin yanvar-may ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kq 169,4 qramnarkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 111 milyon 793 min AZN kimi qiymətləndirilib. Həmçinin cari ilin yanvar-may ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2110 nəfər cəlb edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3766 cinayət faktı aşkarlanıb. Onlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. 2057-si kişi, 53-ü qadın olmaqla cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 25 nəfəri xarici ölkə vətəndaşıdır. Təhlillər göstərir ki, 2025-ci ilin yanvar-may ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 31, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 249, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 28, qrup halında olan cinayətlərin sayı 22, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarınınsayı isə 19 nəfər azalıb, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 225, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 949 kq 673,4 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 68 nəfər artıb. Beləliklə, 26 iyun yalnız bir təqvim günü deyil, həm də cəmiyyətə sağlam gələcəyin qorunmasının vacibliyini xatırladan mühüm çağırışdır.
Mövzu ilə bağlı Pravda.az-a mütəxəssislər də fikirlərini bölüşüblər.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” bu sahədə kompleks və məqsədyönlü mübarizə aparmaq üçün bir neçə əsas strategiyanı əhatə edir:

“Səhiyyə qurumlarının bu sahədə işini gücləndirmək məqsədilə yeni tibb və reabilitasiya mərkəzlərinin yaradılması, məcburi müalicə üçün yeni tibb müəssisəsinin fəaliyyətə başlaması, narkoloji xidmətin keyfiyyətini artırmaq üçün reabilitasiya mərkəzlərinin yaradılması və narkotik asılılığından əziyyət çəkənlər üçün psixoloji dəstək proqramlarının hazırlanması nəzərdə tutulur. Normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bu sahədə mübarizəni tənzimləyən qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması hədəflənir. Belə ki, narkomanlığa qarşı mübarizə və qanunsuz dövriyyənin qarşısını almaq məqsədilə qanunvericiliyi təkmilləşdirmək əsas prioritetlərdən hesab olunur. Qanunvericilik səviyyəsində narkotik asılılığı olan şəxslərin müəyyən peşə və vəzifələrə işə qəbulunun qarşısını almaq üçün işəgötürənin məsuliyyətini artırmaq nəzərdə tutulur. Dövlət proqramına əsasən, artıq vətəndaşlara narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesi sadələşdiriləcək və bu xidməti ASAN Xidmət mərkəzləri icra edəcək. Bu isə işə götürülmə prosesində məcburi tələb olunan arayışın verilməsini vətəndaşlarımız üçün asanlaşdıracaq. Dövlət Proqramı”nın 8.2.2.-ci yarımbəndində narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. Buna uyğun olaraq, Milli Məclisdə cari ildə Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik layihəsi qəbul edildi. Qanunda narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi öz əksini tapır. Habelə dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olan şəxsin işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilir. Dövlət Proqramına əsasən, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicə və reabilitasiya prosesində tətbiq edilməsi üçün xüsusi psixoloji dəstək proqramlarının hazırlanması və tətbiqi nəzərdə tutulur. Narkoloji xidmətin keyfiyyətini yüksəltmək məqsədilə klinik (tibbi) psixoloqların sayının artırılması və bu sahədə peşəkar kadr təminatının yaxşılaşdırılması hədəflənir. Narkotik istifadəçiləri, onların yaxın qohumları və onlarla birgə yaşayan şəxslər üçün onlayn məsləhətlər vermək məqsədilə klinik psixoloqlar və həkim-narkoloqların iştirakı ilə virtual dəstək qruplarının yaradılması planlaşdırılır. Bu tədbirlər narkomaniyaya düçar olmuş şəxslərin yalnız tibbi müalicəsini deyil, həm də onların psixoloji reabilitasiyasını və cəmiyyətə yenidən inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Qanunsuz dövriyyənin qarşısının alınması istiqamətində davamlı olaraq dövlət nəzarəti gücləndirilir. Bundan başqa, ilk növbədə gənclər arasında doğru maarifləndirmənin aparılması, zərərli vərdişlərdən uzaq olmanın təbliğatının düzgün qurulması olduqca faydalıdır. Asılılığı olan şəxslərin sağalması istiqamətində müalicə və reabilitasiya mərkəzlərinin əlçatanlığı, keyfiyyətli və qanunauyğun xidmət göstərilməsi vacibdir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, narkomaniya müasir dövrün ən ciddi sosial problemlərindən biri olaraq cəmiyyətin sağlamlığına, ailə institutuna və gənc nəslin gələcəyinə ciddi təhdid yaradır:

“Bu baxımdan Azərbaycanda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə bu sahədə fəaliyyət kompleks yanaşma əsasında həyata keçirilir. Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, profilaktik tədbirlər, maarifləndirmə işləri və sağlam həyat tərzinin təşviqi də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə 2025–2030-cu illəri əhatə edən müvafiq Dövlət Proqramı həyata keçirilir. Proqram çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən profilaktika, erkən müdaxilə, reabilitasiya və ictimai maarifləndirmə tədbirləri genişləndirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqlar, yeniyetmələr, valideynlər və gənclər arasında narkomaniyanın fəsadları barədə maarifləndirmə tədbirləri həyata keçirir. Komitə tərəfindən müxtəlif regionlarda seminarlar, görüşlər, dəyirmi masalar, təlimlər təşkil olunur, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq çərçivəsində profilaktik layihələr icra edilir. Bu tədbirlərin əsas məqsədi risk qruplarına daxil olan şəxslərin məlumatlandırılması, sağlam həyat tərzinin təşviqi və ailələrin bu istiqamətdə rolunun gücləndirilməsidir. Qeyd edim ki, hüquqi məsuliyyət mühüm preventiv vasitə olsa da, problemin kökündən həlli üçün maarifləndirmə, sosial dəstək, ailə institutunun gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili, psixoloji xidmətlərin əlçatanlığı xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, uşaq və gənclərin zərərli vərdişlərdən qorunmasında ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti vacibdir”.
Mövzunu geniş şərh edən Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev deyib ki, narkotik vasitələr insan orqanizminə daxil olduqda, fiziki və ya ruhi rahatlıq, həzz hissi yaradan, müxtəlif, hətta mənfi amillərin yaratdığı xoşagəlməz hissləri azaldan maddələrdir:

“Tibb nöqteyi-nəzərindən narkotiklər insanın mərkəzi sinir sisteminə zərərli təsir göstərir, onlara aludəçilik, əqli və fiziki asılılıq, narkomaniya xəstəliyi yaradır. Sosial tərəfdən narkotik vasitələr, narkotik tərkibli dərmanların qeyri-tibbi istifadəsi əhali və ya onun ayrı-ayrı sosial qrupları arasında narkotik asılılığı artıra, onları sağalmaz xəstəliyə düçar edə bilər. Narkotik vasitələrin dövriyyəsi dövlətin qanunvericiliyi ilə qadağan olunursa, onlardan qanunsuz istifadə cinayət-hüquqi və ya digər hüquqi komponenti yaradır, həmin hallarla mübarizəni şərtləndirir. İnsanın mərkəzi sinir sisteminə təsir etmək qabiliyyətinə malik olan narkotik vasitələr, psixotrop və digər güclü təsirli maddələr psixoloji və ya fiziki asılılığa səbəb olur. Psixoloji asılılıq qadağan olunmuş maddələrin və narkotiklərin müntəzəm qəbuluna ehtiyac və istəyi formalaşdırır. Həmin maddələrin istehlakı dağıdıcı asılılığın inkişafına səbəb ola bilir. Azərbaycanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin fərqləndirici xüsusiyyəti ölkənin coğrafi mövqeyinə görə narkotik vasitələrin daşınması üçün yolun üzərində yerləşməsi, çoxsaylı tibbi preparatların istehsalı və qaçaqmalçılığın intensivləşməsi hesabına onların çeşidinin daim genişlənməsidir. Əvvəllər qeyri-qanuni dövriyyədə ümumiyyətlə rast gəlinməyən, “dizayner” narkotik kimi tanınan narkotik vasitələrin payı durmadan artır. İndi müəyyən edilmişdir ki, bu “yeniliklər” fizioloji təsirinə görə ilkin maddənin struktur formulunun dəyişdirilməsi nəticəsində alınan birləşmələrə oxşardır. Hazırda Azərbaycan ərazisində narkotik vasitələrin, psixotrop və güclü təsir göstərən maddələrin, habelə onların prekursorlarının qanuni və qeyri-qanuni dövriyyəsi ilə bağlı bütün hərəkətlər müxtəlif səviyyəli hüquqi aktlarla ciddi şəkildə tənzimlənir. Nəzarət olunan maddələrin növlərinin və formalarının müxtəlifliyi, eləcə də iksir istehsalçılarının öz məhsullarını maskalamaq və gizlətməyə yönəlmiş hərəkətləri narkotik alverçilərinin qanunsuz fəaliyyəti ilə bağlı cinayətlərin açılması və təhqiqatının texniki və məhkəmə-tibbi dəstəyinin spesifik aspektlərini müəyyən edir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə fəaliyyətini həyata keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda nəzarət edilən maddələrin kimyəvi və fiziki xassələrini əhatə edən, onlara lazım olan elmi və xüsusi məlumatların olmaması ilə mürəkkəbləşmiş vəziyyətlə üzləşə bilirlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi yüksək ictimai təhlükəlilik dərəcəsinə malikdir. Narkotik vasitələrin yayılması təhlükəsi təkcə onların yayılması ilə bitmir. Bu yayılmadan irəli gələn neqativ nəticələr miqyasına və təhlükəliliyinə görə həyəcan doğurur. Belə ki, narkotik vasitələrin yayılması əhali arasında ciddi xəstəliklərin artmasına, insan psixikasının məhv olmasına, gələcək nəsillərə zərərli təsirinə və milli təhlükəsizliyə təhdid təşkil etməsinə görə ciddi narahatçılıq yaradır. Bundan əlavə, narkotik vasitələrin yayılması bir sıra digər cinayətlərin, o cümlədən terrorizmin maliyyələşdirilməsində önəmli amil kimi çıxış edir. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin artması Azərbaycanın inkişaf potensialına da təhlükə kimi qəbul edilməlidir”.
Sədr müavini deyib ki, narkotik satışı ilə məşğul olan şəxslər barədə tətbiq edilən cəza tədbirlərinin effektivliyindən də danışıb: “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlərin yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Lakin nəzərə almaq lazımdır ki, törədilmiş hər bir cinayətə görə cəza müəyyən prinsiplərə riayət olunmaqla təyin edilməlidir. Bərabərlik prinsipinə müvafiq olaraq cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və heç bir ayrı-seçkiliyə məruz qalmadan cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Şəxs yalnız törətdiyi ictimai təhlükəli əmələ, yəni hərəkət və ya hərəkətsizliyə, eləcədə də onun nəticələrinə görə təqsiri müəyyən olunduqda cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırıla bilər. Cəza həm də müvafiq maddələrdə nəzərdə tutulmuş hədlərdə ədalətli olmalıdır. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətlilik tələb edir ki, cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilməməlidir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qeyd olunanlara riayət olunarsa, Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların səmərəliliyinə əmin olmaq olar. Təbii ki, qanunlar zamanın tələbinə müvafiq olaraq yenilənməli, yeni ictimai münasibətləri tənzimləməli və zamanın tələbinə cavab verməlidir. Düşünürəm ki, bu sahədə işlər mütəmadi olaraq davam edir. Bizim İnstitutun fəaliyyət sahələrindən biri də qüvvədə olan qanunlarda köhnəlmiş normaların aşkar edilməsi, yeni normaların əlavə edilməsi və dəyişikliklərlə bağlı təkliflərin hazırlanmasıdır. Bu sahədə hazırlanmış təkliflər bizim tərəfimizdən müvafiq qurumlara ünvanlanır. Həm də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bir çox istiqamətlər üzrə işlər aparılır. Mən qanunlarda əsaslı problem görmürəm. Biz milli-mənəvi dəyərlərimizi qorumalıyıq, onlara sadiqliyimizi saxlamalıyıq. Bunun üçün cəmiyyət, onun müxtəlif təbəqələri, mətbuat, qeyri-hökumət təşkilatları və sair ciddi səy göstərməlidir. Narkotik vasitələrdən istifadə bizim milli-mənəvi dəyərlərimizə yaddır. Milli-mənəvi dəyərlərimizi qoruya bilsək, onlara dönmədən riayət olunsa, bu sahədə cinayətkarlıqla mübarizədə də əhəmiyyətli müvəffəqiyyətə nail olmaq olar. Təəssüf ki, bu sahədə problemlər çoxdur və günü-gündən biz öz dəyərlərimizdən uzaqlaşırıq”.
V.İbayev narkotik asılılıqdan əziyyət çəkən şəxslərin müalicəsi üçün yaradılan reabilitasiya mərkəzləri barədə narazılıqlara da hüquqi baxımdan şərh verib: “Qanuni əsaslarla yaradılan qurumlara qanunsuz demək düzgün deyil. Məncə, reabilitasiya mərkəzləri zəruridir və bu, problemin həllində önəmli rol oynayır. Lakin həmin mərkəzlərin necə işləməsi, orada qanun və qaydalara necə riayət olunması müzakirə mövzusu ola bilər. Bunun üçün isə müvafiq faktlar olmalıdır. Hüquqşünas kimi əlimdə rəsmi faktlar olmadan bununla bağlı mülahizə söyləyə bilmərəm. Onu deyə bilərəm ki, zorakılıq, işgəncə və qəddar rəftar həm beynəlxalq hüquq, həm də milli qanunvericiliklə qadağandır. Bu sahədə faktlar mövcuddursa, hüquq-mühafizə orqanları dərhal tədbir görməlidir. Məsələn, mətbuatda reabilitasiya mərkəzlərində zorakılığın tətbiqi barədə məqalə və ya yazı dərc olunursa, bunun əsasında cinayət işi başlana və istintaq aparıla bilər. Yalnız istintaqın nəticələrinə əsasən müəyyən edilmiş faktlar hüquqi cəhətdən dəyərləndirilməlidir. Təəssüf ki, bizim cəmiyyətdə işgəncə faktları da istisna təşkil etmir. Heç kəs işgəncəyə məruz qoyulmamalıdır və buna qarşı ciddi mübarizə aparılmalıdır. Ombudsman təsisatında işgəncələrlə bağlı Milli Preventiv Mexanizm fəaliyyət göstərir. Zorakılıq faktları ilə bağlı hüquq-mühafizə orqanları ilə yanaşı, Milli Preventiv Mexanizmə də müraciət etmək olar”.
Sədr müavini Hüquq və İnsan Haqları İnstitutunun fəaliyyətində narkotik vasitələrin dövriyyəsi ilə bağlı məqamlara da toxunub: “İnstitutun əməkdaşlarının keçirdiyi təlimlərdə, xüsusən, polis əməkdaşları, penitensiar xidmət əməkdaşları, məhkumlar üçün təşkil olunan təlimlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə münasibət bildirilir, bu sahədə insan hüquqlarının müdafiəsi məsələləri diqqətə çatdırılır, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə bağlı maarifçilik fəaliyyəti həyata keçirilir. İnstitutun əməkdaşları bu sahədə vaxtaşırı məqalələrlə çıxış edirlər. İnstitutun nəşr etdiyi “Heydər Əliyev: Cinayətkarlıqla mübarizə” kitabında bir fəsil narkotik vasitələrin qanunsuz dövriyyəsinə həsr olunub. Həmin kitablar müxtəlif üsullarla yayılıb. 2004-cü ildə İnstitutumuz Təhsil Nazirliyi ilə razılaşma əsasında bir sıra məktəblərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tədbirlər keçirib”.
Tanınmış həkim-narkoloq Asif Kəngərli isə məsələyə fərqli aspektdən şərh verib.

Həkim müəllifi olduğu "Bəla" əsərindən mövzu ilə üst-üstə düşən məqamlara toxunub: “Əvvəllər narkotikin nə olduğunu bilməyən bir gənc, deyək ki, heroin qəbul etməyə başladı. Gəlin görək, bu zaman narkotik maddə həmin gənci nələrdən məhrum edir? Mənə görə, o adam beş şeydən məhrum olur. Əvvəla, can sağlığından, pul-paradan, yaxşı addan, sonra isə bu dünyasından və o dünyasından məhrum olur. Birincisi, narkotik hər şeydən qabaq, insanın sağlamlığını əlindən alır, onu ağır xəstəliklərə düçar edir. Narkomaniya psixosomatik xəstəlikdir, beləsinin nə sağlam canı, nə də sağlam ruhu ola bilər. İkincisi, narkotik maddə bahadır, onu almaq çoxlu pul tələb edir. Daim artan bu tələbatı ödəmək üçün narkoman pula gedən nəyi varsa satır, həmin pulu isə narkotikə sərf edir. Nəticədə, əvvəllər zəngin olan bir şəxs sonda var-yoxdan çıxır, müflisləşir və borca düşür. Narkomaniya öz ölümünü pulla satın almaqdır. Üçüncüsü, hər kəs istəyər ki, yaxşı adı olsun, “çünki yaman addan ölüm yaxşıdır”. Narkoman kim olursa-olsun, hansı ad-sana, fiziki, yaxud maddi imkanlara sahib olursa-olsun, onun adına bir damğa vurulmuş olur: “narkoman!” O bu ləkəli adla da yaşamaq məcburiyyətində qalır. Dördüncüsü, narkotik maddə qəbulu insanı bu dünyanın iş, ailə, dostlar kimi nemətərindən də məhrum edir. Bu cür insanlar yeyib-içməkdən, gəzməkdən, əylənməkdən zövq almırlar. Xəstə baxsa da, nə təbiətdəki, nə də ətrafdakı gözəllikləri görə bilmir. Narkomanın yalnız bir arzusu olur: nə olursa-olsun heroin tapmaq, iynə vurmaq! Əslində narkoman heç o maddədən də həzz ala bilmir, yalnız “ağrıya vurur”, yəni o güclü meylin qarşısında duruş gətirə bilmir, nəticədə həm “Əli aşı”ndan olur, həm də “Vəli aşı”ndan. Beşincisi, narkotik maddə insanı o dünyanın nemətindən, yəni Cənnətdən də məhrum edir. Çünki Allahın buyurduğu doğru yoldan sapıb Şeytana qulluq edən bir bəndəni Allah öz Cənnətinə niyə qəbul etsin? Narkotik maddə, yaxud alkoqoldan sui-istifadə etmək insanın sanki qibləgahını dəyişdirir. O, Kəbəyə deyil, artıq Şeytana səcdə qılır, bütün çirkinliklər də elə buradan qaynaqlanır. Əgər “içki bütün çirkinliklərin anası”dırsa, onda “narkotik də onun atası”dır. Mən Yer üzündə ikinci elə bir şey tanımıram ki, narkotik maddə qədər adamı hər şeydən belə total şəkildə məhrum edə bilsin. Vaxtilə sağlam olan bir gəncin narkotikə uyması bir əsgərin itirilməsi, yaxud bir qızın “boş” qalması deməkdir. Əgər o ailəlidirsə, onda o ailənin başı üzərində Damokl qılıncı asılmış kimidir: boşanma təhlükəsi anbaan artar. Bunu da deyim ki, ölkəmizdə ailəli narkomanlardan törəyən, müxtəlif fiziki və psixi qüsurlu uşaqların problemləri də əmələ gəlib. O uşaqlar böyüdükcə problemlər də artacaq, böyüyəcək... Azərbaycanda 35 min qeydiyyatda olan psixoaktiv maddə qəbuledicisi – xəstə var. Əhali arasında belə xəstələrin ümumi sayını tapmaq üçün bütün dünyada həmin rəqəmə bir sıfır əlavə etmək qəbul olunub. Demək, Azərbaycanda 350 min belə xəstə yaşayır, onlar asılı şəxslər adlanırlar. Həmin xəstələrlə bir yerdə yaşamaq məcburiyyətində qalan, hər gün əsəbiləşən, yuxusu pozulan, zillət çəkən ailə üzvlərinə isə "müştərək asılı şəxslər" deyilir. Əgər asılı və müştərək asılı şəxsləri toplasaq, onda çox böyük bir rəqəm alınar. Müştərək asılılar asılı şəxslərin yaratdığı problemlərin içərisində çabalayır, əziyyət çəkir, xəstələnirlər, çünki “xəstə xəstə olmaz, xəstə becərən xəstə olar” deyiblər”.
Həkim deyib ki, narkomaniya və alkoqolizmə qarşı mübarizə aparmaq həm də həmin şəxslərin səhhəti, bəlkə də, həyatı uğrunda mübarizə aparmaq deməkdir: “1996-cı ildə ölkə başçısı narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə aparmaq üçün fərman və sərəncam imzalayıb. Həmin sərəncama görə, keçmiş Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi) ilə Mədəniyyət Nazirliyi kompleks maarifləndirici və profilaktik tədbirlər görməlidirlər. Təhsil Nazirliyi orta məktəblərin ədəbiyyat üzrə tədris proqramına tabakomaniya, alkoqolizm və narkomaniyadan bəhs edən əsərlər salmalı, onları tədris etməlidir. Mən müəllifi olduğum “Zəhrimar” və digər hekayələri aşağı siniflərdə, “Bəla” pyesini isə yuxarı siniflərdə tədris etməyi təklif edirəm. Bu əsərlərin mövzusuna uyğun inşalar yazılmalı, bu problemlər hər sinifdə müzakirə predmetinə çevrilməlidir. “Tütünçəkmə barədə hər şey”, “Alkoqol – sağlamlığın və sağlam həyat tərzinini düşməni” və “Narkotik maddə – ailəvi qırğın silahı” adlı kitablar isə sinifdənxaric oxu kimi təlim materialına daxil edilməlidir. Əgər belə olarsa, onda siqaretə, alkoqola və narkotik maddələrə qarşı böyük bir maarifləndirici iş aparılmış olar. Mədəniyyət Nazirliyi isə “Bəla”, “Zəhrimar” adlı pyeslərlə yanaşı, digər müəlliflərin əsərlərini də Azərbaycan və rus dillərində tamaşaya qoymalı, filmlər çəkməli, kitablar çap etməlidir. Çalışmaq lazımdır ki, orta məktəb şagirdləri ədəbiyyatdan bir dərsi teatrda keçsinlər, bu mümkün deyilsə, onda həmin dərsin sinifdə film tamaşası təşkil olunmalıdır. Belə çox maraqlı və əyani olar, yadda qalardı. Şuşa Dövlət Musiqili Dram Teatrının repertuarında hazırda "Bəla" əsərim var. Yəqin ki, gələn ildən Gəncə Dövlət Milli Dram Teatrında da səhnələşdiriləcək. Bakı Bələdiyyə Teatrında da həmçinin. İnsan istəyəndə hər şey edə bilər. Gücüm çatan qədər əlimdən gələni etdim ki, millətimiz narkotikin fəsadları barədə maariflənsin, həyatını sağlam keçirsin. Müxtəlif tədbirlərdə dəfələrlə demişəm ki, narkomaniya, xüsusilə, son vaxtlar alkoqolizm artır. Bəs nə üçün qarşısı alına bilmir? Çünki maarifləndirmə işi lazımi səviyyədə deyil. Dövlət əlindən gələni edir, Ulu Öndər Heydər Əliyevin də, cənab Prezident İlham Əliyevin də bu barədə sərəncamları var. Dövlət istəyir ki, narkomaniya geniş yayılmasın, çünki bu bizim milli kimliyimizi təhdid edir. Bəs nədə axsayırıq? Son vaxtlar qızlar da müraciət etməyə başlayıb. Azərbaycanlı qızı narkomaniyaya, alkoqolizmə görə müraciət edir ki, müalicə olunsun. Bu faciədir! Biz nədə qazana bilərik? Maarifləndirmə işində”.
Aytəkin Qardaşova
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin