BURADA REKLAMINIZ OLA
BİLƏR

Xərçəng xəstəliyini vaxtında aşkarlamaq üçün nə etmək lazımdır? - Onkoloqdan AÇIQLAMA

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. Məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadın olub. 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenitörəməli xəstələrin ümumi sayı 74 004 nəfər olub. Mütəxəssislər bu barədə həyəcan təbili çalır. Belə ki, əksər insanda ümumi müayinə zamanı xəstəliyin artıq sonuncu mərhələdə olduğu aşkar edilir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tibbi onkoloq, Amerika və Avropa onkoloqlar cəmiyyətinin üzvü Pərvanə Rüstəmovanın sözlərinə görə, xərçəng xəstəliyinin ən təhlükəli əlaməti bəzən heç bir əlamətin olmamasıdır.

Dr. Pərvanə Rüstəmova | Onkoloq

O qeyd edib ki, mövcud xəstəlik erkən mərhələlərdə çox zaman hansısa əlamət vermir: “Buna görə də insan özünü tam sağlam hiss etdiyi halda belə, xəstəlik təsadüfi müayinə zamanı, bəzən isə artıq III-IV mərhələdə aşkar oluna bilər. Bu isə o demək deyil ki, xərçəng birdən yaranıb. Əksər hallarda xəstəlik uzun müddət səssiz inkişaf edir. Məhz buna görə profilaktik müayinələr böyük əhəmiyyət daşıyır. Lakin hər kəs üçün “bütün orqanizmi yoxlatdırmaq” və ya “ildə bir dəfə PET/KT etdirmək” doğru yanaşma deyil. Skrininq müayinələri yaşa, cinsə, ailə tarixçəsinə və risk faktorlarına uyğun planlaşdırılmalıdır. Sağlam insanlar üçün ilk növbədə ailə həkiminə və ya terapevtə müraciət etmək tövsiyə olunur”.

 

Onkoloq bildirib ki, həkim ümumi sağlamlıq vəziyyətini qiymətləndirərək hansı müayinələrin lazım olduğunu müəyyən etməlidir: “Qadınlarda 40 yaşdan etibarən mütəmadi mamoqrafiya ilə süd vəzi xərçəngi skrininqi, 21 yaşdan etibarən uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün PAP-test və lazım olduqda HPV testi, 45 yaşdan etibarən yoğun bağırsaq xərçəngi üçün kolonoskopiya və ya digər skrininq testləri, uzun illər siqaret çəkmiş yüksək riskli şəxslərdə aşağı dozalı ağciyər KT müayinəsi ən vacib skrininq müayinələridir. Risk qrupunda olan şəxslərdə isə həkimin tövsiyəsinə əsasən əlavə müayinələrə ehtiyac ola bilər. Unutmaq olmaz ki, qan analizləri və ya şiş markerləri sağlam insanlarda xərçəngin erkən aşkarlanması üçün skrininq vasitəsi deyil və rutin olaraq hər kəsə tövsiyə edilmir. Xərçəngin erkən aşkarlanmasının ən etibarlı yolu risk faktorlarını nəzərə almaq, yaşa uyğun skrininq proqramlarında iştirak etmək və bədəndə uzun müddət davam edən hər hansı qeyri-adi əlaməti vaxtında həkimlə qiymətləndirməkdir. Erkən diaqnoz qoyulan xərçəng növlərinin əksəriyyətində müalicənin uğur faizi əhəmiyyətli dərəcədə yüksək olur”.

 

Şəhanə Qədirli

Tarix: 29 İyun 2026, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin