BURADA REKLAMINIZ OLA
BİLƏR

Ustanı qısqanclıq zəminində bıçaqlayan şəxsin cəzası azaldıldı

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əkbər Səfərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilib və ona təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

 

İttihama görə, hadisə 2024-cü ilin iyul ayında Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində yerləşən “Terrasa” çay evinin yaxınlığında baş verib.

 

Belə ki, Əkbər Səfərov həyat yoldaşı ilə həmkəndlisi olan zərərçəkmiş Namiq Yusifov (adı, soyadı şərtidir) arasında yaxın münasibətin olmasından şübhələnib. Bu səbəbdən o, zərərçəkmişin işlədiyi avtomobil təmiri sexinə gələrək onunla arvadı arasında münasibət saxlaması iddiasına görə mübahisə edib. Mübahisə zamanı Əkbər Səfərov üzərində gəzdirdiyi mətbəx bıçağından istifadə edib. O, Namiqin qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi endirib.

 

Nəticədə zərərçəkmiş şəxsə qarının ön divarında daxilə keçən, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan və həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti yetirilib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə yetirilən xəsarətlər qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əkbər Səfərov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzanın ağır olduğunu bildirib və onun yüngülləşdirilməsini xahiş edib.

 

Kamal Məmmədov

 

 

Tarix: 29 İyun 2026, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin