BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "General-mayor Mürsəl İbrahimovun fikri təhsilin və elmin əhəmiyyətini azaltmır"

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun "əsgərlik kişilik məktəbidir" fikrini cəmiyyətimiz düzgün anlamayıb. Burada söhbət cinsiyyət üstünlüyündən getmir. Gəncliyin xarakterinin möhkəmlənməsindən, məsuliyyət hissinin formalaşmasından, vətəndaş kimi yetişməsindən gedir. Tarixən bu ifadə hərbi xidmətin gənclərdə intizam, məsuliyyət, kollektivdə işləmək bacarığı və çətinliklərə dözümlülük kimi keyfiyyətlər formalaşdırdığını ifadə edib. Bu baxımdan, fikrin sosial və tərbiyəvi əsası var".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Samir Vəliyev deyib.

 

Deputat bildirib ki, bu anlayış uzun illər ərzində formalaşmış sosial təcrübəyə əsaslanır:

 

"Hərbi xidmət gənci rahat həyat şəraitindən çıxararaq onu nizam-intizama riayət etməyi, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyi öyrədir. O, fərdin maraqlarını kollektiv maraqlarla uzlaşdırmağı, komanda şəklində fəaliyyət göstərməyi, çətin şəraitdə qərar qəbul etməyi və məsuliyyət daşımağı öyrədir. Əsgərlik həm də vətənpərvərlik məktəbidir. Gənc dövlətin təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün hansı zəhmət və fədakarlıq hesabına qoruduğunu yaxından dərk edir. Müxtəlif bölgələrdə olan insanlarla birlikdə xidmət etməsi milli həmrəyliyi, qarşılıqlı hörməti və birlik hissini gücləndirir. Təbii ki, müasir dövrdə dövlətə xidmət təkcə silahla deyil, elm, təhsil, texnologiya, iqtisadiyyat, diplomatiya ilə də həyata keçirilir. Lakin bu, hərbi xidmətin insanın xarakterinin formalaşmasındakı rolunu azaltmır. Güclü dövlət həm savadlı alimə, həm bacarıqlı mühəndisə, həm də peşəkar hərbçiyə ehtiyac duyur. Hörmətli general-mayor Mürsəl İbrahimovun fikri təhsilin və elmin əhəmiyyətini azaltmır. Əksinə, sağlam xarakterlə yüksək biliyin bir-birini tamamladığını göstərir. Ümumiyyətlə, əsgərlik vətən qarşısında borc hissini öyrədən mühüm həyat məktəblərindən biridir. Nəticə etibarilə, general-mayor Mürsəl İbrahimovun söylədiyi fikri interpretasiya etmək doğru deyil".

 

Aytəkin Qardaşova

Tarix: 29 İyun 2026, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin