BURADA REKLAMINIZ OLA
BİLƏR

Ginekoloq: “63 yaşında ana olmaq istisna haldır və yüksək risk daşıyır”

Azərbaycanda 63 yaşlı qadının uzun illərdən sonra övlad sahibi olması gec yaşda hamilə qalmaq ehtimalının olub-olmaması ilə bağlı mövzunu aktuallaşdırıb.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən mama-ginekoloq Ləman Əliyeva bildirib ki, gec yaşda hamiləlik mümkündür, lakin risksiz deyil.

 

Onun sözlərinə görə, xüsusilə 50 yaşdan sonra hamiləliklərin böyük əksəriyyəti donor yumurta və süni mayalanma (IVF) ilə baş tutur: “Anada hipertoniya, preeklampsiya, gestasion diabet inkişaf etmə ehtimalı artır. Vaxtından əvvəl doğuş və keysəriyyə əməliyyatı ehtimalı daha yüksək olur. Plasenta ilə bağlı problemlər (plasenta previa, plasentanın vaxtından əvvəl ayrılması və s.) daha çox rast gəlinə bilər. Ana orqanizminin ürək-damar sistemi və digər orqanlarına düşən yük artır. Ona görə hamiləlikdən əvvəl kardioloji və ümumi sağlamlıq qiymətləndirilməsi çox vacibdir”.

 

Ginekoloq qeyd edib ki, hamiləlik planlaşdırılarkən qadının bioloji yaşı ilə yanaşı, ümumi sağlamlıq vəziyyəti də həlledici rol oynayır: “Belə hamiləliklər multidissiplinar komanda (mama-ginekoloq, kardioloq, endokrinoloq və lazım gəldikdə digər mütəxəssislər) tərəfindən izlənməlidir. 63 yaşında ana olmaq tibbin imkanları sayəsində mümkün ola bilər, lakin bu, istisna haldır və həm ana, həm də körpə üçün yüksək risk daşıyır. Belə hallarda fərdi qiymətləndirmə, düzgün seçim və peşəkar tibbi nəzarət sağlam nəticənin əsas şərtidir”.

 

Şəhanə Qədirli

Tarix: 30 İyun 2026, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin