BURADA REKLAMINIZ OLA
BİLƏR

Albalı mürəbbəsinə mixək əlavə edin – dadına heyran qalacaqsınız

Ətirli mixək və turşməzə albalının möhtəşəm uyğunluğu ilə hazırlanan bu mürəbbə səhər süfrələrinizin sevimlisinə çevriləcək. Onu qaymaq, təzə pendir, dondurma, tort və müxtəlif desertlərlə birlikdə təqdim edə bilərsiniz.


Pravda.az bildirir ki, mürəbbəni hazırlayarkən bir neçə sadə məqama diqqət etsəniz, həm rəngi, həm də konsistensiyası ideal alınacaq.


Albalının çəyirdəyini daha rahat çıxarmaq üçün meyvələri yuduqdan sonra bir qat şəklində siniyə düzün və dondurucuda azca bərkiyənə qədər saxlayın.


Təxminən 20 ədəd albalı çəyirdəyini təmiz tənzif kisəsinə qoyub mürəbbə ilə birlikdə bişirmək onun daha yaxşı qatılaşmasına kömək edir.


Lazım olan ərzaqlar:


1250 qram albalı (sapı və çəyirdəyi çıxarıldıqdan sonra 1 kq qalacaq)
7–8 ədəd mixək
700 qram şəkər tozu
1/2 çay qaşığı limon duzu
1/2 çay qaşığı kərə yağı


Hazırlanması


Albalıları saplarından ayırın, əzilməməsinə diqqət edərək yuyun və süzgəcdə qurudun. Daha sonra onları bir qat şəklində siniyə düzərək dondurucuda azca bərkiyənə qədər saxlayın. Çəyirdəklərini çıxarıb mürəbbə qazanına tökün. Üzərinə şəkər və mixəyi əlavə edin. Təxminən 20 ədəd çəyirdəyi təmiz tənzif kisəsinə qoyaraq qazana salın. Qazanın qapağını örtün və albalılar suyunu buraxana qədər 4–5 saat gözləyin. Sonra kərə yağını əlavə edin. Qapağı açıq şəkildə orta odda qaynamağa başlayandan sonra təxminən 25 dəqiqə bişirin. Ardınca limon duzunu əlavə edib 2–3 dəqiqə sonra ocaqdan götürün. Çəyirdəklərin olduğu kisəni çıxarıb atın. Əgər günəş düşən eyvanınız varsa, mürəbbəni şüşə qaba tökün, üzərini nazik tənziflə örtərək 4–5 gün günəş altında saxlayın. Bu, mürəbbənin təbii şəkildə qatılaşmasına kömək edəcək.


Qeyd: Əgər günəşli eyvanınız yoxdursa, mürəbbəni qaynamağa başladıqdan sonra 30 dəqiqədən çox bişirməyin. Limon duzunu əlavə etdikdən 2–3 dəqiqə sonra bir qaşıq mürəbbəni boşqaba damızdırın. Damcı yayılmır və formasını saxlayırsa, mürəbbə hazırdır. Əks halda maksimum 4–5 dəqiqə də bişirə bilərsiniz. Həddindən artıq qaynatmayın ki, rəngi tündləşməsin və həddindən artıq qatı olmasın. Hazır mürəbbəni steril şüşə bankalara doldurun. Tam soyuduqdan sonra qapaqlarını möhkəm bağlayın və sərin yerdə saxlayın.


Əminə Bayramova 

Tarix: 30 İyun 2026, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin