BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadı ilə birgə şəhərin mərkəzində xuliqanlıq edən şəxs məhkəmə zalında həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Malik İmanov və onun həyat yoldaşı Məleykə İmanovanın (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Astara Rayon Məhkəməsinin hökmü Malik İmanova cəza təyin edilməsi hissəsində dəyişdirilib. Ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Malik İmanov məhkəmə iclas zalından dərhal həbs edilib.

 

İttihama əsasən, hadisə 2025-ci ilin iyun ayında, saat 13 radələrində Astara şəhəri, C.Qurbanzadə küçəsində yerləşən “Gənclər Palace” şadlıq sarayının qarşısında baş verib.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, hadisədən təxminən bir saat əvvəl Astara şəhərinin Nizami küçəsində yerləşən “Halal market”in yaxınlığında Malik İmanov övladı ilə birlikdə yolu keçərkən tanışı olan zərərçəkmiş Fərəc Vəliyev (adı, soyadı şərtidir) idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə onların yaxınlığından keçib. Təqsirləndirilən şəxsin iddiasına görə, həmin vaxt sürücü avtomobili onların üzərinə sürüb və onun ünvanına nalayiq ifadələr işlədib.

 

Daha sonra tərəflər “Gənclər Palace” şadlıq sarayının qarşısında qarşılaşıblar. Malik İmanov həmin hadisəni bəhanə edərək uca səslə nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozaraq zərərçəkmiş şəxsin üzərinə hücum edib.

 

Belə ki, o, Fərəcin ağız nahiyəsinə yumruqla bir zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin üst dodaq nahiyəsində qançır əmələ gəlib və ona dərəcəsi təyin edilməyən xəsarət yetirilib.

 

Bununla kifayətlənməyən Malik İmanov Fərəcə məxsus “Hyundai Sonata” markalı avtomobilin sol yan hissəsinə bir neçə dəfə təpiklə zərbə vuraraq nəqliyyat vasitəsini zədələyib. Hadisə nəticəsində avtomobil sahibinə 320 manat məbləğində maddi ziyan dəyib.

 

İttihama görə, qrupun digər üzvü olan Malik İmanovun arvadı Məleykə İmanova da hadisəyə qoşularaq digər zərərçəkmiş Habil Ömərovun (adı, soyadı şərtidir) ünvanına nalayiq ifadələr işlədib və onun üzərinə hücum edib.

 

Müəyyən edilib ki, qadın Habilə təpiklə xaya nahiyəsindən bir dəfə zərbə vurub. Zərbə nəticəsində zərərçəkmiş şəxsin xaya nahiyəsində qançır əmələ gəlib və ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilib.

 

Bundan başqa, Məleykə İmanova zərərçəkmiş Fərəc Vəliyevə məxsus “Hyundai Sonata” markalı avtomobilin arxa hissəsinə təpiklə zərbə vuraraq nəqliyyat vasitəsinə əlavə ziyan vurub. Bu hərəkət nəticəsində avtomobil sahibinə daha 40 manat məbləğində maddi ziyan dəyib.

 

İstintaq materiallarına əsasən, ər-arvadın qərəzli hərəkətləri təxminən 5 dəqiqə davam edib və hadisə ətrafda olan şəxslərin narahatlığına, ictimai qaydanın pozulmasına səbəb olub.

 

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə – bir qrup şəxs halında qərəzli xuliqanlıq kimi tövsif edilib.

 

Astara Rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.

 

Kamal Məmmədov

 

 

Tarix: 1 İyul 2026, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin