BURADA REKLAMINIZ OLA
BİLƏR

Xuliqanlıq etdi, həmyerlisini döydü, maşınlara ziyan vurdu, 4,3 il həbs cəzası aldı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əşrəf Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İş materiallarına əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə, yəni silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq cinayətini törətməkdə təqsirli bilinib.

 

İttihama görə, hadisə 2025-ci ilin may ayında, saat 19 radələrində Füzuli rayonunun Horadiz şəhərində, Heydər Əliyev prospektində yerləşən “Köndələn” yeməkxanasının yaxınlığında baş verib.

 

Müəyyən edilib ki, Əşrəf Kərəmov heç bir əsaslı səbəb olmadan Horadiz şəhər sakini olan zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı o, zərərçəkmiş şəxsin sol gözaltı nahiyəsinə yumruq zərbəsi endirib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin sol gözaltı nahiyəsində qançır əmələ gəlib və ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirilib.

 

Araşdırma zamanı məlum olub ki, hadisə bununla bitməyib. Təxminən 5-10 dəqiqə sonra təqsirləndirilən şəxs yenidən xuliqanlıq hərəkətlərini davam etdirib.

 

Belə ki, Əşrəf Kərəmov etibarnamə ilə idarə etdiyi “VAZ-21214” markalı avtomobillə Horadiz şəhərində yerləşən marketin yaxınlığına gəlib və maşını qəsdən zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) üzərinə sürüb. Zərərçəkmiş şəxs son anda kənara çəkildiyindən avtomobil ona dəyməyib.

 

Bundan sonra Əşrəf Kərəmov idarə etdiyi avtomobili qəsdən zərərçəkmiş şəxsə məxsus “Changan Uni-T” markalı avtomobilə vurub. Zərbənin təsirindən “Changan Uni-T” markalı avtomobil yaxınlıqda dayanmış digər şəxsə məxsus “VAZ-21154” markalı avtomobilə çırpılıb.

 

Nəticədə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan dəyib. Belə ki, “Changan Uni-T” markalı avtomobilin sahibinə 4 641 manat, digər avtomobilin sahibinə isə 540 manat məbləğində maddi ziyan vurulub.

 

İstintaq orqanı hadisəni silah qismində istifadə olunan əşyanın tətbiqi ilə törədilmiş təkrar qərəzli xuliqanlıq əməli kimi qiymətləndirib.

 

Füzuli Rayon Məhkəməsinin hökmü ilə Əşrəf Kərəmov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Birinci instansiya məhkəməsinin hökmündən o, apellyasiya şikayəti verərək özünü həmin maddə üzrə təqsirli bilmədiyini, işinə yenidən baxılmasını və əmələnin hüquqi tövsifinin dəyişdirilməsini xahiş edib.

 

Hökmdən, həmçinin onun müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiə tərəfi məhkəmə hökmünün cəza hissəsində dəyişdirilməsini, təqsirləndirilən şəxsə daha yüngül və minimum həddə cəza təyin edilməsini, eləcə də Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələbləri nəzərə alınmaqla yekun cəzanın minimum həddə müəyyən edilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 1 İyul 2026, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin