BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc ondan şikayət edən sevgilisinin nənəsinə və qohumuna xəsarət yetirdi – CƏZA

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada, qəsdən sağlamlığa yüngül zərər vurmada və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Cəfər Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti qismən təmin olunub, Saatlı Rayon Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Həmin hökmlə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, 2002-ci il təvəllüdlü Cəfər Tağıyev əvvəllər sevgi münasibətində olduğu həmkəndlisi D.D.-niin (adı, soyadı şərtidir) ona qarşı zor tətbiq edərək sağlamlığına yüngül zərər vurması faktı ilə bağlı başlanmış cinayət işində şikayətin geri götürülməsinə nail olmaq məqsədilə 2025-ci ilin iyun ayında gecə saatlarında Saatlı rayonunun Musalı kəndində yaşayan qadının nənəsi və digər ailə üzvlərinin evinə gedib.

 

Müəyyən edilib ki, o, fərdi yaşayış evinin darvazasının bağlı olduğunu görərək hasarın üzərinə çıxıb həyətyanı sahəyə daxil olub. Daha sonra evin giriş qapısını döysə də, evdə olan sakinlər qapını açmayıblar. Buna əsəbiləşən təqsirləndirilən şəxs evin pəncərəsini sındıraraq qanunla müəyyən edilmiş əsaslar olmadan mənzilə daxil olub və bununla da evdə yaşayan şəxslərin mənzil toxunulmazlığını pozub.

 

İstintaq materiallarına əsasən, Cəfər Tağıyev ardınca özü ilə gətirdiyi mətbəx bıçağı ilə evin qonaq otağında olan 1954-cü il təvəllüdlü Səmayə Səfərzadənin (adı, soyadı şərtidir) üzərinə hücum edib. O, qocanın nəvəsinin gözü qarşısında zərərçəkmişə xüsusi amansızlıqla çoxsaylı zərbələr endirib.

 

Nəticədə Səmayə Səfərzadəyə ənsə nahiyəsində, sağ bazu oynağı və çiyin qurşağı nahiyəsində, sağ bazunun arxa səthində və sağ qoltuqaltı nahiyəsində kəsilmiş-deşilmiş yaralar yetirilib. Bundan əlavə, Cəfər yumruq və təpik zərbələri endirməklə qadının bədəninin müxtəlif nahiyələrində qançırlar əmələ gətirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, bıçaq yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilib.

 

Bundan sonra təqsirləndirilən şəxs mətbəxə qaçaraq gizlənməyə çalışan zərərçəkmişin digər nəvəsi. Zərərçəkmiş Samirə Səfərzadənin (adı, soyadı şərtidir) arxasınca gedib. O, mətbəxdə olan suqızdıran, həmçinin yumruq və təpiklə gənc qadının baş və bədən nahiyələrinə çoxsaylı zərbələr endirib.

 

İş materiallarından məlum olub ki, Cəfər zərərçəkmişi yerə yıxdıqdan sonra onun sol qolunu buraraq sol bazu sümüyünün aşağı ucunun sınığına və sol dirsək oynağının qapalı çıxığına səbəb olub. Ekspertiza həmin xəsarətləri sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurma kimi qiymətləndirib.

 

Cəfər Tağıyevə Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan olunub.

 

Saatlı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs qeyd olunan əməlləri törətməkdə təqsirli bilinərək 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə zalında həbs olunub.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 1 İyul 2026, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin