BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada 24 il əvvəl qayınatasını qətlə yetirən azərbaycanlı ilə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə Rusiyanın Sankt-Peterburq şəhərində 2002-ci ildə qeyri-rəsmi nikahda olduğu həyat yoldaşının atasını qətlə yetirməkdə təqsirləndirilən Lənkəran sakini Kamran Həbibovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

İttihama görə, Kamran İlyas oğlu Həbibov 1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək orada yaşamağa başlayıb. Daha sonra həmin şəhərdə Natalya Fasiy adlı Rusiya vətəndaşı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olublar. Bu münasibətdən onların övladları da dünyaya gəlib.

 

İttihamda qeyd olunub ki, 2022-ci ildə Kamran Həbibovun Natalyanın qardaşı Ruslan Fasiylə mübahisəsi yaşanıb. Bu zaman Ruslan ona çubuqla xəsarət yetirib. Kamran qisas almaq üçün onların evinə yollanıb. Orada qeyri-rəsmi nikahda olduğu Natalyanın atası Aleksey Fasiylə mübahisə edib. Kamran Məmmədov mübahisə zamanı Aleksey Fasiyə bıçaqla xəsarət yetirərək öldürüb.

 

Kamran Həbibov hadisədən sonra Azərbaycana qayıdıb. O, uzun müddət axtarışda olub, 9 dekabr 2024-cü ildə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib.

 

O, məhkəmədə təqsirsiz olduğunu, Aleksey Fasiyi qətlə yetirmədiyini bildirib.

 

Kamran Həbibov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Kamran Həbibov 13 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələrindən cinayətin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif olunub və o, cinayətin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 2 İyul 2026, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin