BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan Emin Əmrullayev və Hafiz Paşayev arasındakı dialoqa REAKSİYA

Elm və təhsil naziri Emin Əmrullayev dəfələrlə çıxışlarında cəmiyyətin onun fikirlərini düzgün anlamadığını, fərqli yozulduğunu vurğulayıb. Ötən gün tələbələrlə görüş zamanı ADA Universitetinin rektoru Hafiz Paşayevlə baş tutan dialoqu da müzakirələrə səbəb olub. Belə ki, görüş əsnasında rektorla nazir arasında yaşanan maraqlı dialoq sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və “Əgər nazirin fikirlərini təkcə sıravi vətəndaşlar deyil, uzun illər diplomatik fəaliyyət göstərmiş, akademik, universitet rektoru da fərqli şəkildə anlayırsa, problem həqiqətən auditoriyadadırmı?” sualını doğurub.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova hesab edir ki, bu məsələyə emosional deyil, sağlam məntiqlə yanaşmaq lazımdır.

 

Deputatın sözlərinə görə, E.Əmrullayevi tanıyanların çoxu onun kifayət qədər səmimi, açıq danışan və fikirlərini çəkinmədən ifadə edən bir rəhbər olduğunu qeyd edirlər: “Bəzən insan səmimi şəkildə söylədiyi fikrin sonradan müxtəlif kontekstlərdə təqdim oluna və ya fərqli yozula biləcəyini əvvəlcədən hesablaya bilmir. Bu, xüsusilə ictimai vəzifə daşıyan şəxslər üçün kommunikasiya baxımından həssas məqamdır. Məncə, burada hansısa gizli məna axtarmaqdansa, deyilən fikrin mahiyyətinə diqqət yetirmək daha doğru olar. Hafiz Paşayev isə uzun illərdir həm akademik, həm də ictimai mühitdə öz yüksək intellekti, yumor hissi və səmimi ünsiyyət tərzi ilə tanınan bir şəxsdir. Onun həmin dialoqdakı ifadələrini də mən daha çox uzun illərin qarşılıqlı hörmətinə, səmimi münasibətinə və zarafat çalarına malik bir söhbətin elementi kimi qiymətləndirərdim. Hesab etmirəm ki, burada hansısa qarşıdurma və ya kimisə çətin vəziyyətdə qoymaq niyyəti axtarmaq lazımdır. Ümumiyyətlə, dövlət rəsmilərinin bir araya gəldiyi tədbirlərdə səmimi dialoqların olması normal haldır. Ayrı-ayrı ifadələri kontekstdən çıxararaq geniş nəticələr çıxarmaq isə çox vaxt yanlış təsəvvür yaradır. Bu kimi məsələlərə sensasiya prizmasından deyil, sağlam və səmimi yanaşmaq daha faydalıdır”.

 

Şəhanə Qədirli

Tarix: 2 İyul 2026, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin