BURADA REKLAMINIZ OLA
BİLƏR

AQTA “Araz” və “Rahat” marketdə yoxlamalar apardı – Zərərli spred yağları satırlar

“Təəssüf ki, hələ də bəzi “sahibkarlar” istehlakçıların məlumatsızlığından istifadə edib, spred yağı-digər bitki tərkibli yağları kərə yağı kimi satmağa cəhd göstərirlər. Plandankənar yoxlamaların əksəriyyəti vətəndaşların müraciətləri, eləcə də jurnalist həmkarlarımın verdiyi məlumatlar əsasında həyata keçirilir”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva məlumat yayıb.

 

A.Feyziyeva qeyd edib ki, burada məsuliyyət birbaşa sahibkarın üzərinə düşür, çünki o istehlakçını daha ucuz yağla aldatmağa cəhd göstərir: “Narahatedici məqam isə ondan ibarətdir ki, bəzən bunu paylaşan həmkarlarımız istehlakçını aldatmağa çalışan dələduz sahibkarlar əvəzinə AQTA-nı hədəf seçir. Amma Agentliyin Əsasnaməsi ilə az da olsa tanış olan bilir ki, AQTA nəinki satış, ümumilikdə qida zənciri boyu tərəflərin vəzifələrini, öhdəliklərini müəyyən edir. Hər gün Agentliyin qaynar xəttinə onlarla belə şikayət daxil olur və hər biri də yerində araşdırılaraq ən sərt tədbirlər görülür. Əlbəttə media nümayəndələrinin də prosesə bu cür aktiv qoşulması ümumi işin xeyrinədir. Sadəcə burada AQTA-nın adını həvəslə hallandıran həmkarlarıma nacizanə tövsiyəm odur ki, “auditoriyaya oynamaq” əvəzinə, bizimlə əl-ələ verib məlumatsız istehlakçıları bilgiləndirsinlər və onları aldatmağa çalışan “sahibkarlar” lardan qorusunlar. Yeri gəlmişkən onu da deyim ki, əməkdaşlarımız Bakıda Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 20 ünvanında yerləşən “Araz” marketdə və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən “Rahat” marketdə yoxlamalar keçiriblər. Yoxlamalar zamanı hər iki marketdə bir sıra yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsinə dair qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb. Yoxlamada bitki spred yağların istehlakçılara kərə yağı adı altında satılması halları aşkarlanıb ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır. Hər iki marketin rəhbərliyi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb və inzibati qaydada cərimə tətbiq olunub”.

Tarix: 16 Dekabr 2019, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin