BURADA REKLAMINIZ OLA
BİLƏR

İçə qapalı uşaqlarla necə ünsiyyət qurulmalı?

Bəzi uşaqlar təbiətcə daha sakit, utancaq və içə qapalı ola bilərlər. Onların bu xüsusiyyəti valideynlərdə bəzən narahatlıq yaradır. Bəs daxili dünyası zəngin, lakin bunu biruzə verməkdə çətinlik çəkən içə qapalı uşaqlarla doğru ünsiyyət necə qurulmalıdır?


Pravda.az həmin uşaqlarla diqqət yetirilməsi vacib olan məqamları təqdim edir:


​Onları olduğu kimi qəbul edin və hörmət göstərin

​

Hər uşağın fərqli bir xarakteri var. İçə qapalı uşaqları zorla sosiallaşdırmağa çalışmaq, onları daha çox sıxa və özlərinə qapatmağa məcbur edə bilər. İlk addım, uşağınızın bu xarakterini qəbul etmək və ona daxili dünyasını kəşf etmək üçün ehtiyac duyduğu sahəni və zamanı tanımaqdır.


​Səbirli olun və dinləyin


​İçə qapalı uşaqlar duyğularını və fikirlərini dərhal bölüşməyə meylli deyillər. Onlarla ünsiyyət qurarkən təzyiq göstərmədən, səbirlə gözləmək lazımdır. Danışmaq istədikləri zaman isə bütün diqqətinizi onlara verərək, aktiv şəkildə dinlədiyinizi hiss etdirin.


​Təklikdə keçirdikləri zamana hörmət edin


​Sosial mühitlər və sıx ünsiyyət içə qapalı uşaqların enerjisini tez tükədə bilər. Onların enerjilərini bərpa etmək üçün öz otaqlarında və ya sakit bir küncdə tək qalmağa, kitab oxumağa və ya oyun oynamağa ehtiyacları var. Bu zaman kəsiyini onlardan əsirgəməyin.


​Kiçik qruplarla sosiallaşmasına şərait yaradın


​Böyük və səs-küylü uşaq qrupları bu tip uşaqlar üçün qorxulu və yorucu ola bilər. Onların sosial bacarıqlarını inkişaf etdirmək üçün böyük partilər yerinə, bir və ya iki dostu ilə birlikdə vaxt keçirə biləcəyi daha sakit mühitlər təşkil edin.


​Yaradıcı fəaliyyətlərə yönləndirin


​İçə qapalı uşaqlar sözlərlə ifadə edə bilmədikləri duyğularını sənət vasitəsilə çox gözəl ötürürlər. Rəsm çəkmək, gil ilə işləmək, yazı yazmaq və ya hər hansı bir musiqi alətində ifa etmək kimi yaradıcı fəaliyyətlər onların daxili dünyasını xaricə vurmasına kömək edəcək.


​Məcburi suallardan qaçın


​"Məktəbdə nə etdin?", "Niyə heç kimlə oynamırsan?" kimi birbaşa və sorğu-sual xarakterli cümlələr uşaqda müdafiə instinkti yaradır. Bunun əvəzinə öz gününüz haqqında kiçik bir hekayə danışaraq onun da söhbətə qoşulmasına zəmin yarada bilərsiniz.


​Güvən hissini gücləndirin


​Uşağınızın hər bir halda sevildiyini və dəstəkləndiyini bilməyə ehtiyacı var. Onu başqa aktiv və ya sosial uşaqlarla müqayisə etməkdən qətiyyən qaçın. Özünü təhlükəsizlikdə və dəyərli hiss edən uşaq, zamanla daxili dünyasının qapılarını sizə daha rahat açacaqdır.


Əminə Bayramova 

Tarix: 2 İyul 2026, 17:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin