BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Heç kim bizimlə diktə dili ilə danışa bilməz, Petra Bayr ermənipərəst qüvvələrin əlində bir alətdir, ondan istifadə edirlər”

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Petra Bayr öz köhnə ampluasındadır, anti-Azərbaycan fəaliyyətini davam etdirir.  Petra Bayr Azərbaycanın bu qurumda təmsilçiliyində yaranmış pauzaya, təmsilçiliyimizin fəaliyyətinin dayandırılmasına görə məsuliyyət üzərinə düşən əsas şəxslərdən biridir. O, Azərbaycanı ittiham edir ki, guya biz Avropa Şurası Parlament Assambleyası qarşısında götürdüyümüz öhdəliklərə əməl etmirik, insan hüquq və azadlıqlarının qorunması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası sahəsində və digər məsələlərdə öhdəliklərimizi kənara atmışıq, onları icra etmirik. Əsassız ittihamlardır.  Petra Bayrın məsələlərə yanaşması tam təxribatçı bir yanaşmadır. Avropa Şurası Parlament Assambleyasında nə qədər ki belə şəxslər əyləşib, hadisə və proseslərə Avropanın strateji maraqları baxımından deyil, öz ciblərinin və mədələrinin gözü ilə qiymət verəcəklər, münasibətlərimizdə müsbət təndensiya müşayiət olunmayacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Azərbaycan demokratik inkişaf yolu seçmiş dövlətdir, ulu öndər Heydər Əliyev bu siyasətin əsasını qoyub və Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin siyasəti müvəffəqiyyətlə davam etdirir: “Hər kəsə bəlli həqiqətdir ki, demokratiya bir prosesdir və bu prosesdə son nöqtə yoxdur. Heç bir dövlət əlini sinəsinə döyüb deyə bilməz ki, o, demokratiyanın zirvə nöqtəsindədir. Belə bir nöqtə yoxdur, çünki o, bir prosesdir. Bir dövlət digərindən bu prosesdə öndə ola bilər, ancaq hesab edirəm ki, Azərbaycanı ittiham etmək tamamilə yanlışdır. Əslində, bu, Avropanın öz maraqlarının ziddinə olan bir məsələdir. Yeri gəlmişkən, Azərbaycan Avropa Şurasının baş katibi ilə də danışıqlara gedib və bizim siyasi dialoqumuz saxlanılıb. Bunu AŞPA-nın rəhbəri özü də etiraf edir ki, bir çox məsələlər konfediensial xarakter daşıyır və onun məlumatı yoxdur, ancaq o öz ittihamlarını davam etdirir. Çox qəribədir ki, həmin şəxs Ermənistanda seçki öncəsi və seçki prosesi gedişatında müxalifətə qarşı hansı zorakılıqların, həbslərin, yaxud din xadimlərinə qarşı həbslərin həyata keçirilməsi, yəni demokratiya, insan hüquq və azadlıqlarının tapdanması ilə bağlı bir kəlmə belə ifadə etmir. Petra Bayr ermənipərəst qüvvələrin əlində bir alətdir, ondan istifadə edirlər. Burada “əl əli yuyar, əl də üzü” prinsipi işləyir. Azərbaycan müstəqil dövlətdir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin fəlsəfəsi bundan ibarətdir ki, biz ilk növbədə xalqımızın milli maraqlarını müdafiə edir, müstəqil siyasət həyata keçiririk. Heç kim bizimlə diktə dili ilə danışa bilməz. Bu, AŞPA Prezidenti və onun kimilərin Azərbaycana qarşı bu qərəzli, təxribatçı, feyk məlumatlarla zəngin, dezinformasiya xarakterli mövqeyinin motivlərini gözəl bilirik. Çünki bu qüvvələrin yuxusuna o zaman haram qatıldı ki, Azərbaycanın yenilməz ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında xalqın böyük dəstəyi ilə ərazi bütövlüyünü, suverenliyini tam və qəti təmin etdi. Bunu onlar gözləmirdilər. Belə olan vəziyyətdə Azərbaycana qarşı çeşid-çeşid təzyiq metodlarını işə salırlar. Ancaq bunun heç bir faydası olmayacaq. Çünki Azərbaycan güclü dövlətdir və bizim işimiz haqq işidir”.

 

Aytəkin Qardaşova

Tarix: 3 İyul 2026, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin