BURADA REKLAMINIZ OLA
BİLƏR

Dayısının 1 milyonluq əmlakını saxta yolla satan şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə rəsmi sənədləri saxtalaşdırmaq, həmin saxta sənədlərdən istifadə etməklə xüsusilə külli miqdarda dələduzluq törətməkdə təqsirləndirilən Vüsal Əhmədovun barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayətləri qismən təmin edilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun Cinayət Məcəlləsinin (CM) 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma) maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətlərinə əsasən, qismən, yəni Vüsal Əhmədov CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə ləğv olunub və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.


İttihama görə, Vüsal Əhmədov etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə dayısına məxsus iki çıxarışlı qeyri-yaşayış obyektləri ilə bağlı qanunsuz əməl törədib.


Müəyyən edilib ki, o, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) həmin obyektləri icarəyə götürərək işlədəcəyini vəd edib etimadını qazanıb. Zərərçəkmiş şəxs həmin vaxt xarici ölkədə yaşadığından, əmlakın idarə olunması məqsədilə Moskva şəhərində notariat qaydasında təsdiqlənmiş etibarnamə verib. Lakin istintaqla müəyyən olunub ki, Vüsal Əhmədov ona yalnız əmlakı idarə etmək səlahiyyəti verən etibarnaməni istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdıraraq, özünü obyektləri satmaq hüququna malik şəxs kimi göstərib.


Bundan sonra o, bilə-bilə saxta sənəddən istifadə edərək notariat kontorunda dayısına məxsus ünvanda yerləşən, bazar dəyəri 957 000 manat olan, sahəsi 200,8 kvadratmetr təşkil edən qeyri-yaşayış obyektini alqı-satqı müqaviləsi əsasında tanışının adına rəsmiləşdirib və faktiki olaraq özgəninkiləşdirib.


Cinayət əməli bununla da yekunlaşmayıb. İş materiallarına görə, bir müddət sonra həmin obyekt yenidən başqa şəxsin adına rəsmiləşdirilərək girov qoyulub. Təqsirləndirilən şəxs aylıq 12 000 manat əlavə gəlir ödəyəcəyi barədə vəd verməklə girov müqabilində 338 000 manat pul vəsaiti əldə edib.


Beləliklə, onun qanunsuz hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 957 000 manat məbləğində, yəni xüsusilə külli miqdarda maddi ziyan vurulduğu müəyyən edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əhmədov CM-in 178.4-cü və 320.1-ci maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmünə əsasən, o, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 10 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin olunmayıb.


Həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun şübhəli şəxs qismində saxlanıldığı iki gün əsas cəza müddətindən çıxılıb və üzərində 10 il 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Məhkumun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza müddətinin müəyyən edilmiş tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınıb.


Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.


Bundan sonra həmin qərardan həm məhkumun müdafiəçisi, həm də zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilib. Kassasiya instansiyasında tərəflər apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş ediblər.
 

Kamal Məmmədov 

Tarix: 6 İyul 2026, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin