BURADA REKLAMINIZ OLA
BİLƏR

Ucuz günəş eynəkləri gözü qoruya bilir? – AÇIQLAMA

Mağazalarda hər qiymətə günəş eynəklərinə rast gəlinir. İnsanlar isə keyfiyyətdən çox büdcələrinə uyğun eynək seçimlərinə üstünlük verirlər.

 

Pravda.az-a açıqlama verən oftalmoloq Afaq Abbasova bildirib ki, eynəyin sadəcə tünd rəngli olması gözü qorumaq üçün yetərli deyil.

 

O qeyd edib ki, günəş eynəyindən gözü qorumaq məqsədilə istifadə edilməlidir: “Məqsəd göz və gözətrafı dərini qırışdan qorumaqdır. Bu səbəbdən eynək gözə tam oturmalıdır. İnsanlar gedib mağazalarda ucuz eynək görüb seçirlər. Çərçivəsi, rəngi xoşuna gəlir, qiyməti də 10 manatdır deyə alır. Amma bu, o demək deyil ki, onu taxacaqsınız və gözü qoruyacaq. Gözü qoruma xüsusiyyətlərinin başlıcası keyfiyyətli olmasıdır. Keyfiyyətli məhsul isə heç zaman ucuz olmur. Bu faktdır ki, keyfiyyət varsa, ucuzluqdan söhbət gedə bilməz. Alıcı eynəyin qoruma dərəcəsini tələb etməlidir. UV 400 və CE sertifikatlı olması vacibdir. Bu, o deməkdir ki, eynək 100 faiz qoruyur. Alıcı həmçinin eynəyin CE standartına uyğun olub-olmadığını öyrənməlidir. Günəş eynəyi seçərkən diqqət etməli olduğunuz məqamlar UV 400 qoruması şüşənin CE sertifikatlı istehsalçısına diqqət etməliyik. Bu, Avropa İttifaqı tərəfindən təyin olunan təhlükəsizlik və keyfiyyət standartlarına cavab verdiyini bildirir. Günəş eynəkləri şəxsi qoruyucu vasitə hesab edildiyindən bu işarə olmadan Avropa bazarında satıla bilməz”.

 

Oftalmoloqun sözlərinə görə, adını qoruyan brend heç vaxt bazara keyfiyyətsiz məhsul təqdim etmir: ““Prada”, “Ray-ban” kimi brendlərin məhsulları daha keyfiyyətli hesab edilir. Xüsusilə “Ray-Ban” firması sadəcə eynəklər buraxdığı üçün onlarda daha çox çeşid mövcud olur. Qarlı havada günəşin ən intensiv olduğu günorta saatlarında ən çox “polarize” eynəklər gözləri qoruyur. Örtük olmayan günəş eynəklərində yansıma olur. Bir də eynək üzə tam oturmalı göz yuvasını tam qapatmalıdır ki, yanlardan günəş gözə düşməsin”.

 

Şəhanə Qədirli

Tarix: 6 İyul 2026, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin