BURADA REKLAMINIZ OLA
BİLƏR

18 yaşına çatmayanların avtomobil idarə etmələri ilə bağlı açıqlama - Cəzalar SƏRTLƏŞDİRİLİR?

Son zamanlar xüsusilə tanınmış şəxslərin 18 yaşına çatmayan övladlarının avtomobil idarə etmələri, həmçinin qaçılmaz qəza hallarının qarşısının alınması ilə bağlı müzakirələr aparılır. Belə halda valideynlərin də məsuliyyətə cəlb edilmələri, həmçinin cəzaların sərtləşdirilməsi təklif edilir.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran hüquqşünas Fidan Paşayeva deyib ki, “Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsi nəqliyyat vasitələrini idarə  etmək hüququnun ümumi qanuni əsasını müəyyən edir.

 

Hüquqşünas bildirib ki, həmin maddəyə əsasən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir: “Qanunun 33-cü maddəsi ölkə ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ yaş həddinə görə müəyyən edilib. Məsələn, velosipedi, kiçik elektrik nəqliyyat vasitəsini və ya arabanı idarəetmə hüququ 14 yaşdan, asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 16 yaşdan, “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan başlayır. Velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba və asma mühərrikli velosiped istisna olmaqla, Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti haqqında” qanununun 34-cü maddəsinə əsasən, sürücülük vəsiqələri nəqliyyat vasitələrinin tipindən asılı olaraq verilir. Birincisi, motosikletləri, mopedləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün, ikincisi isə traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. 9 dekabr 2025 -ci il tarixli “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanununa əsasən, 26 mart 2026-cı il tarixindən etibarən mopedlərin idarə olunması üçün də sürücülük vəsiqəsi tələb olunur. Qanunvericiliyə əsasən, bütün növ motosikletləri idarə etmək üçün “A” kateqoriyalı, mopedləri, habelə elektrik mühərriki olan və ya mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri, trisiklləri və yüngül kvadrisiklləri idarə etmək üçün isə “A1” sürücülük vəsiqəsi isə tələb olunur”

 

 

F.Paşayeva deyib ki, yol nəqliyyat hadisələri zamanı  yetkinlik yaşına çatmayanlar tərəfindən vurulmuş ziyana görə məsuliyyət məsələsi Azərbaycan Respublikasının mülki qanunverivciliyi ilə tənzimlənir: “Belə ki, Mülki Məcəllənin 1103-cü maddəsinə əsasən, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın, yəni azyaşlının törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri, yaxud övladlığa götürənləri və ya qəyyumu zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olubsa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur. Azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin, yaxud müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurubsa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən, valideynlərin, yaxud övladlığa götürənlərin, qəyyumların, sosial xidmət müəssisələri və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir. Mülki Məcəllənin 1104-cü maddəsi isə 14 dörd yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət məsələsinin hansı formada tənzimləndiyini müəyyən etmişdir. Belə ki, Mülki Məcəlləsinin 1104-cü maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını, yaxud çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Əgər on dörd yaşından on səkkiz yaşınadək olan və himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına çatmayan müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun himayəçisi olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan hissəsini ödəməyə borcludur. Valideynlərin, yaxud övladlığa götürənlərin, himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri, yaxud başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. Məsuliyyət hissəsinə münasibətdə bu da qeyd edilməlidir ki, İnzibati Xəatalar Məcəlləsinin 332.2-ci maddəasi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat məbləğində cərimə nəzərdə tutulur. Lakin nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı şəxlərin sağlamlığına müxtəlif dərəcəli xəsarətlərin yetirilməsindən asılı olaraq bu, daha ağır inzibati məsuliyyət və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Cəzaların sərtləşdirilməsi məsələsinə gəldikdə isə, hesab edirəm ki, bu istiqamətdə əsas məqsəd yalnız sanksiyaların ağırlaşdırılması deyil, onların effektiv tətbiqinin təmin edilməsi olmalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsini idarə etmək üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmayan, qanunla tələb olunan hallarda müvafiq sürücülük vəsiqəsinə malik olmayan şəxslərin qanunsuz şəkildə nəqliyyat vasitələrini idarə etmələrinə şərait yaradan və ya buna göz yuman şəxslərin məsuliyyətinin təkmilləşdirilməsi, habelə preventiv tədbirlərin və maarifləndirmə işinin gücləndirilməsi bu kimi halların qarşısının alınmasında daha səmərəli nəticə verə bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 6 İyul 2026, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin