BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərhum anasının əşyalarını evdən kənara atdığına görə gəlinlərini bıçaqlayan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fidail Umudovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 06 iyun 2025-ci il tarixdə, saat 15 radələrində Gədəbəy rayonunun Gərgər kəndində yerləşən fərdi yaşayış evinin həyətində qeydə alınıb.


Belə ki, Fidail Umudov qardaşının həyat yoldaşı, zərərçəkmiş Zəminə Umudova (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirib.


Məlumata görə, zərərçəkmiş şəxs evdə olan köhnə əşyaları, o cümlədən Fidailin mərhum anasına məxsus əşyaları evdən kənara atıb. Bu zaman təqsirləndirilən şəxs qadına etiraz edib və tərəflər arasında sözlü mübahisə yaranıb. Mübahisə zamanı Zəminənin Fidaili nalayiq ifadələrlə təhqir etməsi vəziyyəti daha da gərginləşdirib.
 

İttihama əsasən, təqsirləndirilən şəxs əsəbiləşərək həmin vaxt əlində olan bıçaqla qadının üz nahiyəsinə zərbə endirib. Nəticədə Zəminə Umudovaya sifətin sol yarısının kəskin asimmetriyası, mimiki pozğunluq və kobud çapıqla müşayiət olunan, üz sinirinin zədələnməsi ilə nəticələnən xəsarətlər yetirilib. Bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla yanaşı, zərərçəkmiş şəxsin sifətinin silinməz dərəcədə eybəcərləşməsi ilə nəticələnib.


Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxsin əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.


Məhkəmə istintaqı zamanı Fidail Umudov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində deyib ki, hadisə günü ata evinə gedərək həyət işləri ilə məşğul olub. Bu zaman qardaşının arvadı Zəminə Umudovanın evin ikinci mərtəbəsindən əşyaları aşağı atdığını görüb və bunun səbəbini soruşub. Daha sonra həmin əşyaları qardaşı ilə birlikdə yığaraq zirzəmiyə yerləşdiriblər.


Təqsirləndirilən şəxs qeyd edib ki, o, həyətdə bostan işləri ilə məşğul olarkən əlində bıçaqla ağac yonurmuş. Bu zaman zərərçəkmiş şəxsin mərhum anasına məxsus əşyaları atdığını görərək ona irad bildirib. Onun sözlərinə görə, Zəminə Umudovanın kobud və təhqiramiz cavab verməsi onu özündən çıxarıb.
 

Fidail Umudov bildirib ki, həmin an əlində bıçaq olduğunu unudaraq zərərçəkmiş şəxsə yumruq atmaq istəyib, lakin qadın başını çəkdiyi üçün bıçağın ucu üz nahiyəsinə dəyib. Hadisədən dərhal sonra bıçağı yerə atdığını qeyd edən təqsirləndirilən şəxs əlavə edib ki, Zəminə qaçaraq qonşuları köməyə çağırıb.


Təqsirləndirilən şəxs hadisədən sonra hüquq-mühafizə orqanlarına özü məlumat verdiyini və polis əməkdaşlarının hadisə yerinə gəldiyini söyləyib.


O, ifadəsində həmçinin qeyd edib ki, Zəminə Umudova ilə əvvəllər aralarında ciddi mübahisə olmayıb, hadisə emosional vəziyyətin təsiri altında baş verib. Fidail Umudov törətdiyi əməldən peşman olduğunu bildirib.
 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 8 İyul 2026, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin