BURADA REKLAMINIZ OLA
BİLƏR

Yetkinlik yaşına çatmayan şəxslə qız qaçıran kişiyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda, zorlamada, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmədə təqsirləndirilən Rəsul Bəşirov və onunla birgə adam oğurluğunda ittiham edilən Samir Tağıyevlə Əkbər Babayevin (hər üçünün adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Rəsul Bəşirov 5 il və digərləri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Əkbər Babayevə tәyin edilmiş 3 il 6 ay həbs cәzası şәrti hesab edilmәklә ona 1 il sınaq müddәti müәyyәn olunub. Əkbər Babayev barәsindә seçilmiş ev dustaqlığı qәtimkan tәdbiri başqa yerә getmәmәk barәdә iltizam qәtimkan tәdbiri ilә әvәz edilib.


İttihama görə, Rəsul Bəşirov yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurlamaqda, həmçinin zərərçəkmiş qadına – S.S.-ə (adı, soyadı şərtidir) qarşı zor tətbiq edərək onun iradəsi əleyhinə cinsi əlaqədə olmaqda, yəni zorlamada təqsirli bilinib.


Hadisə 2023-cü ildə Ağstafa rayonunda baş verib.


Belə ki, Rəsul Bəşirov zərərçəkmiş qızla evlənmək məqsədi ilə onu qaçırmağı planlaşdırıb. Bu məqsədlə o, kənd sakini olan və həmin vaxt yetkinlik yaşına çatmamış digər təqsirləndirilən Əkbər Babayevə qızın yaxınlarının evliliyə razılıq verdiyinə və sonradan heç bir şikayət edilməyəcəyinə inandıraraq cinayət planına cəlb edib. Daha sonra onlar Samir Tağıyevlə birlikdə qabaqcadan əlbir olaraq hadisəni həyata keçirmək barədə razılığa gəliblər.


Hadisə günü həmin şəxslər məlumatı olmayan avtomobil sahibinə məxsus "VAZ-21099" markalı avtomobillə Ağstafa rayonunun kəndlərinin birinə gediblər. Avtomobili idarə edən şəxs evin qarşısında gözləyib, digər iki nəfər isə həyətə yaxınlaşıb. Yetkinlik yaşına çatmayan Əkbər S.S.-in atasını çağırmaq bəhanəsi ilə həyətin qarşısında dayanıb. Səsə çıxan gənc qıza atasına pul veriləcəyini deyərək onu yaxınlaşmağa məcbur edib. Bu zaman əsas təqsirləndirilən şəxs qızın qolundan tutaraq özünə tərəf çəkib. S.S. müqavimət göstərərək qışqırsa da, onun səsinə məhəl qoyulmayıb.


Qızın qaçmasının qarşısını almaq üçün bir nəfər onun ayaqlarından, digər təqsirləndirilən şəxs isə belindən və qolundan tutub. Eyni zamanda qışqırıq səslərinin eşidilməməsi üçün ağzı əllə bağlanıb. Daha sonra zərərçəkmiş zorla avtomobilin arxa oturacağına mindirilib.


Ekspertiza rəylərinə əsasən, hadisə zamanı zərərçəkmişin sağ bazusunda, saidində, hər iki budunda və diz nahiyələrində qançırlar, sağ əlin barmaqlarında, dizlərində və baldırında sıyrıqlar aşkar olunub. Bu xəsarətlər sağlamlığa zərər vurmadığı üçün onların dərəcəsi müəyyən edilməyib.


Avtomobil daha sonra Ağstafa rayonunun digər kəndində yerləşən evlərdən birinə aparılıb. Burada S.S. Rəsulun iradəsi əleyhinə saxlanılıb.


Cinayət işində qeyd olunub ki, ertəsi gün əsas Rəsul evə gələrək zərərçəkmişlə cinsi əlaqədə olmaq istədiyini bildirib. Qadın buna etiraz etdikdə, o, zor tətbiq edərək müqaviməti qırıb və S.S-i zorlayıb.


Məhkəmə araşdırması zamanı toplanmış sübutlar, zərərçəkmişin ifadələri, ekspertiza rəyləri və digər materiallar qiymətləndirilərək təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verilib.


Kamal Məmmədov 

Tarix: 9 İyul 2026, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin