BURADA REKLAMINIZ OLA
BİLƏR

Siqaretə görə öldürülən şəxsin övladı məhkəmədə məhkumu bağışladı

Tovuz rayonunda spirtli içki məclisindən sonra baş verən mübahisə faciə ilə nəticələnib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin araşdırması zamanı məlum olub ki, Tovuzun Əyyublu kəndi sakini, 1975-ci il təvəllüdlü, təqsirləndirilən Yaşar Qasımov siqaret qutusunun götürüldüyünü iddia edərək həmkəndlisi, 1961-ci il təvəllüdlü Elxan Məmmədovu döyüb öldürüb, daha sonra isə cinayətin izlərini gizlətmək məqsədilə meyiti çaya atıb.


Cinayət işi üzrə təqsirləndirilən Yaşar Qasımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.


İttihama görə, hadisə 2025-ci ilin oktyabr ayında gecə saat 23 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
 

Təqsirləndirilən şəxs həmin axşam Elxan Məmmədovla birlikdə spirtli içki qəbul edib. Bir müddət sonra Yaşar Qasımov masanın üzərinə qoyduğu iki qutu siqaretin yox çıxdığını görüb. O, siqaretlərin Elxan Məmmədov tərəfindən gizlicə götürülərək cibinə qoyulduğunu düşündüyündən tərəflər arasında mübahisə yaranıb.
 

Həmin mübahisə zamanı təqsirləndirilən şəxs qisas almaq məqsədilə Elxan Məmmədovu öldürmək qərarına gəlib.

Cinayət işinin materiallarında göstərilir ki, Yaşar əvvəlcə zərərçəkmişin sifət nahiyəsinə ardıcıl yumruq zərbələri endirib. Bundan sonra Elxan Məmmədovu arxası üstə yerə yıxaraq başından tutub və dəfələrlə evin beton döşəməsinə çırpıb.


Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmişin baş beyninin qişaları altına, beyin toxumasına və beyin mədəciklərinə geniş qansızmalar baş verib. Başın alın, təpə, sağ gicgah və ənsə nahiyələrində yaranmış ağır travmalar həyat üçün təhlükəli hesab olunub və ölümün əsas səbəbi kimi qiymətləndirilib.


Ekspertiza zamanı, həmçinin alt dodaq nahiyəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan əzilmiş yara və qançırlar, alın, yanaq, göz qapaqları, gözaltı nahiyə və qulaq seyvanında isə çoxsaylı qançır və şişkinliklər də aşkar edilib.


Elxan Məmmədov öldükdən sonra təqsirləndirilən şəxs törətdiyi cinayətin üstünü ört-basdır etmək qərarına gəlib. Bu məqsədlə o, meyiti sürüyərək yaşadığı evin yaxınlığından keçən Zəyəm çayının Əyyublu kəndi ərazisindən keçən hissəsinə aparıb və suya atıb.


İstintaq orqanının qənaətinə görə, bu hərəkət cinayətin izlərini gizlətmək məqsədi daşıyıb.


Məhkəmə iclasında ifadə verən Yaşar Qasımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.


O deyib ki, Elxan Məmmədovu uzun illərdir həmkəndlisi kimi tanıyıb və aralarında düşmənçilik olmayıb.


İfadəsinə görə, hadisə günü Elxan onun evinə gələrək araq istəyib. O isə birlikdə yemək yeməyi təklif edib. Daha sonra onlar süfrə arxasında yemək yeyərək spirtli içki qəbul ediblər. Bir müddət sonra siqaret çəkmək üçün evə daxil olub, lakin masanın üzərində qoyduğu siqaretləri tapa bilməyib. Yenidən həyətə çıxaraq Elxandan siqaret istəyib və məhz bundan sonra aralarında mübahisə yaranıb.


Dava zamanı hər ikisi yerə yıxılıb və əlbəyaxa olublar.


Yaşar deyib ki, zərərçəkmişə bir neçə dəfə əli ilə zərbə vurub və ona "Dur, evinə get" deyib.


İfadəsində o, daha sonra baş verən hadisələri tam xatırlamadığını, müəyyən məqamların yadından çıxdığını söyləyib.


Onun sözlərinə görə, bir müddət sonra Elxanı yenidən evdə görərək yenə evinə getməsini istəyib, lakin sonradan onun öldüyünü öyrənib.


Məhkəmədə çıxışı zamanı təqsirləndirilən şəxs baş verən hadisənin belə ağır nəticə ilə yekunlaşacağını gözləmədiyini bildirib.


Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi də ifadə verib.


O bildirib ki, hadisədən təxminən 15-20 gün əvvəl Rusiyadan Azərbaycana qayıdıb. Atası ilə uzun illər ayrı yaşadığını, hadisə barədə isə əmisi oğlunun telefon zəngi vasitəsilə məlumat aldığını deyib.


Dövlət ittihamçısının suallarını cavablandıran hüquqi varis təqsirləndirilən şəxsə qarşı şəxsi şikayətinin olmadığını bildirib.


Onun sözlərinə görə, tərəflər arasında barışıq əldə olunub, ailələr artıq düşmənçilik etmir və o, Yaşarı bağışlayıb.


Bununla belə, məhkəmə araşdırması cinayət işinin faktiki halları, toplanmış sübutlar və ekspertiza rəyləri əsasında davam etdirilib.


Məhkəmədə şahid qismində dindirilmiş şəxs isə ifadəsində söyləyib ki, təqsirləndirilən şəxs onun dayısıdır, mərhum isə onun qonşusudur: “Hadisə olandan sonra bizə məlum oldu ki, dayım cinayət törədib. Biz hamımız yas mərasimində iştirak etmişdik. Hadisədən 2-3 gün sonra polis əməkdaşları bildirdilər ki, hadisə Yaşar tərəfindən törədilib”.


Məhkəmənin hökmü ilə Yaşar Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 9 İyul 2026, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin