BURADA REKLAMINIZ OLA
BİLƏR

Peşə təhsilində ixtisasların sayı 800-dən 250-yə endirilir

İlin sonunadək yeni peşə təhsili ixtisas təsnifatının hökumət tərəfindən təsdiqlənməsi gözlənilir.

 

Bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, hazırda qüvvədə olan peşə təhsili təsnifatında 800-dən artıq ixtisas yer alsa da, əmək bazarında baş verən dəyişikliklər və həmin ixtisasların əhəmiyyətli hissəsi üzrə faktiki kadr hazırlığının aparılmaması yeni təsnifatın hazırlanmasını zəruri edib:

 

"2024-cü ilin dekabrında Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiqlənib. Bu ilin davamında isə peşə təhsili üzrə ixtisas təsnifatının da yenilənməsi nəzərdə tutulur".

 

Şöbə müdiri vurğulayıb ki, iki ildən artıqdır davam edən işlər nəticəsində ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə tamamilə yenilənmiş ixtisas təsnifatı hazırlanaraq müzakirəyə təqdim edilib:

 

"Yeni layihədə ümumilikdə 250-yə yaxın ixtisas yer alıb. Bu ixtisaslar müəyyənləşdirilərkən ölkə iqtisadiyyatının tələbatı, prioritet sahələr, eləcə də müasir əmək bazarının və texnoloji inkişafın yaratdığı yeni ehtiyaclar əsas götürülüb. Müzakirələrin yekunlaşmasından sonra yeni peşə təhsili ixtisas təsnifatının cari ilin sonunadək hökumət tərəfindən təsdiqlənməsi gözlənilir".

Tarix: 13 İyul 2026, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin