BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquqşünas: “Sosial şəbəkədəki iş elanları verənlərin çoxu dələduzlardır”

“Sosial şəbəkələrdə təcrübə tələb etməyən və s. kimi iş elanları verənlərin çoxu dələduzlar olur. Vətəndaşlar işə düzələn zaman şirkətlə əmək müqaviləsinin bağlanmasına diqqət etməlidirlər. İş üçün müraciət edilən şirkət ilk növbətə araşdırılmalıdır. Çünki bir çoxları dələduzluq əməlləri ilə məşğul olurlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Aysel Süleymanova deyib.

 

O qeyd edib ki, işə düzəltmə adı ilə dələduzluq faktı qeydə alınarsa, bu, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə faktiki olaraq cəzalandırılır: “Əgər bu gün hansısa vətəndaşları aldadırlarsa, bu yolla  onlara qanunsuz olaraq hansısa məhsul satırlarsa, bu, istehlakçıların aldadılması kimi hesab edilir və əgər bu yolla dərman satırlarsa, Cinayət Məcəlləsinin 200-1 “Dərman vasitələrinin qanunsuz dövriyyəsi”maddəsinə əsasən vətəndaşa dövlət qeydiyyatından keçməyən, keyfiyyətsiz, yararlılıq müddəti keçmiş və ya saxta dərman vasitələrinin satışı, idxalı, satış məqsədilə saxlanılma varsa 3000-5000 manatadək cərimə, 2 ilədək azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası verilə bilər. Ağırlaşdırıcı hallar müşahidə edilərsə, maddə daha da arta bilər. İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsinə əsasən,  əməl cinayət həddinə çatmırsa, məsələn, dövriyyə az miqdarda olarsa və ya başqa ağır nəticələrə gəlib çıxmırsa, dərmanlar müsadirə olunur və həmin şəxslər yüksək miqdarda inzibati cəriməyə məruz qalırlar”.

 

Hüquqşünas vurğulayıb ki, faktiki olaraq Azərbaycanda lisenziyası olmayan, keyfiyyətsiz, mənşəyi bilinməyən dərmanların satışı qadağandır: “Əgər vətəndaş belə hallarla rastlaşarsa, dələduzluq faktı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, həmçinin dərmanlarla bağlıdırsa, əlavə olaraq Səhiyyə Nazirliyinə digər aidiyyatı qurumlara müraciət edə bilər. Əgər elanda konkret olaraq təcrübə tələb edilmirsə, müsahibədə işin nəyisə satıb, əvəzinə faiz əldə etmək təklif olunarsa, əsas məsələ müştərini cəlb etməkdirsə, satılan məhsulun mənşəyini, qeydiyyatını təsdiqləyən sənədlər yoxdursa, bu, artıq şübhəli haldır və dövlət hüquq mühafizə orqanlarına öncədən şikayət bildirilməlidir. Çünki sonrasında aldadılma faktları olur”.

 

Şəhanə Qədirli

Tarix: 17 İyul 2026, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin