BURADA REKLAMINIZ OLA
BİLƏR

İllərlə Qarabağ kartından istifadə edilməsi Azərbaycanın qarşısında yaradılan süni maneə deyildi - RƏY

Şuşada keçirilən IV Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə ölkənin informasiya siyasətinə deyil, həm də regionda və dünyada baş verən geosiyasi proseslərə dair mühüm mesajlar kimi diqqət çəkdi. Forum çərçivəsində dövlət başçısı beynəlxalq münasibətlər, regional təhlükəsizlik, postmünaqişə dövründə sülh quruculuğu, media azadlığı, dezinformasiyaya qarşı mübarizə və Azərbaycanın strateji inkişaf hədəfləri ilə bağlı mövqeyini geniş şəkildə təqdim etdi. Prezidentin çıxışı ölkənin milli maraqlarını, müstəqil xarici siyasət kursunu və qlobal çağırışlara yanaşmasını əks etdirən mühüm tezislərlə yadda qaldı. Bu baxımdan, IV Qlobal Media Forumunda verilən mesajlar həm Azərbaycanın gələcək inkişaf prioritetlərini, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi və diplomatik çağırışları özündə ehtiva edən əhəmiyyətli istiqamətlər kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova bildirib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər, əslində, Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini bir daha sistemli şəkildə ortaya qoyub.

Kəmalə Məmmədova: Tənqidi düşüncə və faktçekinq XXI əsrin baza  bacarıqlarıdır | 1news.az | Xəbərlər

K.Məmmədova deyib ki, dövlət başçısısının səslənən suallara cavabları rəsmi Bakının həm regional proseslərə, həm də qlobal geosiyasi dəyişikliklərə öz milli maraqları prizmasından yanaşdığını göstərdi: “Məsələn, Avropa Şurası ilə münasibətlərə toxunarkən Prezident Azərbaycanın heç bir beynəlxalq təşkilatla münasibətləri birtərəfli asılılıq üzərində qurmaq niyyətində olmadığını vurğuladı. Onun fikirlərində əsas mesaj ondan ibarət idi ki, beynəlxalq qurumlarla əməkdaşlıq qarşılıqlı hörmət, suverenliyə ehtiram və ikili standartlardan imtina prinsiplərinə söykənməlidir. ABŞ ilə bağlı səsləndirilən fikirlər daha çox praqmatik əməkdaşlıq xəttini əks etdirirdi. Prezident İlham Əliyev Azərbaycan–ABŞ münasibətlərini hazırda strateji tərəfdaşlıq səviyyəsində və yüksək inkişaf mərhələsində qiymətləndirdi. O, əməkdaşlığın ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və müdafiə sahələrində genişləndiyini vurğuladı. Prezident, həmçinin 907-ci düzəlişi ədalətsiz və ayrı-seçkilik xarakterli adlandıraraq onun tam ləğvinin vacibliyini qeyd etdi. Fransa məsələsində isə İlham Əliyev insan hüquqları mövzusunda ikili standartlara diqqət çəkdi. Xüsusilə, Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən hadisələr fonunda insan hüquqları və öz müqəddəratını təyinetmə hüququ ilə bağlı fərqli yanaşmaların nümayiş etdirildiyi vurğulandı. Bununla Azərbaycan beynəlxalq münasibətlərdə vahid meyarların tətbiqinin vacibliyini ön plana çıxardı. Ümumilikdə Forumda verilən mesajlar göstərdi ki, Azərbaycan öz xarici siyasətini müstəqil qərarvermə, milli maraqların qorunması, regional sabitliyin təşviqi və beynəlxalq hüququn bərabər tətbiqi prinsipləri üzərində qurmağa davam edir. Prezidentin çıxışı həm də Azərbaycanın qlobal dialoqda daha fəal iştirak etmək, eyni zamanda beynəlxalq platformalarda ölkənin mövqeyini birbaşa və açıq şəkildə çatdırmaq niyyətinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər”.

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, beynəlxalq münasibətlərin xaotik durumunda ölkələr arasında qurucu əlaqələr yaratmaq, diplomatik münasibətlər qurmaq suverenliyin olduğu qədər, həm də beynəlxalq mövqenin təzahürü deməkdir:

Politoloq Şəbnəm Həsənova - FOTOBAZA Pravda.az

“Beynəlxalq birlik üçün diplomatiya bu gün heç zaman olmadığı qədər vacibdir. Çünki mövcud proseslər göstərir ki, hərbi güc diplomatiyaya qalib gələ bilmir. Sübut olunur ki, diplomatiya beynəlxalq münasibətlərin hərəkətverici qüvvəsidir və məqsədlərə çatmaq üçün olduqca təsirli bir vasitədir. Bu həm də ölkənin aparıcı beynəlxalq mövqe tutmasına imkan verən bir vasitədir. Bu prosesdə media və kommunikasiyanın rolu danılmazdır. Çünki media və kommunikasiya diplomatik ünsiyyətə nail olmaqda yumşaq güc kimi əhəmiyyətli rola malikdir. Bu, həm də ölkənin müsbət imicinin yaradılması baxımından təsirli bir vasitədir. Müasir dövrdə hətta bunu marketinq kimi də xarakterizə edirlər. Müasir dünyamızda kommunikasiya və informasiya inqilabından sonra rəqəmsal dövr kimi tanınan yeni bir dövrün yarandığının şahidiyik. Bu istiqamətdə qarşımızda yeni cığırlar açılır ki, bu da diplomatiyanın performans və təmsilçilik səviyyəsində tətbiqi və aktivləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Cənab Prezident İlham Əliyev ənənəvi diplomatiyadan başlayaraq, indi rəqəmsal diplomatiya kimi tanınan yeni bir məfhum və model üzərindən diplomatiyanı rəqəmsal inqilabla əlaqələndirir. Müasir dövr sübut edir ki, media və rəqəmsal platformalar vasitəsilə sənaye və marketinqin ikiliyi işığında gələcəkdə diplomatiyanın necə olacağı ilə bağlı artıq proqnozlaşdırma mərhələsinə çatmışıq. Bu mərhələdə dövlətlər son dərəcə düşünülmüş addımlar atmalı, beynəlxalq birliyin ləyaqətli üzvü olmalı, habelə müşahidəçi deyil, təşəbbüskar aktor qismində çıxış etməlidirlər.  IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edən cənab Prezident İlham Əliyev suallara verdiyi cavablarla, sərgilədiyi yanaşma ilə bir daha Azərbaycanın beynəlxalq mövqe tutduğunu sübuta yetirmiş oldu. Azərbaycanla təhdid, hədə və subordinasiyaya əsaslanan münasibətlərin mümkün olmadığını diqqətə çatdırdı. İstər ABŞ, Fransa, Rusiya, Yaxın Şərq, hətta Afrika regionu ilə qurulan əlaqələrin önündə bir amil dayanır ki, bu da bərabərhüquqlu münasibətlərdir. Bu baxımdan dövlət başçımız bildirdi ki, heç bir aktorun üstünlüyündən ya üstün olmamasından söhbət gedə bilməz. Subordinasiyanın aşağı pillələrinə isə heç toxunmuruq. İllər ərzində Qarabağ kartından istifadə edilməsi sadəcə Azərbaycanın qarşısında yaradılan süni maneə deyildi. Bu, həm də Ermənistana mənfi təsir edən bir məsələ idi. Azərbaycan Cənubi Qafqazda ən önəmli düyünü açmaqla, həm də regiona baxışı kökündən dəyişməyi bacardı. Elə Cənubi Qafqazın ən mürəkkəb məsələsinin Qarabağ olduğu da sadəcə bizim ritorikamızda deyil, Qərb siyasətçilərinin də ritorikasında uzaq olmayan keçmişdə öz əksini tapmış oldu. Bu baxımdan Azərbaycanın artıq “orta güc”ə çevrilməsi reallıqdır. İlkin inkar edilə bilməz reallıq budur. Avropa Şurası Azərbaycanla münasibətlər qurmaq istəyirsə, göstərdiyi səylər praktikada öz təzahürünü tapmalıdır. Eynilə Fransanın neokolonializm siyasətinin ifşa olunması heç bir halda təzyiq vasitəsi kimi başa düşülməməlidir. Bu, ən yumşaq formada güzgünün məhz Fransanın öz üzünə tutulması deməkdir. Çünki Azərbaycan müstəmləkəçiliyin nə olduğunu, hüquqların tapdalanmasının bir aktor üzərində necə tətbiq olunduğunun ən acı təcrübəsini yaşamış tərəfdir. Cənab Prezident İlham Əliyev dünya səviyyəli bir siyasətçi kimi Azərbaycandan həm ərazi, həm əhali, həm də indiyədək beynəlxalq münasibətlərin önəmli aktorları hesab etdiyimiz dövlətlərə necə yanaşma sərgilənməli olduğu istiqamətində tövsiyələr də verdi. Halbuki hər zaman olduğu kimi dövlət başçımız son dərəcə təvazökar yanaşmasından da geri durmadı. Cənab Prezident İlham Əliyevin olduqca mükəmməl diplomatiya yürütməsi danılmaz faktdır. Bunu sübut edən amil Cənubi Qafqaz kimi mürəkkəb bir regionda öz reallığımızı yaratmağı bacarmağımızdır. Bu istiqamətdə IV Şuşa Qlobal Media Forumundan verilən mesajlar Azərbaycanın niyyət və məramının bir daha nümayişi deməkdir. Bu gün Azərbaycan qazı Yaxın Şərqə çatırsa və Yaxın Şərqin digər aktorları bu resursumuzda maraqlıdırsa, biz sadəcə sərgilədiyimiz yanaşmanın bəhrəsini alırıq. Dövlət başçımız müxtəlif ölkələrlə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində yarana biləcək yeni istiqamətləri də olduqca aydın göstərdi. Bu baxımdan köhnə metodologiyalardan kənar davranılmalı, yeni və bərabərsəviyyəli münasibətlərin qurulduğuna artıq alışılmalıdır. Azərbaycan istənilən əməkdaşlıq platformasına da, konstruktiv dialoqa da açıq tərəfdir. Əgər hər hansı bir tərəflə münasibətlərin qırılması nöqtəsinə gəlinibsə, bunun səbəbkarı və təşəbbüskarı Azərbaycan deyil. Bu baxımdan Azərbaycanın da mövqeyinə hörmət sərgilənməli, milli maraqları və ən əsası ləyaqətli Zəfərinin müzakirə predmeti edilməsi cəhdi ilə vidalaşmalıdırlar".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 18 İyul 2026, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin