BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xəstənin bədəni ilə zarafat etmək və ya onu əyləncə mövzusuna çevirmək…”

Son günlər sosial şəbəkədə yayılan liposaksiya əməliyyatı adı altında edilən qeyri-etik, biabırçı görüntülər tənqid və geniş müzakirələr yaradıb. Fikir bildirənlər saxta həkim olduğu iddia edilən Gülbadə Abdullayevanın peşə etikasına zidd hərəkətlər etdiyini, normal psixologiyaya sahib olmadığını, özünü bu formada reklam etdiyini bildirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən psixoloq Firəngiz Ağayeva vurğulayıb ki, narkoz altında olan insan özünü qorumaq, vəziyyətə nəzarət etmək və baş verənlərə razılıq bildirmək imkanında olmur.

 

O qeyd edib ki, belə bir vəziyyətdə xəstənin bədəni ilə zarafat etmək və ya onu əyləncə mövzusuna çevirmək, məncə, ciddi etik pozuntudur: “Psixoloq olaraq bu məsələyə daha çox insan ləyaqəti və peşə etikası baxımından yanaşıram. Bu cür davranışlar cəmiyyətdə həkim-xəstə münasibətinə olan etimadı zəiflədə bilər. İnsan əməliyyata gedərkən ilk növbədə təhlükəsizlik, hörmət və peşəkarlıq gözləyir. Xəstə özünü tamamilə həkim komandasına etibar etdiyi bir anda alçaldılmış hiss edərsə, bu, sonradan psixoloji travma, güvənsizlik və tibbi müdaxilələrdən qorxu yarada bilər. Mən bu məsələyə reklam kimi yox, daha çox peşə məsuliyyəti və insan hüquqları prizmasından baxıram. Hər bir peşədə olduğu kimi, səhiyyədə də etik sərhədlərin qorunması həm xəstənin təhlükəsizliyi, həm də cəmiyyətin həmin peşəyə olan inamı üçün çox vacibdir”.

 

Psixoloqun sözlərinə görə, bir insanı yalnız tək videoya və ya bir davranışa əsasən psixoloji pozuntusu var deyə qiymətləndirmək düzgün olmaz: “Lakin narkoz altında olan xəstənin ləyaqətini və təhlükəsizliyini nəzərə almayan, onun bədəni ilə zarafat edən davranış peşə etikası baxımından ciddi suallar doğurur. Burada əsas məsələ diaqnoz qoymaq deyil, xəstəyə hörmətin və peşə məsuliyyətinin pozulmasıdır. Cəmiyyətin bu davranışa kəskin reaksiya verməsi də məhz etimad və təhlükəsizlik hissinin zədələnməsi ilə bağlıdır”.

 

Şəhanə Qədirli

Tarix: 22 İyul 2026, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin