BURADA REKLAMINIZ OLA
BİLƏR

Sınaq müddətində pulsuz işlənilməlidir? – AÇIQLAMA

Praktikada sınaq müddətinin ödənişsiz iş dövrü kimi qiymətləndirilməsi halları hələ də müşahidə olunur. Mütəxəssislər isə bildirirlər ki, bu yanaşma əmək qanunvericiliyinə ziddir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Aysel Mustafayeva qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində sınaq müddəti işçinin pulsuz işləməsi üçün deyil, onun peşəkarlıq səviyyəsinin və vəzifə üzrə əmək funksiyasını yerinə yetirmək bacarığının qiymətləndirilməsi məqsədilə nəzərdə tutulmuş hüquqi mexanizmdir.

 

O bildirib ki, Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, işəgötürən əmək müqaviləsində sınaq müddəti müəyyən edə bilər: “Bu müddət altı ayadək bağlanılmış əmək müqavilələrində ən çox iki həftə, digər hallarda isə ən çox üç ay ola bilər. Burada əsas məqam ondan ibarətdir ki, sınaq müddəti əmək münasibətlərinin başlanmasından sonra tətbiq edilir və mütləq əmək müqaviləsində göstərilməlidir. Əgər əmək müqaviləsində sınaq müddəti barədə qeyd yoxdursa, həmin müqavilə sınaq müəyyən edilmədən bağlanmış hesab edilir. Digər mühüm məsələ odur ki, qanun sınaq müddətini işçinin faktiki olaraq əmək funksiyasını yerinə yetirdiyi iş vaxtı kimi müəyyən edir. Yəni işçi bu müddətdə adi işçi kimi işləyir, ona tapşırılan vəzifələri icra edir və müəssisənin əmək prosesinin iştirakçısı olur. Bu isə o deməkdir ki, həmin dövr üçün əməkhaqqının ödənilməsi işəgötürənin qanuni öhdəliyidir”.

 

Hüquqşünas onu da əlavə edib ki, bəzən işəgötürənlər “bir neçə gün baxaq, özünü doğruldarsa, müqavilə bağlayacağıq” deyərək namizədi sənədsiz və ödənişsiz işə cəlb edirlər: “Belə hal qanunvericilikdə nəzərdə tutulmuş sınaq müddəti hesab edilə bilməz. Çünki sınaq müddəti yalnız bağlanmış əmək müqaviləsi çərçivəsində mümkündür. Əmək müqaviləsi olmadan şəxsin işlədilməsi əmək qanunvericiliyinin pozulması hesab olunur və işəgötürən üçün hüquqi məsuliyyət yarada bilər. Qeyd edilməlidir ki, sınaq müddətində olan işçi digər işçilərlə eyni əmək hüquqlarına malikdir. O, əməkhaqqı almaq, əməyin mühafizəsi qaydalarından istifadə etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər əmək təminatlarından faydalanmaq hüququna malikdir. Yeganə fərq ondan ibarətdir ki, bu müddət ərzində işəgötürən işçinin peşə hazırlığını və işə uyğunluğunu qiymətləndirir. Nəticə etibarilə, “sınaq müddəti” anlayışı heç bir halda “pulsuz işləmək” mənasını vermir. Əgər şəxs əmək funksiyasını yerinə yetirirsə və faktiki işləyirsə, onun əməyinin qarşılığı ödənilməlidir. Əks yanaşma həm işçinin əmək hüquqlarının pozulması, həm də əmək qanunvericiliyinin tələblərinə zidd hərəkət hesab olunur”.

 

Şəhanə Qədirli

Tarix: 22 İyul 2026, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin