BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını döyən ər: “Telefonundakı yazışmaları görəndən sonra özümü saxlaya bilmədim”

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İnqilab Kərəmovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 1000 manat miqdarında cərimə cəzası təyin edilib.


İttihama görə, hadisə 2026-cı ildə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən yaşayış evində baş verib.


Cinayət işi materiallarına əsasən, ər-arvad arasında qısqanclıq zəminində yaranan mübahisə zamanı İnqilab Kərəmov həyat yoldaşı, zərərçəkmiş Lalə Kərəmovaya (adı, soyadı şərtidir) əl və ayaq zərbələri endirib.


Qadının sifət və bədəninin müxtəlif nahiyələrinə vurulan zərbələr nəticəsində onun alın nahiyəsində hematoma, hər iki budun yumşaq toxumalarının əzilməsi, gözaltı nahiyələrdə və bazularda qançırlar, həmçinin sol əlin baş barmağında şişkinlik və hərəkət məhdudluğu yaranıb.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Laləyə yetirilən xəsarətlər sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.
 

Bu səbəbdən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunub.


Məhkəmədə ifadə verən İnqilab Kərəmov özünü təqsirli bildiyini deyib.


O söyləyib ki, 2018-ci ildə zərərçəkmişlə rəsmi nikaha daxil olub və onların iki azyaşlı qız övladı var.


Onun sözlərinə görə, ailədə əvvəllər də mübahisələr yaşanıb. Mübahisələrin əsas səbəbi isə həyat yoldaşının işləməsi olub.


Təqsirləndirilən şəxs deyib ki, Lalənin marketdə işləməsinə etiraz edib və onun evdə qalaraq uşaqlarla məşğul olmasını istəyib. Lakin qadın işləməyə davam edib. Laləyə tez-tez tanımadığı nömrələrdən zənglər gəlir, qadın isə bunların iş yoldaşları olduğunu deyirmiş.


İnqilab Kərəmovun sözlərinə görə, hadisə günü arvadı işə getməyə hazırlaşarkən yenidən ona telefon zəngi gəlib. Lalə zəng edən şəxsin iş yoldaşı olduğunu desə də, sonradan onun mobil telefonuna baxan ər başqa şəxslə intim məzmunlu yazışmalar gördüyünü iddia edib. Bu səbəbdən əsəbiləşdiyini bildirən təqsirləndirilən şəxs qadına yumruq zərbələri endirdiyini etiraf edib.


O ifadəsində bildirib ki, hansı nahiyələrə zərbə vurduğunu tam xatırlamasa da, həyat yoldaşını döydüyünü inkar etmir.
 

İnqilab Kərəmovun sözlərinə görə, hadisə təxminən bir-iki dəqiqə davam edib. Həmin vaxt evdə azyaşlı uşaqları olsa da, onlar yatdıqları üçün baş verənləri görməyiblər.


İfadəsində təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra Lalə evi tərk edib. Həmin gün axşam saatlarında isə polis əməkdaşları onunla əlaqə saxlayaraq həyat yoldaşının şikayət etdiyini bildiriblər.


Bundan sonra o, polis şöbəsinə gedərək hadisə ilə bağlı izahat verib.


Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Lalə Kərəmova təqsirləndirilən şəxslə barışmadığını bildirib. O, məhkəmədən həyat yoldaşı barəsində qanunvericiliyə uyğun tədbir görülməsini xahiş edib.

 

Kamal Məmmədov 

Tarix: 24 İyul 2026, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin