BURADA REKLAMINIZ OLA
BİLƏR

Kirayədə qaldığı şəxsi yuxuda bıçaqlayan qadınla bağlı QƏRAR

Ali Məhkəmədə sevgilisi öldürməyə cəhddə təqsirləndirilən Səbinə Vəliyevanın barəsində olan hökmdən verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, hadisə 2024-cü il iyulun 3-də Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.


İttihama götə, Səbinə Vəliyeva həmin evdə kirayə qaldığı tanışı ilə birgə yaşayırmış.


Belə ki, hadisədən bir neçə saat əvvəl, gecə saatlarında zərərçəkmiş Fərid Hüseynzadə sərxoş vəziyyətdə olarkən təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib. Səhər yuxudan oyanan qadın isə əynindəki döşlüyün (liftçiyin) olmadığını görərək, bunu Fəridin çıxardığını güman edib.


İstintaqın qənaətinə görə, Səbinə bu halları bəhanə edərək zərərçəkmişdən qisas almaq qərarına gəlib.

Cinayət işi materiallarında göstərilir ki, 2024-cü il iyulun 3-də saat 07 radələrində təqsirləndirilən şəxs evdə yuxuda olan və müqavimət göstərmək imkanından məhrum vəziyyətdə olan Fəridə yaxınlaşıb. O, otaqdakı şkafın üzərində saxladığı qatlanan bıçağı götürərək qəsdən öldürmək məqsədilə zərərçəkmişin döş qəfəsinin, ürəyin yerləşdiyi nahiyəyə ardıcıl iki bıçaq zərbəsi endirib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş döş boşluğuna nüfuz edən, iki tərəfli pnevmohemotoraksla müşayiət olunan, həyat üçün təhlükəli ağır bədən xəsarətləri alıb.


Aldığı zərbələrin təsirindən yuxudan ayılan Fərid aktiv müqavimət göstərərək Səbinəni özündən uzaqlaşdıra bilib. Lakin təqsirləndirilən şəxs bununla kifayətlənməyərək otaqdakı masanın üzərində olan digər mətbəx bıçağını götürərək hücumunu davam etdirmək istəyib.


Bu zaman Fərid yüksək səslə kömək istəyib. Qışqırıq səslərini eşidən qonşu İsmayıl Feyzullayev otağın qapısını döyərək müdaxilə edib. Fürsətdən istifadə edən zərərçəkmiş otaqdan çıxaraq qonşunun yaşadığı evə sığınıb.


İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs cinayət niyyətini yalnız qonşunun müdaxiləsi və Fəridə vaxtında göstərilən tibbi yardım nəticəsində başa çatdıra bilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə Vəliyeva Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29, 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub.


Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya hökmünü qismən dəyişdirib. Məhkəmə ittihamdan "cüzi səbəbi bəhanə etmə", "heç bir əsaslı səbəb olmadan" və "xuliqanlıq niyyəti ilə" ifadələrini çıxarıb. Bununla əlaqədar məhkumun Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə müddəalar da hökmdən xaric edilib.


Bununla belə, müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib və Səbinənin köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə cəhd etməsi ilə bağlı hüquqi qiymətləndirmə qüvvədə saxlanılıb.


Apellyasiya qərarı ilə razılaşmayan məhkumun müdafiəçisi Ali Məhkəməyə kassasiya şikayəti verib.


Şikayətdə bildirilib ki, müdafiə tərəfi apellyasiya məhkəməsinin xuliqanlıq motivinin olmadığını qəbul etməsini düzgün hesab etsə də, məhkumun əməlini Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsi ilə tövsif etməsi ilə razı deyil.


Kassasiya şikayətində qeyd olunub ki, ibtidai istintaq və məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə cəhd ittihamını tam təsdiqləmir. Bu səbəbdən müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, əməlin Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsindən 129.1-ci maddəsinə (ehtiyatsızlıqdan və ya daha yüngül nəticəli xəsarət tərkibinə uyğun hüquqi qiymətləndirmə tələbi) tövsif edilməsini və məhkuma azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edib.


Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

 

Kamal Məmmədov 

Tarix: 24 İyul 2026, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin