BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlıqla öldürdü, prokuror cəzanın azaldılmasına etiraz etdi – QƏRAR

Ali Məhkəmədə qaynını azyaşlı oğlunun gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Həsən Həsrətovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, hadisə 2023-cü ilin axşam saatlarında Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib.


İş materiallarına əsasən, təqsirləndirilən şəxs qayınatasına məxsus mənzildə qaynı, zərərçəkmiş Rasim Zamanovun oğlu ilə yaşadığı evdə ailədaxili münaqişə zəminində əvvəlcə yeniyetməylə mübahisə edib.


İttihama görə, yeniyetmənin onun atasının ünvanına təhqiramiz ifadələr işlətməsini bəhanə edən Həsən Həsrətov onu sillə ilə vurub.


Hadisədən sonra yeniyetmə atası, Rasim Zamanova zəng edərək baş verənləri danışıb. Ata övladına qarşı zorakılığın səbəbini öyrənmək məqsədilə gecə saatlarında onların yaşadığı binaya gəlib.


İstintaq materiallarında göstərilir ki, təqsirləndirilən şəxs zərərçəkmişlə söhbət etmək bəhanəsi ilə mənzildən çıxarkən əvvəlcədən bıçağı gödəkçəsinin cibinə qoyaraq özü ilə götürüb. Binanın həyətində yerləşən uşaq bağçasının qarşısında tərəflər üz-üzə gəliblər. Həsən əvvəlcə yeniyetməni atası Rasimin yanında yenidən sillə ilə vurub. Bundan sonra ata oğlunu müdafiə etmək üçün müdaxilə edib, təqsirləndirilən şəxsin yaxasından tutaraq onu yerə yıxıb və bir neçə təpik zərbəsi endirib.
 

Bundan hiddətlənən Həsən cibindən gətirdiyi bıçağı çıxararaq qisas almaq niyyəti ilə zərərçəkmişə çoxsaylı zərbələr endirib.


Cinayət işində qeyd olunur ki, o, Rasimi onun azyaşlı oğlunun gözü qarşısında, uşağa xüsusi psixoloji iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla öldürüb. Zərbələr əsasən döş qəfəsinə və bədənin müxtəlif nahiyələrinə endirilib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş döş qəfəsinə nüfuz edən, sağ ağciyəri zədələyən həyati təhlükəli bıçaq yarası, həmçinin bədəninin müxtəlif nahiyələrində çoxsaylı deşilmiş-kəsilmiş və digər xəsarətlər alıb.


Ağır yaralanan şəxs qonşuların köməyi ilə xəstəxanaya çatdırılsa da, sağ ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qanaxmadan həyatını itirib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub.


Hökmdən müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edərək Həsən Həsrətova təyin olunmuş cəzanı 18 ildən 16 ilədək azaldıb. Hökmün digər hissələri isə dəyişdirilmədən saxlanılıb.


Apellyasiya qərarı ilə razılaşmayan dövlət ittihamçısı kassasiya protesti təqdim edib.


Prokuror bildirib ki, apellyasiya instansiyası məhkəməsi təyin olunmuş cəzanı əsassız olaraq yüngülləşdirib və bu qərar cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə üsuluna və nəticələrinə uyğun deyil.


Protestdə vurğulanıb ki, Ali Məhkəmə Plenumunun mövcud izahlarına əsasən, zərərçəkmişin yaxın adamlarının gözü qarşısında onların xüsusi iztirab keçirdiyini dərk edərək adam öldürmək xüsusi amansızlıq əlaməti hesab olunur.


Dövlət ittihamçısı qeyd edib ki, hadisə zamanı zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu bütün prosesi görüb, atası gözləri qarşısında çoxsaylı bıçaq zərbələri ilə öldürülüb və bu hal uşaqda güclü psixoloji sarsıntı yaradıb. İş materiallarında da göstərildiyi kimi, Həsən uşağın hadisə yerində olduğunu bilib və buna baxmayaraq cinayət əməlini davam etdirib.


Protestdə həmçinin bildirilib ki, zərərçəkmişin hüquqi varisi və nümayəndəsi də apellyasiya şikayətinin təmin edilməsinə etiraz edib, tərəflər arasında heç bir barışıq əldə olunmayıb.


Dövlət ittihamçısı hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi 18 illik azadlıqdan məhrumetmə cəzasının iki il azaldılması törədilmiş ağır cinayətə uyğun olmayan, həddindən artıq yüngül və ədalətsiz cəzadır.


Bu əsaslarla kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi xahiş olunub.


Ali Məhkəmə kassasiya protestini təmin etməyib.

 

Kamal Məmmədov 

Tarix: 24 İyul 2026, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin