BURADA REKLAMINIZ OLA
BİLƏR

Politoloq: “İsrail-Türkiyə arasında qarşıdurma olarsa, rəsmi Bakı son dərəcə həssas diplomatik vəziyyətlə üzləşə bilər”

“İsrailin Diaspor məsələləri və Antisemitizmlə Mübarizə naziri Amixay Çiklinin Türkiyəni İsrail üçün İranla müqayisədə daha uzunmüddətli strateji problem kimi qiymətləndirməsi əslində İsrailin dövlət siyasətidir. İsrail regionda real gücə malik istənilən dövləti öz maraqları qarşısında təhlükə olaraq görür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov son zamanlar gərginləşən İsrail-Türkiyə münasibətindən danışarkən deyib.

 

O bildirib ki, buna baxmayaraq  siyasi bəyanatları real hərbi hazırlıqla eyniləşdirmək düzgün olmaz: “Hazırkı şəraitdə İsrail ilə Türkiyə arasında tammiqyaslı müharibə ehtimalı demək olar ki, yoxdur və bunun da bir neçə səbəbi var. Əvvəla, Türkiyə NATO üzvüdür və regionun ən güclü ordularından birinə malikdir. İsrailin belə bir ölkə ilə birbaşa müharibəyə başlaması həm hərbi, həm də diplomatik baxımdan son dərəcə yüksək risk daşıyır. Digər tərəfdən, Ankara da iqtisadi sabitlik, regional nüfuz və Qərblə münasibətlərini nəzərə alaraq genişmiqyaslı müharibəyə maraqlı görünmür. Hansısa insidentlər, məsələn hava məkanında gərginlik, Suriyada dolayısı ilə qarşıdurma və ya diplomatik münasibətlərin daha da pisləşməsi mümkündür. Amma bu vəziyyət hər nə qədər regional qeyri-sabitliyi artırsa da, tərəflərin birbaşa müharibəyə keçməsinə gətirib çıxarmayacaq”.

 

Politoloqun sözlərinə görə, həm Türkiyənin, həm də İsrailin Azərbaycanla münasibətlərini nəzərə alsaq bu iki dövlət arasında ehtimal oluna biləcək hər hansı bir qarşıdurma təbii olaraq Azərbaycana da təsir edəcək: “Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir, İsraillə isə müdafiə, texnologiya və enerji sahələrində mühüm əməkdaşlığa malikdir. Bu səbəbdən hər hanı qarşıdurma olarsa rəsmi Bakı son dərəcə həssas diplomatik vəziyyətlə üzləşə bilər. Belə halda Azərbaycan olaraq təbii ki, gərginliyin azaldılması üçün bütün imkanlardan maksimum istifadə edəcəyik. Qarşıdurmanın digər təsiri iqtisadi amillərlə bağlı ola bilər. Belə ki, müharibə Şərqi Aralıq dənizində və Yaxın Şərqdə enerji bazarlarını ciddi şəkildə sarsıda bilər. Neft və qaz qiymətlərinin yüksəlməsi qısamüddətli dövrdə Azərbaycanın enerji gəlirlərini artıra bilər. Lakin uzunmüddətli qeyri-sabitlik beynəlxalq investisiyalara, logistika marşrutlarına və regional ticarətə mənfi təsir göstərə bilər. Ən nəhayət təhlükəsizlik amilini də qeyd etmək lazımdır. Türkiyənin hərbi resurslarının başqa cəbhəyə yönəlməsi Cənubi Qafqazda qüvvələr balansına dolayı təsir göstərə bilər. Bununla yanaşı, regiondakı digər aktorlar, xüsusilə İran və Rusiya yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etməyə çalışa bilərlər. Bu isə Azərbaycanın xarici siyasətində daha çevik və ehtiyatlı diplomatiya tələb edər. Ümumilikdə isə İsrail rəsmisinin bu səpkili bəyanatına siyasi ritorikanın tərkib hissəsi kimi baxmaq daha düzgün olar. Hazırkı geosiyasi şəraitdə Türkiyə ilə İsrail arasında müharibə ehtimalı inandırıcı deyil”.

 

Şəhanə Qədirli

Tarix: 24 İyul 2026, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin