BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülük hüququ olmadan idarə etdiyi maşını 180 km/saat sürətlə aşırdı, iki nəfər öldü

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Günel Əsədovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 7 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Günel Əsədova dərhal məhkəmə iclas zalından həbsə alınıb.


İttihama görə, Günel Əsədova 2025-ci il 20 noyabr tarixində, saat 05:30 radələrində Gəncə–Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən 7-ci kilometrliyində, "555" mebel mağazasının yaxınlığında idarə etdiyi "Mercedes-Benz GL 550" markalı avtomobillə hərəkətdə olub.


Müəyyən edilib ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmadığı halda sükan arxasına əyləşib. Bundan əlavə, yaşayış məntəqəsinə aid olmayan həmin yol sahəsində avtomobili saatda 180 kilometrdən artıq sürətlə idarə edib.


İstintaq materiallarına əsasən, sürücü "Yol hərəkəti haqqında" Qanunun bir sıra tələblərini kobud şəkildə pozaraq hərəkətin təhlükəsizliyini təmin etməyib, yüksək sürət səbəbindən avtomobil üzərində nəzarəti itirib. Nəticədə maşın yolun sağ tərəfində yerləşən çökəkliyə aşıb.


Qəza zamanı avtomobildə sərnişin qismində olan 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.


Avtomobildə olan digər sərnişin isə döş qəfəsinin qapalı travması, çoxsaylı qabırğa sınıqları, pnevmotoraks və müxtəlif bədən xəsarətləri alaraq sağlamlığına az ağır zərər yetirilməsi ilə nəticələnən xəsarətlər alıb.


Cinayət işi materiallarında göstərilib ki, qəzaya düşən avtomobil təqsirləndirilən şəxsə məxsus olmayıb. Nəqliyyat vasitəsi Abdi Əhliman Ramiz oğluna məxsus olub və 16 000 manat məbləğində maddi ziyan dəyib.


İstintaq orqanının qənaətinə görə, yol-nəqliyyat hadisəsi Günel Əsədovanın nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sükan arxasına keçməsi, normadan xeyli artıq sürətlə hərəkət etməsi və yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verib.


Qeyd: Hadisədən əvvəl həmin şəxslər Gəncədə fəaliyyət göstərən “Karizma” restoranında yeyib-içiblər. Evə geri dönən zaman sərxoş vəziyyətdə olan Əhliman maşını idarə etmək üçün tanışı Günelə veribmiş.

 

Kamal Məmmədov 

Tarix: 28 İyul 2026, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin