BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini vəzifəsinə təyin olunması vədi ilə dələduzluq edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Habil Məmmədov və Sənan Kərimzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Sənan Kərimzadəyə şərti cəza verilib və Habil Məmmədov isə 6 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, Habil Məmmədov tanışı, Sənan Kərimzadə ilə əvvəlcədən əlbir olaraq zərərçəkmiş Malik Əjdərovun (hər ikisinin adı, soyadı şərtidir) etibarından sui-istifadə edib və onu aldatmaq yolu ilə ümumilikdə 64 075 manat məbləğində pul vəsaitini ələ keçirib.


Cinayət işinin materiallarında göstərilir ki, Habil Məmmədov tanışı ilə birlikdə zərərçəkmiş şəxsin oğlu barədə yalan vədlər verərək onun guya Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini vəzifəsinə təyin olunmasına köməklik göstərə biləcəklərini bildirib. Onun belə bir səlahiyyəti olmayıb və əvvəlcədən götürdükləri öhdəliyi yerinə yetirmək niyyətində olmayıblar. Onların məqsədi yalnız Malik Əjdərovun etibarını qazanaraq pul vəsaitini ələ keçirmək olub.


Materiallara əsasən, ilk pul vəsaiti 2023-cü ilin aprel ayında Bakı şəhərinin Nərimanov rayonu ərazisində, Montin bağında Habilə təqdim edilib. Həmin vaxt zərərçəkmiş şəxs 10 000 manat verib.


Bundan sonra 2023-cü ilin may ayının əvvəlində Xətai rayonu ərazisində yerləşən "Qəsr" restoranında iki ayrı görüş zamanı zərərçəkmiş şəxs hər dəfə 10 min ABŞ dolları olmaqla ümumilikdə 20 000 ABŞ dolları təqdim edib. Həmin dövrün məzənnəsinə əsasən bu məbləğ 34 000 manat təşkil edib.


Bununla kifayətlənməyən təqsirləndirilən şəxslər sonrakı günlərdə də müxtəlif bəhanələrlə Malik Əjdərovdan əlavə vəsaitlər alıblar.


Belə ki, may ayının sonunda Bakı Kinoteatrının qarşısında keçirilən görüşlər zamanı zərərçəkmiş şəxs əvvəlcə 5 500 manat, daha sonra 2 000 və 3 500 manat təqdim edib. Bir neçə gün sonra isə onların ümumi tanışı vasitəsilə əlavə 6 000 manat göndərilib.


Cinayət işinin materiallarında qeyd olunur ki, sonrakı aylarda müxtəlif məbləğlərdə ödənişlər bank kartlarına köçürmə yolu ilə davam etdirilib.


İstintaq orqanının hesablamalarına görə, müxtəlif vaxtlarda nağd və bank köçürmələri yolu ilə verilən bütün vəsaitlərin ümumi məbləği 64 075 manat təşkil edib.


İttihamda göstərilir ki, təqsirləndirilən şəxslər bu vəsaiti vahid cinayət niyyəti əsasında əldə edərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurublar.


Kamal Məmmədov 

Tarix: 28 İyul 2026, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin